AZ

Əliyev AŞPA-nın qərarına qarşı bu şərti qoydu...

Image

Xəyal Bəşirov: “AŞPA Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, Azərbaycanın şərt olaraq irəli sürdüyü addımı atmaq bu qurumun iradəsi daxilindədir”

 AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək.

Prezident İlham Əliyev  bu sözləri Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən deyib.

Prezident vurğulayıb: “Bu ilin yanvarında baş verənlər (AŞPA-da - red.) qırmızı xətti keçdi. Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, ötən ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”.

Prezident qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarı adekvat olub. “Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”, - deyə Əliyev əlavə edib.

“AŞPA bu addımı aradan qaldıracaqsa...

Prezident Əliyevin AŞPA-nın qərarına qarşı qoyduğu şərt barədə baki-xeber.com-a şərh verən  Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, Prezidentin də qeyd etdiyi kimi, biz ümumiyyətlə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) atdığı addıma cavab vermişik. X.Bəşirovun bildirdiyinə görə, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv olub. “Prezidentin də qeyd etdiyi kimi, o dövrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev idi. Çünki o dönəmdə Prezident deputat olub. AŞPA ilə bizim münasibətlərimizdə təxminən 20 il müddətində elə də ciddi probelm olmayıb. Düzdür, bəzi hallarda, seçkidə müşahidə ilə bağlı xoşagəlməz mövqeləri olurdu. Bir məqamı qeyd edim ki, 2018-ci ildə Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi və o seçkiləri müşahidə edən tərəflərdən biri AŞPA-nın nümayəndələri, digər tərəfdən isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçiləri idi. Başqa müşahidəçilər də vardı. Amma bunlar arasında müqayisə apardıqda həmin seçkilərin nəticələrinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan olan müşahidəçilər daha sərt münasibət bildirmişdilər, nəticələri daha ciddi tənqid etmişdilər. O məntiqlə yanaşsaq, Azərbaycan növbəti seçkilərə AŞPA-nın nümayəndələrini deyil,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçilərini dəvət etməməli idi. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yenə də onları dəvət etdi. Təbii, burada söhbət seçkidə müşahidədən və müşahidənin nəticəsinə uyğun olaraq münasibətdən getmir ki, onlar bizi keçən seçkilərdə tənqid edirdilər. 

Məhz bu ilin yanvar ayının 22-də Azərbaycan nümayəndə heyətinin etimadnaməsi qəbul edilmədi, mandatı donduruldu. AŞPA buna səbəb kimi Qarabağdakı ermənilərin “humanitar problemlərini” əsas gətirdi. Halbuki, bu heç bir konkret arqumentə, real fakta söykənmirdi. Ümumiyyətlə, Qarabağdakı “humanitar vəziyyətlə” bağlı iddialar absurd idi. Bu bəhanə ilə Azərbaycan nümayəndə heyətinin AŞPA-da mandatı donduruldu. Bundan əvvəl Azərbaycan tərəfi onların belə bir addım atacağını gördüyü üçün bizim nümayəndələrimiz etirazlarını bildirərək AŞPA-nın qapısını çırparaq çıxdılar. Təbii ki, biz AŞPA-nın bizə qarşı atdığı bu ədalətsiz addımın geri götürülməsini istəyirik. Biz əsasımız olmadan AŞPA-nın qarşısında heç bir şərt qoymamışıq. Onlar bizə qarşı belə qərəzli mövqe sərgiləyiblər və Azərbaycan nümayəndə heyətinin səsini boğmaq məqsədi daşıyan bu addımı atan tərəf AŞPA-dır”. 

X.Bəşirovun sözlərinə görə, AŞPA-da 306 əsas, 306 nəfər də ehtiyat deputat var. O vurğuladı ki, 306 deputatın 90 nəfəri səsvermədə iştirak edib və onun da 76-sı bizim əleyhimizə səs verib, bu 76 nəfərin 65-i isə LGBT nümayəndəsi olub: “AŞPA-da LGBT fraksiyasına üzv olan 157 deputat təmsil olunur ki, həmin fraksiyadan 65 nəfəri yanvarın 22-də Azərbaycan əleyhinə səs verib. Bu, cinsi azlıqları müdafiə edən tərəflərin Azərbaycana qarşı hazırladığı bir qətnamə idi. O qərəzli qətnamənin lehinə səs verən 76 deputatın 65-i  LGBT nümayənsəsi idi. Erməni diaspor və lobbi təşkilatlarının, Emmanuel Makron administrsiyasının, Cozef Borrel qruplaşmasının Frank Şvabe vasitəsilə hazırladığı bu oyunun əslində kimlər vasitəsilə  Azərbaycana qarşı həyata keçirildiyini düşünəndə qətnamənin ciddiliyinə də varmırıq. Amma hər bir halda Avropa Şurasının üç əsas qurumdan birində - AŞPA-da Azərbaycana qarşı atdığı addımı pisləyirik, bunu qəbul etmirik. Bizə qarşı hazırlanan bu təxribatçı qətnamənin lehinə səs verən şəxslərin Azərbaycanda arzuolunmaz şəxs elan edilməsi ilə bağlı addım atmışıq. Bu da  beynəlxalq hüquqa, diplomatik qaydalara uyğun, etik qaydalar çərçivəsində atılan addımdır. Biz onlar barəsində hər hansı bir qeyri-etik, yaxud beynəlxalq qanuna uyğun addım atmamışıq. Bu tam hüquqi, qanunauyğun addımdır. Həmin şəxslər bizə qarşı qərəzli mövqe göstəriblər. Avropa dövlətləri arasında da bizə qarşı qərəzli addım atan dövlətlər var. AŞPA öz qərarını dəyişib geriyə addım atmayınca Azərbaycan həmin o şəxslərin  “persona non-qrata” elan etməsini geri götürmək niyyətində deyil. Bunu bir daha Prezident İtaliyadan, Avropanın mərkəzindən bəyan etdi və buna təəssüfləndiyini bildirdi. Düşünürəm ki, AŞPA Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, Azərbaycanın şərt olaraq irəli sürdüyü addımı atmaq bu qurumun iradəsi daxilindədir. Amma onu da diqqətinizə çatdırım ki, bu gün Azərbaycan Avropa Şurası ilə bütün əlaqələrini kəsməyib. Avropa Şurasının digər qurumları var - Nazirlər Komitəsi, Avropa İnsan Haqları Məhkəməsi mövcuddur, Azərbaycan onlarla sıx əməkdaşlıq edir. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını biz icra edirik. Yəni bütün bunlar bizə onu deməyə əsas verir ki, Avropa Şurası ilə hər hansı bir münasibətləri korlayan addımı ilk biz atmamışıq. Onun qurumlarından biri - Parlament Assambleyası Azərbaycana qarşı bu addımı atıb və Azərbaycan da ona adekvat cavab verib. Əgər AŞPA bu addımı aradan qaldıracaqsa, Azərbaycan Prezidentinin də bildirdiyi kimi, biz də qəbul etdiyimiz o qərarı geri götürəcəyik. Yəni artıq onların elə bir qətnaməsi mövcud olmayacaq, Azərbaycana qarşı qəbul edilən qətnamə mövcud olmadığı təqdirdə Azərbaycan da həmin o qətnaməyə qarşı atdığı, götürdüyü o ölçünü aradan qaldıracaq”-deyə X.Bəşirov bildirdi. 

İradə SARIYEVA            

 






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
baki-xeber.com

1Mənbələr