AZ

Ceyhun Nuriyev: "Bu barədə əsas söz sahibləri Emin, Ramil və baş məşqçidi"

Dünən keçirilən və millimizin 1:3 hesabı ilə məğlub olduğu matçdan sonra Ceyhun Nuriyev Sport24.az-a müsahibə verib. Meydana sonradan çıxan yarımmüdafiəçi həm oyunla bağlı fikirlərini bölüşüb, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.
 
- Fernandu Santuşun məşq prosesini necə xarakterizə edərdin?
- Yığmanın yeni baş məşqçisinin rəhbərliyi altında cəmi iki məşq etdik. Hətta futbolçuların bir hissəsi klublarında çempionat matçında oynadığına görə demək olar məşq etmədilər. Buna rəğmən hamının əhval-ruhiyyəsi yüksək idi. Düşünürəm ki, zamanla Satuşun futbol fəlsəfəsini mənimsəyəcəyik.
 
- Portuqaliyalı mütəxəssisin məşqlərində nə kimi yeniliklər gördüz?
- Ümumi götürəndə böyük ölçüdə nəsə yenilik gətirməyib. Əsas odur ki, məşq zamanı öz istəklərini, tələblərini çaydırdı və bizi daha çox psixoloji yöndə oyuna kökləməyə çalışdı. Dediyim kimi vaxt azlığına görə cəmi iki məşq keçdik.
 
- Milli  İsveçlə oyuna heç də pis başlamadı. Ancaq yenə də komanda son nöqtəni qoymadqa çətinlik çəkir...
- Bəli, oyuna aqressiv başladıq. Sevindirici haldır ki, hücumda istədiyimiz qol epizodları yaratdıq, sadəcə, onları qola çevirə bilmədik. Düşünürəm ki, bu şansız anlar idi. Təbii ki, müdafiədə də ehtiyatlı olmalıydıq, amma səhvlərə yol verdik.
 
- Necə düşünürsən, oyunun qırılma nöqtəsi Ramil Şeydayevin qaçırdığı penalti oldu, yoxsa rəqib qapıçının ilk yarıda inamlı oyunu?
- Reallıq odur ki, penaltidən fərqlənib fasiləyə 1:0 hesabı ilə üstün yollansaydıq oyunun gedişi fərqli olacaqdı. Ən azı ikinci yarıda daha ehtiyatlı çıxış edəcəkdik.
 
- Adətən yığmada duran topları Emin Mahmudov vurur. Bu dəfə Ramil bu missiyanı üzərinə götürsə də, uğursuz oldu. Əvvəlcədən deyilməmişdi ki, penaltini kim vuracaq?
- Hər iki futbolçumuz penalti vurmağı bacarır. Amma bu barədə əsas söz sahibləri Emin, Ramil və baş məşqçidi. Ona görə çox danışmaq istəməzdim.
 
- Paltardəyişmə otağında Ramilə dəstək olduz?
- Azərbaycan yığmasının formasını geyinən hər bir oyunçuya dəstək oluruq. Ramilin penaltini qaçırmasında da qəbahət, faciə yoxdu və ona dəstək olduq, yanındayıq.
 
- Nəticəni qoyaq kənara, sərgilədiyiniz oyunla Slovakiya və qrupdakı digər matçlarda uğur qazanmağınız mümkün görünür?  
- Düşünürəm ki, İsveçə qarşı sərgilədimiz oyun həm bizi, həm azarkeşləri ümidləndirməlidi. Bizə dəstəklərini əsirgəməsinlər. Hazırkı tonusu qorusaq və bir az da artırsaq uğurlu nəticələr qazanacağımıza inanıram.
 
ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
sport24.az

10Mənbələr