AZ

Morato 11 milyon avroya “Nottingem Forest”də

“Benfika”nın “Morato” ləqəbi ilə tanınan mərkəz müdafiəçisi Felipe Rodriqes da Silva bundan sonra “Nottingem Forest”in formasını geyinəcək.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Braziliyalı futbolçunun transferi “Nottingem Forest”ə 11 milyon avroya başa gəlib. 23 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Morato Braziliyanın “San Paulo” klubunun yetirməsidir. “Benfika” onu 2019-cu ilin sentyabrında 7,6 milyon avro qarşılığında heyətinə cəlb etmişdi. Müdafiəçi Portuqaliya nəhənginin əsas komandasının heyətində 86 oyun keçirib, 2 qol və 2 assistlə yadda qalıb.

“Nottingem Forest” “Vest Hem”in mərkəz yarımmüdafiəçisi Ceyms Uord-Prouzu da heyətinə qatıb. Sözügedən klub 29 yaşlı ingilis futbolçunu bu mövsümün sonadək icarəyə götürüb.

Daha öncə “Sauthempton”da da oynamış Ceyms Uord-Prouz “Vest Hem”ə 2023-cü ilin avqustunda 34,8 milyon avro müqabilində cəlb olunub. Təcrübəli yarımmüdafiəçi bu komandanın heyətində 53 oyun keçirib, 7 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Uord-Prouz 2017-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyuna çıxıb, 2 qol vurub.

“Nottingem Forest” iki futbolçusu ilə də yollarını ayırıb. Daha doğrusu, bu klub mərkəz müdafiəçisi Aaron Donnellini “Kolçester Yunayted”ə, sağ vinger Coş Bouleri isə “Preston Nort End”ə icatəyə verib. Hər iki futbolçu bu mövsümün sonunadək icarədə çıxış edəcək.

21 yaşlı Aaron Donnelli “Nottingem Forest”in əsas komandasında cəmi 1 oyun keçirib. Şimali İrlandiya yığmasında da 1 oyun keçirmiş müdafiəçi “Dandi Yunayted”, “Port Veyl” kimi klublarda icarədə olub.

Coş Bouler isə “Nottingem Forest”də ümumiyyətlə oyun keçirməyib. 25 yaşlı futbolçu bu kluba cəlb olunandan bəri icarələrdə çıxış edir. Yarımmüdafiəçi “Bləkpul”, “Everton” (U-23), “Kardiff Siti”, “Hall Siti”, “Olimpiakos” və KPR kimi klublarda çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
arena.az

1Mənbələr