AZ

"Kəlbəcər bizim üçün böyük arxadır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Kəlbəcər rayonunun Azərbaycanın bu günü və gələcəyi üçün böyük əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, bu rayon təkcə bizim üçün sərhədyanı bölgə deyil, gözəl təbiət, işgüzar insanlar deyil, Kəlbəcər həm də bizim üçün böyük arxadır: "Çünki orada böyük su ehtiyatlarımız, faydalı qazıntılarımız, müvafiq infrastruktur yaradılır. Bu potensial problemlərin aradan qaldırılması üçün və Kəlbəcərin inteqrasiyasının əsas milli sistemimizə daha dinamik getməsi üçün Prezident İlham Əliyevin çox böyük diqqəti var. Təsadüfi deyil ki, o, Kəlbəcərə tez-tez baş çəkir. Onun rəhbərliyi altında genişmiqyaslı quruculuq, bərpa işləri gedir, körpülər salınır, yollar salınıb, müxtəlif yol qovşaqları inşa edilir, istifadəyə verilir. Amma əsas da odur ki, biz həm də bölgədə elə sistem, işlək infrastruktur quraq ki, birincisi, orada yaşaya insanlarımızı təmin etsin, digər tərəfdən də əmin olaq ki, bütün Kəlbəcər bölgəsinin naz-neməti insanları, varlıqları etibarlı şəkildə qorunur. Bunun üçün də müvafiq tədbirlər həyata keçirilir, ona görə də Prezident həmişə vurğulayır ki, əgər Ermənistan öz həddini aşsa, qırmızı xətti keçməyə çalışsa, biz hər yerdə, o cümlədən də, Kəlbəcərdə onların cavabını verəcəyik, icazə verməyəcəyik ki, bizim hüdudlarımıza təhdid törətsinlər.

Bu dəfə də gördük ki, əsas məsələ Su Elektrik Stansiyalarının tikintisidir. Kəlbəcərin böyük su ehtiyatları var, dağ çayları həddindən artıq çoxdur. Təbii bərpa olunan enerji mənbələrinin istifadəsi bizim üçün önəmlidir. Hətta COP29 -un mövzusu kontekstində həm bu gün, həm də gələcək üçün dövlət başçısının qarşıya qoyduğu tələb ondan ibarətdir ki, işğaldan azad olunmuş torpaqlarımızın hamısında sərasər yaşıl enerji istehsal olunub istifadəyə verilsin. Biz addım-addım bu prosesdə böyük nailiyyətlər əldə edirik. Təsadüfi deyil ki, bu dəfə də Prezidentin iştirakı ilə orada su qovşaqlarının, elektrik stansiyalarının tikintisi, təməlqoyma mərasimləri keçdi. İstisuyun istehsalı ilə bağlı müasir zovod tikilib. İstisu böyük mənbədir, onun çox müalicəvi keyfiyyətləri var. Bu su insanların həm də səhhətinə dəstək verəcək. Prezident də, Birinci xanım Mehriban Əliyeva da o sudan daddılar və göstərdilər ki, bu, bizim insanlar üçün lazım olan çox vacib, nadir resursdur".

"Hamı üçün məlumdur ki, düşmənlər Kəlbəcərə göz dikmişdilər. Prezidentin məharəti sayəsində biz Kəlbəcəri bir güllə belə atmadan geri aldıq və göstərdik ki, Azərbaycan diplomatiyasının çox böyük çevikliyi var, səlis diplomatiyadır. Orada əlavə dağıntı, çöküntülər və itkilərimiz olmadı. Bu, Kəlbəcərlə yanaşı Laçın, Ağdama da aiddir. Nəhayət, Kəlbəcərin öz əhli gecə-gündüz düşünür ki, tez zamanda öz baba yurdlarında yenidən yaşasınlar. Belə insanların sayı çoxdur. Cəmiyyətdən də dövlət başçısına müvafiq sorğular gəlir, o da sorğuları vaxtında eşidərək işləri elə tərzdə qurur ki, tez bir zamanda Kəlbəcər tam mənada bərpa olunsun və onun nəbzi normal ritimlə döyünsün" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
sia.az

10Mənbələr