AZ

“Azərbaycan gəncləri dünyanın əksər ölkələrinin gənclərindən daha zirək, ağıllı, zəhmətkeşdir“ - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Hər zaman yaşlı nəsil elə düşünür ki, onlardan sonra gələn nəsillər, xüsusilə də gənclər təmbəldirlər, işə həvəs göstərmirlər. Eyni zamanda hər zaman gənclərin hər şeyi hazır istədikləri də düşünülür. Bu fikirlərdə həqiqət var. Hətta bununla bağlı “babaların qurduğu, ataların yediyini, nəvələr dağıdırlar” ifadəsi də işlədilir. Komfort get-gedə bütün dünyada olduğu kimi Azərbaycanda da insanları tənbəlləşdirir. Azərbaycanın iqtisadi vəziyyəti düzəldikdən sonra vətəndaşlarımız hündürmərtəbəli bina, 3-4 otaqlı mənzil, bahalı maşın, yüksək maaşlı iş vəs . istəyirlər. Bütün bunlar təbii istəklərdir. Gənclərin bu cür arzularını normal qəbul etmək lazımdır. Amma gənclər anmalıdır ki, uşaq bağçasından başlayaraq hər gün oxumaq, bacarıqlarını artırmaq, karyera qura bilmək üçün pillə-pillə addımlamaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, elə kəşflər etmək lazımdır ki, arzularımıza çata bilmək üçün bizə milyonlar qazandıra bilsin: “Azərbaycan gəncləri dünyanın əksər ölkələrinin gənclərindən daha zirək, ağıllı, zəhmətkeşdir. Əsas odur ki, onların bu cür müsbət xüsusiyyətlərini biz düzgün yönləndirə bilək. Biz gənclərimizi təşkilatlandıra bilsək, daha böyük uğurlara yönləndirə bilsək onlar böyük uğurlar qazana bilərlər.
Azərbaycan gənclərinin tənbəl olduğunu düşününlər, Rusiya, Belarusiya, Türkiyə, hətta Avropa ölkələrində iş qurmuş, karyerasında yüksəlmiş şəxslər məhz Azərbaycan gəncləridir. Çünki iqtisadi və ya başqa səbəbdən özünü burada göstərə bilməyən gənclərimiz, xarici ölkələrdə böyük uğurlara imza atırlar.
Ölkəmizdə gənclərin sayı azaldıqca demoqrafik problemlər, evliliklərin sayının azalması da müşahidə olunur və əhalinin yenidən gəncləşməsi prosesi gecikir.

Nəzərə almalıyıq ki, artıq süni intellektin inkişafı bütün dünyada işsizliyə səbəb olmağa başlayacaq. Buna görə də insanlara ehtiyac qalmır və onların tənbəlləşməsinə səbəb olur. Buna görə də gənclərimizi zehni əməyə yönləndirməli, texnoloji bilgilər öyrənməyə təşviq etməliyik. Bununla da həm özləri, həm də ölkə üçün daha böyük yeniliklərə imza atacaqlar”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
sia.az

1Mənbələr