AZ

ABŞ-nin Kəşfiyyat İdarəsinin rəhbəri Bakıya niyə gəlib ? – DETALLAR

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prior məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.

Bu barədə ABŞ səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında bildirilib.

Sülh danışıqlarının gündəmdə olduğu bir məqamda Patrik Priorun Bakıya səfəri maraq doğurur. Reallıqda bu səfərin məqsədlərinin altında nə yatır?

Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, bu, ABŞ-nin maraqlarının reallaşmasına qulluq edən səfərdir:

“Mən bu səfərin nə Ermənistana, nə Azərbaycana, nə də bölgəyə xeyir gətirəcəyini düşünürəm. Ümidverici bir şey görmürəm. Çünki ABŞ-nin Cənubi Qafqazda böyük marağı var. Bu ondan ibarətdir ki, ABŞ Ermənistan vasitəsi ilə çalışırdı ki, bölgədə möhkəmlənsin.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) missiyası monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatları toplayır. Yəni nə bu bəyanat, nə də onun arxasında duran mətləblər təsadüfü deyil.

Aİ-nin ABŞ ilə sınaqdan keçmiş münasibəti var. Vaşinqton, Brussel və Parisin Cənubi Qafqazla bağlı maraqları üst-üstə düşür. 

Hesab edirəm ki, Patrik Priorun gəlişi Zəngəzur dəhlizi ilə bağlıdır. Bu səfər əgər dəhliz istifadəyə verilərsə, onun xidmət sahəsində, idarəçiliyində xaricdən olan şirkətin iştirakını nəzərdə tutan təkliflə əlaqəli ola bilər. Hər halda Ermənistan da o təklifi Azərbaycana edib.  Hesab edirəm ki, ABŞ Zəngəzur dəhlizinin fəaliyyətinə zidd deyil. Əksinə bu, onun xeyrinədir. Lakin bir şərtlə ki, nəzarət  və idarəetmə rıçaqları Qərbdə olsun. Bu o deməkdir ki, əgər ABŞ Ermənistanda öz təmsilçiliyini artıracaqsa, bununla bağlı Azərbaycanla da məsləhətləşmələr etsin. Nəticədə ən yaxın zamanda NATO təmsilçilərinin Ermənistana gəlişi və orada möhkəmlənməsi istisna olunmur.

Azərbaycanın siyasəti isə ondan ibarətdir ki, dünyaya inteqrasiya, əməkdaşlıq və təhlükəsizlik uğrunda səylər gündəmdə olsun.

Dövlət başçısı İlham Əliyev zamanında “3+3” formatını ona görə təklif etmişdi ki, bölgədəki problemlər bölgə dövlətlərinin iştirakı ilə həllini tapsın.

Odur ki, ABŞ-nin Azərbaycana gəlib burada Zəngəzur dəhlizinin fəaliyyətinə nəzarət etmək istəməsi kənar qüvvənin bölgəyə gəlməsi deməkdir. Bu baxımdan belə bir müdaxilə region üçün arzu olunan deyil. ABŞ rəsmi Bakının bu məsələdə mövqeyini bilir və ona görə də bəri başdan mesajlar yollayır ki, yola gətirsin.  Azərbaycan heç vaxt strateji məsələlərdə tələskənliyə yol vermir. Hələ vaxt var.  Azərbaycan hökuməti qərarı səbr edərək verəcək”.

Şahanə Rəhimli

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
musavat.com

1Mənbələr