AZ

Makron Fransasından növbəti ABSURD QƏRAR – Regional siyasətdə Bakıya uduzmağın İSTERİKASI

Fransanın Avropa və Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Azərbaycana səyahət etməməyi tövsiyə edib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, belə bir çağırışın absurd olduğunu bildirib və qətiyyətlə pisləyib. Qeyd olunub ki, Fransa tərəfindən verilmiş bu cür əsassız, qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir.

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin müraciəti tamamilə ziddiyyətlidir.

Onun sözlərinə görə, Azərbaycanda hal-hazırda ümumi təhlükəsizlik vəziyyəti yaxşıdır: “Azərbaycanda Fransa vətəndaşlarına qarşı hər hansı bir təhlükə yoxdur. Regionda müharibə təhlükəsi yoxdur. Belə bir anda Fransanın bu cür açıqlama verməsi tamamilə absurddur və gülüş doğurur. Görünür ki, Emmanuel Makron hökuməti baş verən xarici siyasətdəki uğursuzluqlarının səbəbini məhz bu formada ört-basdır etməyə çalışır. Əgər Fransaya, bu ölkənin vətəndaşlarına qarşı hər hansı təhlükə olsa idi, bu, şirkətlərə qarşı da olardı. Məlum olduğu kimi, Fransanın mühüm şirkətləri Azərbaycanda uzun müddətdir fəaliyyət göstərir. Əgər fransızlara qarşı Azərbaycanda hər hansı təhlükə olsaydı, ilk növbədə Fransaya aid şirkətlərə qarşı da bu, baş verərdi. Necə olur ki, həmin şirkətlər təhlükəsiz şəraitdə burada işləyirlər, onlara qarşı hər hansı bir təhlükəli vəziyyət yoxdur, ancaq Fransa hökuməti vətəndaşlarına çağırış edir ki, Azərbaycana getməyin. Əgər elə bir təhlükəni hiss edirlərsə öz şirkətlərini Azərbaycanda çəksinlər, burada həmin şirkətləri işləməsin. Əgər sənin şirkətin Azərbaycanda rahat işləyirsə, buradan pul qazanırsa, bunun müqabilində sən öz vətəndaşlarına həmin ölkəyə getməyin deyirsənsə, bu, artıq ikiüzlülükdür”.

Siyasi şərhçi Z.Əmrəliyevin qənaətincə, prezident Emmanuel Makron Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinə qadağalar qoya, onları ölkəmizə gəlməkdən, burada fəaliyyət göstərməkdən çəkindirə bilməz: “Çünki Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətləri kifayət qədər böyük biznes subyektləridir. Onların özləri də çox böyük güclərdir. Makron onlara söz keçirə bilməz. Makron sadəcə sadə vətəndaşlara söz keçirə bilir. Bu Azərbaycanın imicinin Fransada aşağı salınmasına xidmət edən bir vasitədir. Azərbaycanı fransızlar üçün təhlükəli ölkə kimi göstərmək istəyirlər. Görünür Fransa hökuməti o qədər acizləşib ki, faktiki olaraq regional siyasətdə Azərbaycana uduzmasının heyfini qarayaxma kampaniyası ilə öz ölkəsində çıxmağa çalışır, isterika yaşayır. Təəssüf doğuracaq haldır ki, dünyanın böyük tarixə malik ölkələrindən biri Emmanuel Makron kimi siyasətə təsadüfən gəlmiş insanların əlində oyuncağa çevrilib”.

Nailə QASIMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
medianews.az

1Mənbələr