AZ

Zəngəzur dəhlizi: işıq göründü, amma kimin işığı... - GƏLİŞMƏ

Rəsmi İrəvan tərəfindən Zəngəzur dəhlizinə nəzarətin necə olacağı barədə bəyanat səsləndirilib. Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan jurnalistlərə açıqlamasında iddia edib ki, “Naxçıvan-Sünik-Azərbaycan nəqliyyat dəhlizində Ermənistanın sərhədçiləri və gömrükçüləri yer alacaqlar” (söhbət Zəngəzur dəhlizindən gedir).Nazir müavini onu da bildirib ki, əraziyə özəl şirkətin cəlb edilməsi məsələsi müzakirə olunub: “Lakin hələlik təfərrüat məlum deyil, ortada dəqiq bir şey yoxdur. Zəngəzur dəhlizinə nəzarətin beynəlxalq özəl şirkətə həvalə edilməsi ilə bağlı hələlik əlavə məlumat yoxdur. Nəzarət Ermənistan tərəfində beynəlxalq şirkətə həvalə olunubsa, güman edilir ki, Azərbaycan tərəfində də həmin şirkət nəzarəti həyata keçirməlidir. Hələlik yalnız onun mümkünlüyü müzakirə olunub. Əlavə məlumat yoxdur, onun təfərrüatı hələ müzakirə olunmayıb və bununla bağlı dəqiq razılaşma yoxdur”.Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Türkiyənin mövqeyi birmənalıdır və əvvəldən elan olunan kimidir:- Rusiyadan da bu mövzuda bəyanatlar verilir və Moskvanın istəyi də məlumdur. Rusiya 2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Birgə Bəyanata əsaslanır və nəzarətin onda olmasında maraqlıdır. Bir neçə ay əvvəl ABŞ Dövlət Departamentinin rəsmisi Ceyms Obrayen İrəvanda səfərdə olarkən Vaşinqtonun Zəngəzud dəhlizi ilə bağlı mövqeyini bəyan etdi. Bildirdi ki, Zəngəzur dəhlizi ABŞ üçün vacibdir, çünki Orta Asiya ilə kommunikasiya nə Rusiyanın, nə də İranın nəzarəti altında olmalıdır. Biz görürük ki, təzyiqlər var və Ermənistan da məcbur olur ki, hansısa bəyanat versin, mövqeyini açıqlasın. Ermənistan xarici işlər nazirinin müavininin Zəngəzur dəhlizi ilə bağlı dedikləri onu söyləməyə əsas verir ki, artıq Ermənistan dəhlizin açılmasına razıdır. Amma dəhlizin istifadəsinin necə olması məsələsi hələ də danışıqlar mövzusudur.- Yəni İrəvan razıdır, amma özünün dəhlizə nəzarət etməsi şərti ilə...?- Bilirsiniz, Azərbaycanın məqsədi odur ki, Naxçıvanla təhlükəsiz gediş-gəliş yolu olsun. Təhlükəsizlik təminatı altında bu bağlantı hansı şəraitdə olacaq, hər halda bu, danışıqlar mövzusudur. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatında göstərilir ki, Zəngəzur dəhlizində təhlükəsizliyi Rusiya sərhədçiləri təmin edəcək. İndi isə Ermənistanın mövqeyi fərqlidir. İrəvan istəyir ki, kommunikasiyaların istifadəsinə, təhlükəsizliyinə Ermənistan sərhədçiləri və məsul şəxsləri təminat versin. Mən inanmıram ki, bu, Azərbaycan üçün qəbul olunan variantdır. Bolşeviklər vaxtilə Azərbaycanı işğal etdikdən sonra bu ərazilər qanunsuz olaraq Ermənistana verilib. Bununla da Azərbaycan iki yerə bölünüb. Bizim indi əsas məqsədimiz ondan ibarətdir ki, bu iki hissə arasında rahat əlaqə, Naxçıvanla bağlantımız təmin edilsin. Azərbaycan vətəndaşları ölkənin bir hissəsindən digərinə gedərkən heç bir təhlükə olmamalıdır. Eyni zamanda, Naxçıvana gedən hansısa yüklər xüsusi şərtlərlə nizamlanan formada nəql olmalıdır. Ermənistanın dəhlizə nəzarət etməsi ilə isə bu, mümkün görünmür. Yəni təhlükəsizliyə zəmanət yoxdur. Amma əsas odur ki, dəhlizlə bağlı hansısa irəliləyiş var. Hər şey hadisələrin gedişindən asılıdır.- Bəs beynəlxalq şirkətin nəzarəti məsələsi mümkündürmü?- Ermənistan rəsmisi bunun müzakirə olunduğunu dedi, amma təfərrüat açıqlamadı. Hər halda bu məsələ, görünür ki, müzakirə edilir. Səfəryanın dediyindən belə anlaşılır ki, bu məsələdə razılıq yoxdur. Mən hadisələri qabaqlamaq istəmirəm. Detallar açıqlanandan sonra fikir bildirmək mümkündür.- Başqa bir məsələ isə Zəngəzur dəhlizi ilə bağlı İrandan verilən bəyanatdır. İran dəhlizlə bağlı mövqeyini dəyişməyib. Tehranın mövqeyinə isə Rusiya etiraz edir. Bəyanatdan sonra İran səfirinin Rusiya XİN-ə çağırılması, etiraz bildirilməsi nəyin göstəricisidir?- İranın bəzi dairələri Zəngəzur dəhlizi məsələsində sanki Qərbin siyasətini həyata keçirir. Qərbdə başa düşürlər ki, Rusiya artıq Ermənistanı müdafiə etmək istəmir və buna imkanı da yoxdur. İndi Qərb istəyir ki, bu məsələdə İran öz xidmətini göstərsin. Vaxtilə İran sərhədlərimizdə hərbi təlimlər keçirəndə Qərb ölkələri buna qarşı hansısa bəyanat səsləndirmədi. O zaman, bəlkə də, Qərbin məqsədlərindən biri o idi ki, Azərbaycanı İranla toqquşdursun. Bununla həm İranı, həm də Azərbaycanı zəiflətsin. Amma Bakı buna getmək istəmədi, gərginliyi aradan qaldırmağı bacardı. Məsələ burasındadır ki, İranda da sağlam dairələr var və onlar yaxşı başa düşürlər ki, toqquşma İranın məhvinə gətirib çıxaracaq. Orada müxtəlif milli azlıqlar var. Azərbaycana qarşı həmlələr müxtəlif böhranlara gətirib çıxaracaq.Rusiya da başa düşür ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Qərbin mövqeyi ilə eynidir. Moskva ilə Tehran arasındakı fikir ayrılığı da məhz bundan qaynaqlanır. Bütün hallarda İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi məntiqsizdir. Tehran iddia edir ki, guya Zəngəzur dəhlizi sərhədləri dəyişir. Bu, absurddur. Birincisi, şərt deyil ki, dəhliz İran-Ermənistan sərhədi boyunca keçməlidir. İran-Ermənistan sərhədindən bir neçə kilometr kənardan keçə bilər ki, bu halda heç bir sərhəd dəyişməsindən söhbət getmir. Ona görə də Tehran bu məntiqsiz yanaşmasından əl çəkməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
dia-az.info

10Mənbələr