AZ

Depressiyadan əziyyət çəkənlərin beyin sahəsi iki dəfə böyük imiş

Depressiyadan əziyyət çəkən insanların beynindəki şəbəkənin sağlam insanlarınkından iki dəfə böyük olduğu müəyyən edilib.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, ümumi psixi sağlamlıq problemi olan depressiyanın simptomları zamanla görünə və yox ola bilər. Bu pozğunluğun sirrini açmağa çalışan alimlər, adətən müəyyən bir zamanda beynin görünüşünü araşdırırlar.

ABŞ-ın Veil Kornel Cornell Tibb Kollecindən doktor Çarlz Linç və həmkarları zamanla simptomlardakı dəyişiklikləri müşahidə etmək üçün daha əhatəli bir araşdırma aparıblar. Böyük depressiya diaqnozu qoyulan 141 nəfərin və 37 sağlam insanın beyni təkmil skanerlə araşdırılıb.

“Nature” jurnalında dərc edilən tədqiqat, depressiyadan əziyyət çəkən xəstələrdə diqqəti idarə edən beyin şəbəkəsinin daha böyük olduğunu ortaya qoyub. Bu şəbəkə müxtəlif hadisələrin əhəmiyyətinin müəyyən edilməsində rol oynadığından onun ölçüsündə dəyişiklik diqqətin ətrafdakı neqativlərə yönəlməsinə səbəb ola bilər. Linç bildirib ki, şəbəkə beyin səthində adətən sağlam nəzarət qrupunda göründüyündən daha çox yer tutur. Bu bölgənin depressiya xəstələrində orta hesabla ikiqat daha böyük sahədə yayılması beynin digər hissələri üçün az yer buraxır.

Komanda daha sonra depressiyadan əziyyət çəkən 299 və 932 sağlam insanın əvvəllər çəkilmiş beyin skanlarını araşdırıb. Nəticələr şəbəkənin zaman, əhval-ruhiyyə və ya transkranial maqnit stimulyasiya müalicəsi ilə dəyişmədiyini göstərir.

Tədqiqatçılar 57 uşağın beyin skanını da təhlil ediblər. Yeniyetməlik dövründə depressiyaya düşən bu insanların beyin şəbəkəsi simptomlar görünməzdən illər əvvəl genişlənmişdi. Buna görə də beyindəki şəbəkənin genişlənməsi depressiyanın nəticəsi deyil, səbəblərdən biri ola bilər. Linç və tədqiqatın başqa müəllifi Konor Liston sonrakı illərdə depressiyaya düşən sağlam uşaqların beyinlərindəki fərqi belə şərh edib: “Bu, genetik faktorların şəbəkə inkişafını formalaşdırdığı fikrinə uyğun gəlir. Bununla belə, tədqiqatçılar hələ də bəzi ekoloji faktorların beyində bu şəbəkənin genişlənməsinə səbəb olması ehtimalını tamamilə istisna edə bilmirlər. Alimlər, həmçinin bu fərqin depressiya ilə bağlı olub-olmadığını hələ bilmirlər, çünki şəbəkə daha geniş ərazini əhatə edir. Onlar bu suallara cavab vermək üçün əlavə araşdırmalar aparmağı planlaşdırırlar. Nəticələr bəzi insanların depressiya riskinin daha yüksək olub-olmadığını anlamaq və fərdi müalicə üsullarını inkişaf etdirmək üçün ümidvericidir”.

Yeni araşdırmada iştirak etməyən Oksford Universitetindən Miryam Klein-Fluqqe beyindəki bu şəbəkənin ölçüsü ilə depressiya riski arasındakı əlaqəni aşkar etmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirib. O qeyd edib ki, bu tədqiqat xəstələrə daha tez və onların fərdi ehtiyaclarına uyğunlaşdırılmış müdaxilələr təmin etmək üçün faydalı bir addımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
22
azpost.info

10Mənbələr