AZ

İqtisadiyyatın inkişafında regionların rolu

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Regionlar ölkə iqtisadiyyatının inkişafında ən önəmli yerə sahibdir. 

Kənd təsərrüfatı mallarının istehsalı, daxili bazar təlabatının ödənilməsi kimi amillər böyük ölçüdə məhz regionların sosial-iqtisadi inkişafından asılıdır. Bu mənada regionların sosial-iqtisadi inkişafı dövlətin ən prioritet məsələlərindəndir.

Belə ki, bu istiqamətdə müsbət nəticələrə nail olmaq üçün bu günə qədər 4 dövlət proqramı icra olunub. Hazırda 5-ci dövlət proqramı icra edilir.

Azərbaycanda həyata keçirilən uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır.

Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər üzrə) qəbul və icra edilib.

İcra edilən proqramların isə rəsmi statistik rəqəmlərdə nəticələri müsbətdir. 

Məsələn, rəsmi rəqəmlərə görə, icra olunan dövlət proqramlarından sonra ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. 2020-ci ilin statistik göstəricilərinə görə, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində son 17 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.

2022-ci ildə isə qeyri-neft sektorunda üDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub.

Bu nəticələrin isə real iqtisadiyyatda hansı çəkiyə malik olduğu sual doğurur. Söhbət ondan gedir ki, bu gün də regionlarda işsizlik, regionlardan paytaxta əhali axını kimi problemlər var. Bu isə iqtisadi mənzərənin rəsmi rəqəmlərdə olduğundan fərqliliyini göstərir.

İş üçün kütləvi şəkildə Bakıya axın edən region əhalisi əslində real mənzərənin göstəricisidir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən başlıca səbəblərdən biri kəndlinin öz məhsulunu bazara çıxara bilməməsidir. Bazarlardakı monopoliya kəndlinin qarşısını kəsir.

Bu da kəndlinin istehsal etdiyi məhsulu dəyərindən dəfələrlə ucuz qiymətə işbazlara satmaq məcburiyyətində qalmasına gətirib çıxarır. 

Nəticədə isə kəndli çəkdiyi xərciyi konpensasiya edə bilmir və növbəti illərdə məhsul istehsalına maraq göstərmir.

Bu problemin həlli istiqamətində dövlət tərəfindən addımlar atılır. Bu ilin 1 iyulundan qüvvəyə minən Rəqabət Məcəlləsinin bazardakı monopoliyanı aradan qaldıracağına böyük ümid yaradır.

Rəqabət Məcəlləsindən gözləntilər belədir ki,  ölkədə əlverişli biznes mühiti inkişaf edəcək, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaranacaq.

17 il parlamentin müzakirəsində qalan Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən hələ 2 aydan bir qədər çox keçib. Yaxın gələcəkdə bu məcəllənin real iqtisadiyyatda hansı müsbət nəticələr verəcəyi daha aydın görünəcək.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
cebheinfo.az

1Mənbələr