AZ

Vaqif Sadıqov: “Millini tənqid etmək lazım deyil”

“Ümidimiz çox böyük idi”.

Bunu İdman.bizə AFFA-nın sabiq vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, Millətlər Liqasının I turunda Bakıda keçirilən Azərbaycan-İsveç (1:3) qarşılaşmasını şərh edib. Sadıqov bildirib ki, millimiz oyunda məğlub olsa da, rəqibdən çəkinmədən açıq futbol nümayiş etdirib: “Açıq futbolda mütləq balanslaşdırılmış oyuna ehtiyac var. Hücumda da, müdafiədə də eyni səpkidə oynamalı və dəqiq olmalısan. Biz hücumda aqressiv olsaq da, çoxlu epizodlar yaransa da, bunun cəmi birini qola çevirə bildik. Ancaq rəqib vəziyyətdən maksimum istifadə edərək, qapımızdan 3 top keçirdi. Bu oyun onu göstərdi ki, komandanın üzvləri özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırdılar. Məğlub duruma düşəndə də yığmamız ruh düşkünlüyü keçirərək bunda sonra mübarizə apara bilməyəcəklərini zənn etdilər. Amma futbolçularımız 3:0-ın qarşısında özünü toparlayaraq rəqib komandanın qapısından qol keçirdi”.

Onun sözlərinə görə, ilk oyun olduğu üçün yığmanı qınamaq lazım deyil: “Onlar əllərindən gələni etdilər. Az bir müddətdə yeni baş məşqçi Fernandu Santuşla məşq etdilər. Oyun planında yeni cizgilər hiss olunurdu. Dəyişikliklər gözə çarpırdı. Az bir zamanda birdən-birə nəsə olmur. Bu gün Millətlər Liqası Santuşun futbolçularla tanışlqı ərəfəsidir. Əsas iş bu oyunlardan sonra başlayacaq. Komanda da başa düşür ki, azarkeşlərin ona ümidləri çoxdur”.

Qeyd edək ki, yığmamızın növbəti görüşü Slovakiya yığması ilə sentyabrın 8-də Koşitse Futbol Arenasında baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
23
idman.biz

10Mənbələr