AZ

Mişar daşını bahalaşdıran səbəblər

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bəzi tikinti materiallarının qiyməti bahalaşıb. Bahalaşanların əksəriyyəti inşaatda ilkin istifadə edilən materiallar təşkil edir. Məsələn, son bir ayda mişar daşının satış qiyməti 45 qəpikdən 60 qəpiyə qədər bahalaşıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov da jurnalistlərə açıqlamasında mişar daşının pərakəndə satış qiymətinin artdığını təsdiqləyib. Onun sözlərinə görə, mişard daşının qiymətinin artmasına bir yox, bir neçə amil təsir edir: “Mişar daşının bahalaşması barədə yayılmış xəbər doğrudur, ancaq burada müəyyən təfsilata ehtiyac var. Çünki mişar daşının qiymətinin artmasına bir yox, bir neçə amil təsir edir. Əvvəla, hər yay mövsümündə tikinti materialları bazarında bu və yaxud buna bənzər hallar gündəmə gəlir. Bundan başqa, yük avtomobillərinin tutumuna texniki nəzarətin gücləndirilməsi, yanacaq qiymətləri, sərbəst ticarət amili mişar daşı qiymətlərinə təsir edə bilər”.

Bəs, görəsən, mişar daşının bahalaşması evlərin qiymətinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, bahalaşmanın bir neçə səbəbi var: “Birincisi, yanacağın qiymətinin bahalaşması digər sektorlara da öz təsirini göstərir. Dizelin 25 faiz bahalaşması daşınma xərclərini artırıb. Bundan başqa, əvvəl avtomobillərlə normadan artıq yük daşımaq mümkün idi. İndi isə yollarda buna nəzarət edən ağıllı radarlar qurşadırılıb və bununla bağlı konkret tənzimləmə mövcuddur. Məsələn, əvvəl bir maşında bir dəfəyə 45-50 ton yük daşınırdısa, indi bu göstərici 25-30 tona bərabərdir. Göründüyü kimi, daşıma qabiliyyəti iki dəfə aşağı düşüb. Bu da o deməkdir ki, yükdaşımanın qiyməti iki dəfə artıb. Materialların xüsusiyyətindən asılı olaraq onların daşıma xərclərində də qiymət artımı 25-30 faiz təşkil edir. Qarabağda da quruculuq işləri aparılır, bu da daha çox məhsulun sərfi deməkdir. Bundan başqa, ölkəmizdə COP29 keçiriləcək və bu da tikinti bazarına təsirsiz ötüşməyib”.

İqtisadçı daş kariyerləri ilə bağlı ekoloji standartlara ciddi nəzarət olunmasının da qiymətə təsirsiz ötüşmədiyini vurğulayıb: "Ekoloji standartlar yüksəlir. Daş karxanalarını əvvəlki kimi istismar edə bilmirlər, buna ciddi nəzarət var”.

Onun fikrincə, qarşıdakı aylarda bazarda cüzi ucuzlaşma baş verə bilər: “Qış aylarında cüzi ucuzlaşmanın olacağını proqnozlaşdırmaq olar. Noyabr-dekabr aylarında mövsümlə bağlı bahalaşan məhsulların qiyməti enə bilər. Lakin bu ucuzlaşma böyük rəqəmlərlə ifadə olunmayacaq”.

Mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, tikinti materiallarının qiymətində bahalaşma növlərindən asılı olaraq 5-7 faiz, hətta 10-15 faiz civarındadır. Əsas tikinti materiallarının artımı isə təqribən 15 faizdir: "Ümumən tikintinin maya dəyərində tikinti materiallarının payı 40-45 faiz təşkil edir. Sementin payı isə 10.5 faiz olarsa, təbii ki, tikintinin maya dəyərində artım qaçılmaz olur. Lakin bu gün daşınmaz əmlak bazarında aparılan əqdlərin sayı son dörd ilin ən aşağı səviyyəsindədir. Ona görə də maya dəyərində qiymət artımının satış qiymətinə təsiri haqqında təsdiqedici fikir bildirmək, hesab edirəm ki, bir az tez olar. Yəqin bu təsiri biz ilin sonunda və ya növbəti ilin əvvəlində hiss edərik".

Mütəxəssis bununla yanaşı bildirib ki, mişar daşının bahalaşması evlərin qiymətinə təsirsiz ötüşməyəcək. O, yay fəslində tikinti işlərinin sürətləndiyini, daşa təlabatın artdığını vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
hafta.az

1Mənbələr