"İsveç oyuna çox güclü hazırlaşmışdı. İlk hissənin əvvəllərindəki qol epizodlarını dəyərləndirsəydik, qarşılaşmanın yekunu başqa cür olardı. Şeydayev penaltini dəqiq yerinə yetirsəydi, dünənki görüşdə də son qarşılaşmada olduğu kimi qələbə qazana bilərdik".

Bu sözləri Offsideplus.az-a açıqlamasında Yunis Hüseynov Millətlər Liqasında baş tutan Azərbaycan-İsveç oyunu haqqında danışarkən bildirdi.

Mütəxəssis yığmamızın hücum xəttinin işini yüksək qiymətləndirdi:

"Təəssüf ki, "vurmayana vurarlar" prinsipi var. Komandamız fürsətlərdən istifadə edə bilmədi, amma, rəqib imkanlarından maksimum yararlandı. Hücum xəttində pis təsir bağışlamırdıq. Lakin, müdafiəçilərimiz bəzi səhvlərə yol verdilər. Nəticədə də məğlub olduq. Buna baxmayaraq, komandamız pis təsir bağışlamadı".

Y.Hüseynov kapitanımızın penaltini Ramil Şeydayevə verməsini tənqid etdi:

"Emin Mahmudov bunu etməməli idi. Bu, düzgün addım deyildi. Baş məşqçi bu tapşırığı Eminə veribsə, özü də yerinə yetirməli idi".