AZ

"Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır"- Prezident

Məlum olduğu kimi, Azərbaycanın dövlət başçısı İlham Əliyevin bu il sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.

Prezident İlham Əliyev uzun illər ərzində Azərbaycan və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiyini qeyd edib, iki dövlət arasında müvafiq bəyannamənin təqribən 10 il əvvəl qəbul edidiyini bildirib. “Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.

Gerçəkdən də İtaliya və Azərbaycanın münasibətləri Azərbaycanla bəzi Avropa dövlətlərinin münasibətlərindən fərqlənir. İtalita Azərbaycandan çox şey uman, ona qarşı saysız iradlarla çıxış edən, haqqını danan ölkələrdən deyil və qarşılıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlığa, ticarətə üstünlük verir,

Elə ona görədir ki, Prezidentin də dediyi kimi, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ölkəmiz İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Ötən il İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın olub və bu, özlüyündə olduqca ciddi rəqəmdir.

Həm də bu son hədd deyil. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu kəmər Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Azərbaycanın dövlət başçısı sözügedən çıxışı zamanı qeyd edib ki, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var.

Avropa dövlətlərinin Rusiya-Ukrayna müharibəsi səbəbindən Moskvadan neft və qaz məhsulları ala bilməməsi, daha dəqiqi, ona tətbiq etdiyi sanksiyalara müvafiq resursları almaq istəməməsi üzündən Azərbaycan Avropa üçün xilasedici kəmər rolunu oynayır. Eyni zamanda enerji tərəfdaşlığı amili Fransa və digər dövlətlərin ermənifil siyasəti üzündən Azərbaycanı şərləyib təkləmək istəmələri də baş tutmur. Yəni Azərbaycanın təbii resurslar bu ölkəyə həm iqtisadi, həm də siyasi dividentlər gətirir.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, İtaliya ilə Azərbaycanın ikitərəfli əlaqələri enerji və ticarətlə məhdudlaşmır. “Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapiensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək”, - Prezident deyib.

Onun sözlərinə görə, bu ölkələr arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub: “Bizim münasibətlərimiz bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir”.

Çıxışı zamanı iki aydan sonra Azərbaycanda keçiriləcək ən böyük iqlim konfransı barədə danışan dövlət başçısı bildirib ki, bununla bağlı qərar ötən ilin dekabrında verilib və bu qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanıb, bu isə Azərbaycana olan etibarın təzahürüdür;

Ümumilikdə götürsək, Azərbaycanın qlobal arenada yeritdiyi siyasət dünya birliyi tərəfindən müsbət qarşılanır. Azərbaycan müxtəlif aktorlar arasında körpülər qurmağa çalışır, hər zaman əməkdaşlıq və tərəfdaşlıqdan yana çıxış edir. Ölkəmizin 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyi müsbət nəticələr verib. Prezident İ.Əliyevin sözlərinə görə, bu, onu göstərir ki, Azərbaycan yaxşı nəticələr hasil edə biləcək ölkədir. “Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq əlaqəsi mövcuddur. Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır”, - Prezident bildirib.

Dövlət başçısı Rusiya-Ukrayna münaqişəsinə toxunaraq bildirib ki, hər iki ölkə ilə yanaşı Azərbaycan da biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olub. “Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik.

Artlq neçənci dəfədir ki, Prezident bu ifadəni çəkinmədən işlədir. Bu, bir çox dövlətlərin tərəf tutduğu bir vaxtda olduqca cəsarətli çıxışdır. Azərbaycan Rusiya ilə nə qədər yaxın münasibətlərə, ticarət dövriyyəsinə, strateji əməkdaşlığa malik olsa da, Prezident İlham Əliyev Ukraynanın ərazi bütpvlüyü və suverenliyi məsələsində prinsipial mövqeyində durur.

Bununla belə, belə dövlət başçısı bəyan edib ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmayıb və belə bir niyyəti yoxdur.

Bu da Rusiyanı təkləmək istəyən kollektiv Qərbin önündə cəsarətli sayıla biləcək çıxışdır. Prezident bu çıxışla ölkəmizin praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya biləcəyini diqqətə çatdırıb və Azərbaycanın heç bir qüdrətli dövlətin sifariş etdiyi melodiyaya oynamaq istəmədəyini bildirib.

Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olduğunu qeyd edən Prezident bildirib ki, ötən illərdə AŞ-la ölkəmizin əməkdaşlığının fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Dövlət başçısı deyib ki, biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik, ancaq suverenliyimiz tam şəkildə bərpa olunandan bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum edib. “Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq”, - dövlət başçısı bildirib.

Çıxışının sonunda Prezident İlham Əliyev deyub ki, vəziyyəti yaxşılaşdırmaq üçün imkan var, bundan ötrü Azərbaycanın nümayəndə heyətinin Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti bərpa edilməlidir.

Musavat.com

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
musavat.com

2Mənbələr