AZ

“Məlhəm” Beynəlxalq Hospitalı bütün iddialara cavab verdi

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl sosial şəbəkələrdə aktyor Əlvan Fərmanoğlunun ayağının amputasiya edilib. Məlumatda iddia edilirdi ki, hadisə “Məlhəm” Beynəlxalq Hospitalın həkimlərinin səhlənkarlığına görə baş verib.

Məsələ ilə bağlı “Məlhəm” Beynəlxalq Hospitalının icraçı direktoru Sevda Əlizadə “Qafqazinfo”ya geniş açıqlama verib. 

O iddialara cavab olaraq bildirib ki, bu xəbər sosial şəbəkədə yayılmadan öncə, ötən həftənin V günü aktyorun qardaşı oğlu və rejissor dostu klinikaya gəlib: “Onlar “elə etməyin ki, 5 manatlıq iş sizə 15 manata başa gəlsin” deyə bizi təhdid ediblər. Daha sonra onlar klinikanın direktor müavini Ceyla Əhmədxanova ilə görüşüblər. Ceyla xanım hazırda direktorun məzuniyyətdə olduğunu, həftənin I günündən etibarən işdə olacağını bildirib. Həftənin birinci günü rəhbərliyə məruzə olunduqdan sonra digər doktorların da olduğu konsiliumun keçiriləcəyini, əgər lazım gələrsə, ekspertiza təyin olunacağını da qeyd edib. “Əgər bizim həkimimizin səhvi aşkarlanarsa, əlimizdən gələn dəstəyi etməyə hazırıq”, -  deyə xanım vurğulayıb. Ceyla xanım öz əlaqə nömrəsini də verərək hər hansı bir problem yaranarsa, zəng etmələrini  də xahiş edib. Lakin qarşı tərəf iki gün gözləmədən sosial şəbəkələrdə paylaşım  edib. İnanın mən çox humanist və ürəyiyumşaq insanam, əgər mən işə çıxana qədər səbr etsə idilər,  insanlıq naminə günahımız olmasa belə, sənət adamı olduğu üçün istənilən yardımı etməyə hazır idim, amma artıq gecdir. Onlar klinikanın nüfuzuna ciddi zərər veriblər və iş məhkəmədədir.

Onu da qeyd edim ki, hospitalda iyulun 11-də Əlvan Abdullayevın sağ ayağına, iyulun 18-də isə sol ayağına “Tıxanmış ayaq damarlarına stend taxılması proseduru’’ icra olunub. Xəstədə prosedur zamanı və prosedur sonrası fəsad və ağırlaşma qeydə alınmayıb. Xəstə kafi vəziyyətdə evə yazılıb. Aktyor daha sonra dövlət xəstəxanasına üz tutub, 20 gün orada yatdıqdan sonra ayağı amputasiya olunub. İndi isə o, həkimin dediyinə görə ondan 40 000 manat pul tələb edir. Doktor da məbləği ödəmədiyi üçün bu yola əl atdılar. 

Bəzi insanlar bu məsələdən şou yaratmaq istədilər. Amma bu şouda biz yoxuq. “Məlhəm”in adının şouda hallanmasına icazə vermərik, çünki biz ölkədə dünya standartlarına cavab verən və ciddi işlər görən böyük xəstəxanalardan biriyik. Bunun üçün də mən səsimi çıxarmıram və hər kəslə hüquq müstəvisində danışacağam. Biz demokratik bir ölkədə yaşayırıq. Bu dövlətin ədalətli məhkəmə sistemi var: kimin kimdən nə şikayəti varsa, qoy məhkəməyə müraciət etsin. Günahkar da qanun çərçivəsində cəzalandırılsın. Hansısa aparıcılar, sosial mediada aktiv olan insanlar Səhiyyə Nazirliyinin eksperti, prokuror, hakim rolu oynamasınlar. Qoy hər kəs öz işi ilə məşğul olsun”. 

