AZ

Kosmik mədənçilikdə əlamətdar missiya

2022-ci ildə qurulan “AstroForge”, yer üzündə azalan resursları kompensasiya etmək üçün kosmosdan elementlər çıxarmağı planlaşdırır. ABŞ-da yerləşən şirkət 2025-ci ildə asteroidlərdən mineral çıxarmaq üçün missiyaya başlayacağını açıqlayıb. Əgər proses uğurlu olarsa, özəl şirkətin texnikası ilk dəfə Yer-Ay sistemindən kənarda olan səma cisminin üzərinə enəcək.

Şirkət 2023-cü ilin aprelində ilk missiyasında texnikalarından birini kosmosa göndərməyi bacarıb. Bu il üçün nəzərdə tutulan Odin adlı ikinci missiyada kosmik gəmi asteroidin şəkillərini çəkəcək.

Daha sonra üçüncü missiyada bu görüntülərin köməkliyi ilə asteroidin üzərinə enmək üçün Vestri adlı vasitə buraxılacaq.

“AstroForge” avqustun 20-də verdiyi açıqlamada “Vestri”nin 2025-ci ildə istifadəyə veriləcəyini açıqlayıb. Lakin onun hansı asteroidə düşəcəyi hələlik sirdir.

“Müvəffəqiyyətli olarsa, Yer-Ay sistemindən kənar başqa bir kosmik səthin üzərinə enən ilk şirkət işi olacaq. Bu bizi Yerdən kənarda resursları bütün bəşəriyyət üçün əlçatan etmək missiyamıza nail olmağa yaxınlaşdıracaq”, ­ – şirkətin açıqlamasında deyilir.

Asteroid mədənlərində hədəflənən əsas elementlər kobalt, nikel və platin qrupu metallarıdır.

Yerə nisbətən yaxın orbitlərdə asteroidlərdə tapılan bu elementlər təmiz enerjiyə keçiddə mühüm rol oynayır. Məsələn, akkumulyatorlarda kobalt və nikel istifadə olunur.

Platin qrupu metalları bərpa olunan enerjidən (yaşıl hidrogen) əldə edilən hidrogenin istehsalında katalizator kimi çıxış edir. Bununla belə, yer üzündəki məhdud resurslar yaşıl hidrogen istehsalı səylərini ləngidir.

“AstroForge” mahiyyətcə dəmir və nikel kimi yüksək metal tərkibli asteroiddə emal zavodu qurmaq, lazımi mineralları Yerə gətirmək və sonra asteroidi tərk etmək məqsədi daşıyır.

Ən böyük məlum asteroid Yerdən 370 milyon kilometr uzaqlıqda yerləşən “16 Psyche”dir.

NASA-nın “Psyche” missiyası çərçivəsində səma cisminə doğru yola çıxan vasitənin 2029-cu ilin avqustunda hədəfinə çatması gözlənilir.

Səthə enməsi planlaşdırılmayan vasitə 21 ay ərzində asteroidin orbitinin xəritəsini çəkəcək və içindəkiləri araşdıracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
vaxt.az

1Mənbələr