AZ

Beynəlxalq fondun nümayəndəsi AŞPA-ya Azərbaycanla bağlı məktub göndərib

Yayımlandı: 6 Sentyabr 2024 13:42 “Azərbaycanda mediaya, vətəndaş cəmiyyətinə, indi də hüquqçulara təzyiqlər artırılıb” Şərqi Avropa, Qafqaz və Balkanlarda insan haqları fəallarını müdafiə edən “İnsan haqları Evi” fondunun nümayəndəsi Florian İrminger Avropa Şurası Parlament Assambleyasına(AŞPA)  növbəti Vatslav Havel mükafatlandırma mərasimi ərəfəsində həbsdə olan azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlini, həmçinin siyasi motivlə həbs edilmiş digərlərini azad etməyə çağıran məktub göndərib. Florian İrminger “Anar Məmmədliyə azadlıq” adı ilə siyasi məhbuslara azadlıq tələb edən kampaniyanın başındadır. Məktubda bildirilib ki, Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədli Qrupunun qərarlarının icrası üçün Azərbaycan hökumətinə təzyiqləri artırmalı, bunun üçün bütün vasitələrdən istifadə etməlidir. Məktubda həmçinin bildirilir ki, 2024-cü ilin yanvarından Azərbaycanda repressiyalar intensivləşib: “Bakıda iqlim dəyişikliyi ilə bağlı konfrans keçiriləcək. Bu ərəfədə ölkədə repressiyaların nəzərəçarpacaq dərəcədə intensivləşməsinin şahidi oluruq, xüsusən də 2024-cü il fevralın 7-də prezident seçkiləri və sentyabrın 1-də parlament seçkiləri ərəfəsində”. Məktubda qeyd edilir ki, Azərbaycanda mediaya, vətəndaş cəmiyyətinə, indi də hüquqçulara təzyiqlər artırılıb: “Akademiklər və alimlər həbsə atılır. Repressiya getdikcə daha çox gənc fərdlərə yönəlir. Məsələn,  aprelin 29-da tanınmış azərbaycanlı hüquq müdafiəçisi, 2014-cü il Vatslav müsabiqəsinin qalibi Anar Məmmədli yenidən həbs edildi. Onun həbsi repressiyaların artmasının simvoludur”. Məktubda qeyd edilib ki, Anar Məmmədli Azərbaycanda seçkiləri müşahidə edən yeganə təşkilatın rəhbəridir. “Üstəlik, o, Azərbaycanda həbs edilən yeganə siyasi məhbus deyil. Ölkədə 300-dən çox siyasi məhbus var. Məsələn, Famil Xəlilov sosial mediada kifayət qədər izləyicisi olan vətəndaş fəalıdır. Həbs edilib və pis şəraitdə saxlanılır. Bəhruz Səmədov avtoritarizm üzrə ixtisaslaşmış tədqiqatçı və fəaldır. O da həbs edilib və xəyanətdə suçlanır. Onun həbsi gənc akademikləri susdurmaq məqsədi daşıyır”. Daha sonra iqtisadçı Qubad İbadoğlunun həbsinə toxunulur. Qeyd edilir ki, o, korrupsiyaya qarşı mübarizə üzrə ekspertdir. Azərbaycanda və xaricdə dövlət maliyyəsinin idarə edilməsi və yaxşı idarəçiliyə dair araşdırmalar müəllifidir: “Azərbaycan hökuməti onu da zorakılıqla həbs edib. Doqquz aylıq bir müddətin ardından barəsində həbs qətimkan tədbiri seçilərək ev dustaqlığına buraxılıb. Günahı sübuta yetirilərsə, onu 17 ilə qədər həbs cəzası gözləyir. Həmkarlar ittifaqı fəalı Afiəddin Məmmədov 2023-cü ilin avqustundan istintaq təcridxanasındadır. O, 11 il həbs cəzası ilə nəticələnə biləcək cinayət ittihamları ilə üz-üzədir”. Eyni zamanda, hakimiyyətin müstəqil medianı sıxışdırıb, redaksiyalara basqın etməsi məsələsinə toxunulub. Bildirilib ki, ötən ilin sonundan başlayaraq media qurumları “AbzasMedia”, “Toplum TV” və “Kanal 13” media qurumlarının jurnalistləri həbsə atılıb. 2024-cü ilin iyununadək səkkiz jurnalist həbs edilib: “Onlar müxtəlif cinayət ittihamları ilə istintaq təcridxanasına salınıb”. Daha sonra siyasi fəalların həbsinə toxunulub. Bildirilib ki, Tofiq Yaqublu və Ruslan İzzətli də müxtəlif ittihamlarla həbsdədir. Həmçinin bildirilir ki, Avropa Şurası Nazirlər Komitəsində Məmmədli Qrupunun işi davam edir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
xural.com

1Mənbələr