AZ

“Əsas günah məşqçilər korpusundadı” - Borisov vəzifəsindən azad oluna bilər

“Araz-Naxçıvan” Çempionla Liqasının (ÇL) ilkin mərhələsində mübarizəni dayandırdı. Komanda B qrupunda “Sparta Belfast”a 7:1 (Ş.İrlandiya), “Sillamae Silla”ya (Estoniya) 7:0 hesabıyla qalib gəlsə də, “Uddevalla”ya (İsveç) uduzmaqla (3:4) ikinci oldu.

Qısa ÇL macərası və uğursuz baş məşqçi Vitali Borisovun taleyi haqda fikirlərini öyrənmək üçün klubun vitse-prezidenti Mahmud Sadıqova müraciət etdik. Onun “Football-plus.az”a dedikləri:

“Məqsədimiz əsas mərhələ idi. Qarşıya konkret hədəf qoyulmuşdu. Hətta növbəti mərhələnin planları cızılmışdı. Məğlubiyyətə məşqçilərin yanlış taktikası və bəzi bəxtsizliklər səbəb oldu. İlk iki rəqibə qarşı hücum futbolu oynamışdıq. Sən demə, məşqçilər korpusu həlledici matç üçün müdafiə futboluna üstünlük verəcəkmiş. Ona görə ki, komandaya heç-heçə bəs edirdi. İlk hissədə bunu gördüyümdən fasilədə dərhal planın dəyişməsini tələb etdim. Amma oyunçular məhz müdafiə futboluna hazırlaşdıqlarına və iki əsas oyunçumuz zədələndiyinə görə istədiyimizi edə bilmədik. Həmin gün heç nə alınmadı. Üstün olduğumuz rəqibə uduzduq. Əsas günah məşqçilər korpusundadı. “Araz-Naxçıvan” yalnız hücum futbolu oynamalıdı. Bu barədə xəbərdarlıq etmişdik. İlk iki oyunda bəhrəsini də gördük. Hər kəs “Uddevalla”nı tək ayaqla belə məğlub edəcəyimizi deyirdi. Rəqib belə çəkinirdi. Lakin taktikamızın səhv olduğunu anlayıb həvəsləndilər. Belədə acınacaqlı şəkildə uduzduq. Hələ baş məşqçiylə bağlı qərar verməmişik. Qarşıdan millinin yoldaşlıq oyunları gəlir. Vitali Borisovun fikirlərini bulandırmamaq üçün yığmayla bağlı işlərini bitirməsini gözləyirik. Bundan sonra özü ilə ciddi söhbətimiz olacaq. Baş məşqçi dəyişə bilər. Durumdan asılı olaraq, şans vermək də mümkündü. Bu, özündən asılıdı. Komandaya gəlincə, Kadinyo, Amadeu və Yaşiç ayrıldı. Üç yeni oyunçuyla anlaşmışıq. Millimizin və “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Joze Alesio da Silva Qazaxıstanın “Ordabası” klubunda çalışmağa başlayandan sonra Amadeunu da yanına apardı. Oyunçu ÇL-də mübarizəni dayandırdığına görə psixoloji çətinliklə üzləşmişdi. Getmək istədiyini dedi. Onsuz da əvvəlki Amadeu olmayacaqdı. Bu üzdən nəsə demədən yola saldıq”.

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
football-plus.az

1Mənbələr