AZ

İran rejiminin ikiüzlü siyasəti: Azərbaycan-Ermənistan məsələsində təxribatçı açıqlamalar

Son dövrlərdə Tehran rejiminin əlaltı media nümayəndələri tərəfindən edilən təxribat dolu açıqlamalar Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olur.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalının “İran rejiminin ikiüzlü siyasəti: Azərbaycan-Ermənistan məsələsində təxribatçı açıqlamalar” adlı məqaləsində qeyd olunub.

Kanal yazır ki, İran tərəfinin bu cür mövqe sərgiləməsi xüsusilə diqqət çəkir, çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi zaman belə İran tərəfindən bu cür açıqlamalar və etirazlar dilə gətirilməyib.

“Əksinə, İran o dövrdə Ermənistanı dəstəkləmiş, ona həm silah, həm maddi, həm də logistik dəstək vermişdir. Bu isə İranın ikiüzlü siyasətinin ən açıq nümunələrindən biridir. İranın, özünü “İslam Respublikası” adlandırmasına baxmayaraq, Azərbaycanın işğal altında olan torpaqlarında məscidlərin ermənilər tərəfindən təhqir edilməsinə göz yumması, dini dəyərlərə münasibətdə qeyri-səmimi olduğunu göstərir”, – kanal yazır.

Kanalın analitiklərinin fikrincə, İslam adı altında siyasət yürüdən bir rejim, müsəlman qardaşlarını dəstəkləmək əvəzinə, düşmən tərəfə dəstək verərək öz siyasi maraqlarını üstün tutub.

“Azərbaycanın işğal altındakı ərazilərində, xüsusilə məscidlərdə donuz saxlanılması kimi faktlara qarşı İran rejimi hər hansı bir etiraz səsi qaldırmayıb. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra öz torpaqlarını erməni işğalından azad etdi və beynəlxalq səviyyədə tanınmış sərhədlərini tam nəzarətə aldı. Bu haqq mübarizəsi zamanı İranın yenidən Ermənistana yaxın mövqe tutması qardaş ölkə olaraq tanıdığı Azərbaycanla əlaqələrində böyük suallar doğurur. İran rejimi Ermənistanın işğalçılıq siyasətinə göz yumduğu halda, Azərbaycanın öz torpaqlarını azad etməsinə qarşı çıxış etməsi ikili standartın açıq göstəricisidir”, – deyə bildirilir.

Məlumata görə, İranın bu təxribat dolu açıqlamaları və mövqeyi, bölgədə sülhün və sabitliyin təmin olunması yolunda ciddi maneədir. Qeyd olunur ki, Azərbaycan xalqı öz haqlı mübarizəsini davam etdirir və hər zaman ölkəsinin maraqlarını qoruyacaqdır. İran rejiminin isə bu ikiüzlü siyasətini davam etdirməsi onun regiondakı mövqeyini daha da zəiflədə bilər.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
yenicag.az

1Mənbələr