“Məlhəm Beynəlxalq Hospitalı”nın icraçı direktoru klinikada peşəkar heyətin çalışdığını bildirir: “Bir klinikanın, həkimin illərlə zərrə-zərrə yığılan etibarını, nüfuzunu heç bir tibbi təhsili olmayan insanlar bir yazıları, mesajları, “story”ləri ilə alt-üst edə, ləkələyə bilməzlər, bilməməlidirlər. Bu, bu qədər asan olmamılıdır, buna haqları çatmamalıdır. Bir klinika asan qurulmur, bir həkim asan həkim olmur. Bunun üçün o, bütün gəncliyini, illərini, ömrünü verir. Gecəsi-gündüzü olmadan, durmadan, yorulmadan həyatı boyu özünü təkmilləşdirərək çalışır-vuruşur ki, insanların sağlamlığının keşiyində dursun. Bizim klinikada çalışan həkimlərin hər biri öz sahəsinin peşəkarlarıdır. Hamısı ölkəmizdə və xaricdə təhsil almış seçilmiş həkimlərdir. O həkimlər burada çalışır ki, onlara ailəmi etibar edə bilirəm. 

Bu gün bizim klinikanın yaşadığı bu situasiyanı bir çox xəstəxana yaşayır. İnsanlar klinika, yaxud həkimi adi bir şeydən “belə telefonla canlı yayım açıb sizi biabır edəcəyəm” deyə hədələyə bilməməlidir. Xəstəxananı, həkimi ləkələmək, ona şər-böhtan atmaq bu qədər asan olmamalıdır. Belə hadisələri biz dəfələrlə yaşamışıq. İstər “bloqer” olsun, istərsə də sosial mediada aktiv olan hər hansı insan, istər adi vətəndaş, gəlib klinikada müalicə alıb, xidmətlərimizdən yararlanıb, sonda isə ödəniş etməmək üçün bu kimi vasitələrə əl atıb şantaj ediblər. Son hadisədə olduğu kimi”. 

Klinikada daha öncə də tanınmış aktyorlarımızın müalicə aldığını bildirən Sevda Əlizadə bu gün onların sağlamlığına qovuşduğunu deyir: “Məlhəm”də çox tanınmış insanlar əməliyyat olunub, müalicə alıb. Məsələn, keçən aylarda aktyor Allahverdi Yolçuyev, Xalq artisti, aktyor Şamil Süleymanlı, Xalq artisti Rasim Balayev, müğənni Rahidə Baxış burada müalicə olunaraq razılıqla çıxıb gediblər. Aktyor Allahverdi Yolçuyev Parkinson xəstəliyindən əziyyət çəkirdi. Onun 36 min manatlıq əməliyyatını  “Məlhəm Hospital” təmənnasız həyata keçirib. Həmçinin Şamil Süleymanov da burada müalicə alıb, divarlardan tuta-tuta klinikaya müraciət etdiyini deyən aktyor hazırda tam sağlamdır. Daha sonra Türkiyədə müayinə olunan sənətkarımıza “siz tamamilə sağalmısınız, müalicəniz düzgün olunub, oradakı həkiminizə minnətdarlıq edin”, - deyiblər. 

S. Əlizadənin sözlərinə görə, “Məlhəm Beynəlxalq Hospital” dünya standartlarına cavab verən 28 000 kv sahəsi, güclü tibbi heyəti, yeni cihaz və avadanlıqları ilə xalqına düzgün tibbi xidmət göstərən bir tibb ocağıdır: “Bura üz tutan pasiyentlər şəfa taparaq həyatlarına davam edirlər. Biz respublikada  Parkinson cərrahiyyəsi edən iki hospitaldan biriyik. Son iki ayda 20-yə yaxın xəstə əməliyyat etmişik. Bu, böyük nailiyyətdir. Ölkəmizdə keçirilən COP 29 zamanı dövlət tərəfindən tibbi xidmət üçün etimad olunmuş üç özəl xəstəxanadan biriyik. 

