AZ

BELARUS UKRAYNAYA HÜCUMA HAZIRLAŞIR? - “Ukrayna narahat olmalıdır, amma...”

Ukrayna komandanlığının verdiyi məlumata görə, Rusiya ordusunun Pokrovks istiqamətindəki hücumunun qarşısı əsasən alınıb. Ukrayna özünün ən yaxşı döyüş qruplarını buraya gətirməklə rusların irəliləməsini dayandırıb.

Rusiyanın bu müharibədəki ən böyük üstünlüyü Ukrayna ilə müqayisədə daha çox canlı qüvvəyə və texnikaya malik olmasıdır. Ukraynalılar müdafiəyə çəkildiklərinə görə, itkilər arasında fərq rusların əleyhinədir və bu səbəbdən də onların hücumlarının səmərəsi aşağı düşür.

Lakin son zamanlar Ukraynanı narahat edən digər məsələ şimaldakı qonşusu Belarusun iki ölkə sərhədi boyunca silahlı gücünü artırmasıdır. Belarus Prezidenti Aleksandr Lukaşenkonun tez-tez fikrini dəyişməsi, fərqli bəyanatlar verməsi vəziyyəti mürəkkəbləşdirir.

Hurriyyet.az xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti “Belarus Ukraynaya hücuma hazırlaşırmı?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik:

”Ukrayna ordusu Kursk əməliyyatı zamanı Rusiya ərazisində zəbt olunan 400 kvadrat mili (təxmin 1000 kvadrat kilometr) müdafiə etmək üçün səngər qazarkən, Kiyev qonşu Belarusun hərbi birləşmələrini durmadan artırmasından bərk narahatdır.

 

 

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Belarus silahlı qüvvələri hərbi təlimlər adı altında Ukraynanın şimal sərhədi yaxınlığındakı Qomel vilayətində xeyli sayda şəxsi heyət, xüsusui əməliyyat qüvvələri, silahlar, hərbi texnika, tanklar, artilleriya qurğuları(yaylım atəş sistemləri), Hava Hücumundan Müdafiə və mühəndis avadanlıqları cəmələşdirib. Bunlardan başqa, orada “Vaqner” Özəl Hərbi Şirkətinin müzdluları da qeydə alınıb”.

Minsk fakitiki olaraq Rusiyanın Ukraynaya müdaxiləsini ilk başdan dəstəkləyib. Belarus Ukraynaya hücumdan bir neçə həftə öncə öz ərazisində Rusiyanın hərbi təlim keçməsinə imkan yaratmışdı. Həmin hərbi birləşmələr təlimlər bitdikdən sonra Belarusu tərk etmədilər və müdaxilə üçün Belarus-Ukrayna sərhədinə yığıldılar.

2022-ci ilin 24 fevralında təcavüz başlayanda Rusiya ordusu Belarus ərazisindən Ukraynaya artilleriya atəşi açmış, təyyarələrlə hücum etmiş və ballistik raketlər də daxil olmaqla çoxsaylı raketlər buraxmışdı. Rusiya qoşunları buradan Ukrayna torpaqlarına girmişidi və Belarus sərhədi Kiyevə gedən qısa məsafəni təmin etmişdi. Belarus Ukraynanı zəbt etmək istəyən ruslara təchizat dəstəyi göstərmişdi.

 

Hərçənd ki, Rusiya hərbi birləşmələri iki aydan sonra yenidən Belarusa geri çəkildilər, lakin Minsk Rusiya ordusuna kəşfiyyat, radioelektron mübarizə, Hava Hücumundan Müdafiə kimi müxtəlif səpkili xidmətləri davam etdirir. Bunlarla yanaşı, rusiyalı yaralı hərbçilər Belarus hospitallarında müalicə olunurlar.

Belarus Prezidenti Aleksandr Lukaşenko öz ölkəsinin dəstəyini belə izah edib ki, onların işi rusiyalı müttəfiqlərinin arxa cəbhəsinin qorunmasından ibarətdir. Rusiyanın Qərb hərbi dairəsinin 12 min hərbçisi Belarusda hərbi təlimlər keçib və təlimlərdən sonra 2300 rus əsgəri orada yerləşib.

Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edə biləcəyi təhlükəsini xüsusilə qeyd etmək lazımdır. Belə ki, 2023-cü ilin martında Putin elan etdi ki, Rusiya nüvə mübadiləsi müqaviləsi çərçivəsində Belarusda belə bir sialh yerləşdirə bilər. Bu məqsədlə Belarusa nüvə silahı daşıya bilən qısa mənzilli “İskander” ballistik raketləri verildi. Sonradan rusiyalı mütəxəssislər Belarus ordusuna bu raketlərdən necə istfadə edilməsini öyrədiblər.

Beləliklə, hazırkı vəziyyətdə hərbi gücün artırılması Ukraynaya qarşı təcavüzün başlanğıc anından indiyədək Belarusun ardıcıl şəkildə Rusiya ordusuna göstərdiyi dəstəyin ən təhlükəli təzahürüdür.

Belarus Ukrayna ilə olan 674 millik(1084 kilometr) sərhədi boyunca hərbi güclərini artırır. Belarus Müdafiə Nazirliyindən bildiriblər ki,onlar Ukrayna sərhədinə tanklar göndəriblər, Lukaşenko isə öz növbəsində 18 avqustda şəxsən bəyan etmişdi ki, onun ölkəsinin hərbi güclərinin üçdə biri sərhədə yollanıb. Bu bəyanatdan bir gün sonra o, həmçinin deyib ki, Ukrayna ilə sərhədə daha çox qüvvə göndəriləcək. Buraya Hava hücumundan Müdafiə dəstələri və təyyarələr daxildir.

Belarusun quru qoşunlarındakı ümumi əsgər sayı 48 min nəfərdir və buraya xüsusi təyinatılalar da daxil edilir. Lukaşenkonun bəyanatından anlaşılır ki, Ukrayna ilə sərhədə 19 minə qədər əsgər yığılıb. Bu ordunun yalnız 10 min nəfərini döyüşə hazır hesab etmək olar.

Minskin bütün Ukrayna sərhədi boyunca silahlı qüvvələrinin gücünü artırması əslində, ounun minlərlə əsgərini Ukrayna ərazisinə yollayacağı niyyətində olması anlamına gəlmir. Ancaq bu, ukraynalıları narahat etməlidir. Kiyevin silahlı gücləri ölkənin cənub və şərqində yerləşdirilib, eyni zamanda Kursk vilayətindəki mövqelərin möhkəmləndirilməsinə cəhd edilir.

Amma buna baxmayaraq, hər halda Ukraynanın Belarusdakı hədəfləri məhv etmək üçün raketləri, PUA-ları və digər vasitələri var. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Belarus müharibəyə qoşulduğu təqdirdə sərhəd boyunca toplanmış bütün ordular, hərbi obyektlər və təchizat yolları Ukrayna Silahlı Qüvvələri üçün qanuni hədəf halına gələcək.

Belarus Rusiyanın verdiyi nüvə silahını öz ərazində yerləşdirib və Minskin Rusiyanın hücum əməliyyatına qoşulması halında onun taktiki nüvə silahından istifadə etməsi potensialı artır. Ancaq praktikada isə hətta ona Rusiya tərəfindən basqılar artırılsa da, Minskin nüvə silahından istifadə etməsi az ehtimal olunur.

Nəhayət, Lukaşenko yəqin ki, Rusiyanın təcavüzünün dəstəklənməsi ilə bağlı indiki səylərinin çərçivəsindən kənara çıxmağa cürət etməz. Lukaşenko illərlə daxili müxalifətlə toqquşub, lakin Ukraynaya hücum nəinki onun rejiminə qarşı olan müxalifəti aktivləşdirəcək, həm də onun ətrafındakıların bir çoxunu məyus edəcək. Çünki onlar ölkənin Rusiyanın apardığı müharibənin bir parçası olmasından narahtdırlar.

Ukraynanın cavab reaksiyası kimi Belarusdakı hədəfləri vurması isə Lukaşenkonun avtoritar hakimiyyətini elə səviyyədə destablizasiya edər ki, həmin hakimiyyətin devirilməsi ilə nəticələnər.

Ola bilsin ki,keçmişdə Lukaşenko Kremldəki müttəfiqini sakitləşdirmək üçün tez-tez aldadıcı fəndlərə əl atıb. Lukaşenkonun başlıca məqsədi özünün hakimiyyətdə qalmasıdır və bunun üçün o, “qılıncını yelləyərək” daha da irəli getməyəcək və çox ehtimal ki, “qılıncını qınından çıxarmayacaq”.

azpolitika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
35
hurriyyet.az

10Mənbələr