AZ

Azərbaycan “Kitab sənəti” beynəlxalq müsabiqəsində 10 diploma layiq görülüb

Moskva, 6 sentyabr, AZƏRTAC

Azərbaycan MDB ölkələrinin “Kitab sənəti” XXI Beynəlxalq Müsabiqəsində 9 nominasiya üzrə 10 diplom alıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın paytaxtında 37-ci Moskva Beynəlxalq Kitab Yarmarkası və 2-ci Moskva Beynəlxalq Uşaq Kitab Yarmarkası keçirilir.

Azərbaycanın Mədəniyyət Nazirliyi Rusiyadakı səfirliyimizin dəstəyi ilə ölkəmizin tədbirlərdə iştirakını təşkil edib. Azərbaycanın adət-ənənələri və mədəniyyəti haqqında çoxlu kitablar təqdim olunub. Həmçinin müasir publisistika geniş şəkildə təqdim edilib.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Kamran Musayev AZƏRTAC-a bildirib ki, yarmarkada Azərbaycanın tarixindən və mədəniyyətindən bəhs edən kitablar təqdim edilir: “Stendimizdə Qarabağın tarixindən, o cümlədən Şuşadan bəhs edən kitablar, İkinci Qarabağ müharibəsi günlərində xalqımızın qəhrəmanlığından bəhs edən nəşrlər sərgilənir. Kitablar əsasən rus dilindədir, lakin Azərbaycan və ingilis dillərində də nəşrlər var”.

Sərgi çərçivəsində XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub. Azərbaycan müsabiqənin 9 nominasiyası üzrə 10 diplom alıb.

Uşaq yazıçısı, şair, “İrs” Nağıllar evinin rəhbəri, professor Solmaz Amanova “Turac və sehrli daraq” kitabı ilə “MDB-də nəşr olunub” nominasiyası üzrə qalib və “Narmis və Tacşir” kitabı ilə müsabiqənin Qran-Prisinə sahib olub.

Mükafatçılar sırasında Səbuhi Əhmədov (“Azərbaycan silahları IX–XVII əsrlərdə: təkamül və inkişaf” monoqrafiyası), “Sirus Mirzəzadə: rəngkarlıq, qrafika, monumental incəsənət” fotoalbomu, “Azərbaycan Milli Xalça Muzeyi” fotoalbomu da var.

Moskva Beynəlxalq Kitab Yarmarkasında Rusiyanın müxtəlif regionlarından və digər ölkələrdən, o cümlədən Azərbaycan, Belarus, Almaniya, İran və Çindən 300-dən çox naşir və kitab distribütoru iştirak edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
14
azertag.az

2Mənbələr