AZ

Qarabağ RTİ üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib    

Sentyabrın 6-da Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. 

 

AzEdu.az xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, aidiyyəti idarə, məktəb rəhbərləri və təhsil işçiləri iştirak ediblər.

 

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə həmçinin, STEAM və Peşə təmayüllü siniflərin təqdimatı, şagirdlərin idman nailiyyətlərinə baxış keçirilib. 

 

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

 

Fərzəli Qədirov çıxışında məktəbəqədər və məktəbəhazırlıq mərhələlərinin vacibliyi, STEAM təhsilinin nəaliyyətlərindən, sertifikatlaşdırma imtahanları, təhsil müəssisələrinə işə qəbul prosesi, tikinti və təmir işləri barədə geniş məlumat verib. O çıxışında, Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrinin yaradılması, Qarabağ Universiteti və noyabrda keçiriləcək COP29 konfransı və digər məsələlərə də toxunub və konfrans iştirakçılarına uğurlar arzulayıb.

 

Konfransda çıxış edən Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qeyd edib ki, bugün ölkəmizdə bütün sahələrdə sürətli inkişaf nəzərə çarpır. Hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bərdə şəhərində də təhsil mühitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. V. İsayev qarşıdan gələn yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev konfrans iştirakçılarını salamlayaraq, IV və VI sinif şagirdlərinin monitorinqi üzrə nəticələri, həmçinin IX və XI sinif buraxılış imtahanlarının nəticələri barəsində statistik məlumat verib, bununla bağlı tövsiyə və qeydlərini diqqətə çatdırıb.

 

Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin təhlilinə də toxunub və Qarabağ Regional Təhsil İdarəsi üzrə şagirdlərin Respublika Fənn Olimpiadalarında illər üzrə nəticələrinin analitik təhlilini konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

 

F. Qarayev həmçinin “Sabahın alimləri” respublika müsabiqəsi, həmçinin Beynəlxalq müsabiqələr barədə danışıb və tövsiyələrini verib.

 

Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Anar Məcidov növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.

 

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
azedu.az

1Mənbələr