“Bilirsiniz, bəzən elə xəstələr olub ki, onları heç bir xəstəxana qəbul etməyib ki, “bu xəstənin perspektivi yoxdur, sağalmayacaq”. Lakin həmin xəstələr bizim klinikada müalicə alaraq ailələrinə qayıdıblar. Buna misal olaraq, 40 gün başqa xəstəxanada reanimasiyada müalicə aldıqdan sonra “aparın, ümid yoxdur deyilən” 48 yaşlı Giyen Barri sindromu xəstəsini, burun əməliyyatından sonra ölümcül vəziyyətdə klinikamıza gətirilən 18 gün reanimasiyada yaşam mücadiləsi verən 20 yaşlı iki uşaq anasını, əlində qaynaq partladığı üçün üzü tamamilə dağılan 26 yaşlı gənc oğlanı, işlədiyi tikintidən yıxılaraq beyin sümükləri pul-pul olmuş, ağciyəri, dalağı və bütün orqanları ciddi zədə almış 18 yaşlı gənci, “yaşama şansı yoxdur” deyilərək heç bir xəstəxananın qəbul etmədiyi anadangəlmə defektlə dünyaya gəldiyi üçün doğum sonrası iki dəfə əməliyyat olunub bu gün həyatda olan 800 qramlq körpəni göstərmək olar.

Demək olar ki, hər gün biz belə pasiyentlərlə qarşılaşırıq. Bu sadaladıqlarım isə son üç ay ərzində bizə gələn xəstələrdən hələ bir neçəsidir. Onların hamısı sağ-salamat evinə qayıdıb. 

Hazırda burada son antiterror əməliyyatlarında Xocalı aeroportunu işğaldan azad edərkən meşədə mühasirəyə düşərək snayperlə onurğa sümüyünün boyun nahiyəsindən vurularaq 18 nəfərlik komandadan tək həyatda qalan qazimiz kapitan Namiq Zöhrabov müalicə alır. Namiq ötən ilin noyabr ayının 7-də ağır vəziyyətdə hospitala daxil olub, gələrkən tam iflic vəziyyətində idi, artıq danışır, oturur, əlini tərpədir və burada yataraq müalicə alır. O, bir ilə yaxındır ki, burada yaşayır, ailə üzvləri hər gün onu görməyə  gəlir. Müalicələri və reabilitasiyası çox yüksək şəkildə aparılır. Hansı ki, vaxtilə perspektivsiz xəstə olaraq qiymətləndirilmişdi. Onu həm də bu gün ölkədə sadəcə bizim klinikada olan TMS cihazı ilə müalicə edirik, bu da onun depresiyaya düşməməsinə, sinirlərinin bərpasına, yuxu və sairə problemlərinə müsbət təsir göstərir.

Bu kimi neqativ hallar, şou göstərərək həkim və klinikaların sayəsində gündəmə gəlmək istəyən insanlar və saytlar bilməlidirlər ki, Azərbaycan səhiyyəsinin inkişafina dəstək olan qurumları bu şəkildə qaralamaqla əslində Azərbaycanda tibbin inkişafına ciddi ziyan vururlar. Tibbdən xəbəri olmayan bu dırnaqarası qəhrəmanlar insanların Azərbaycan səhiyyəsinə olan inamını azaldaraq bir çoxlarının evdə özlərini müalicə etməsinə təhrik edir ki, bu da xəstəliyin ağırlaşmasına, xəstənin son anda həkimə müraciət etməsinə səbəb olur. Bəziləri isə xarici ölkədə müalicəyə üz tutur ki, bu da ölkə iqtisadiyyatına ciddi zərbə vurur.

Əziz həmvətənlərim, gəlin bir-birimizə dəstək olaq, köstək yox. İnformasiyanı dəqiqləşdirərək paylaşaq, dinləyək, problemin həlli yollarını axtaraq ki, cəmiyyətimiz inkişaf etsin çiçəklənsin və sağlam olsun”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
qafqazinfo.az

2Mənbələr