AZ

Alatava-1 sakinlərinin inanılmaz iddiası- "Xəbərimiz olmadan evlərimizi sökürlər"...

Image

Hüseyn Axundov: “Evi tərk etmək üçün sakinlərəi təhrik edici nəsə edilirsə, yaşayış yerinə ziyan vurulursa onlar bununla bağlı məhkəməyə müraciət edə bilər”

Yasamal rayon Alatava 1 adlanan yaşayış sahəsində söküntü işlərinə başalanılıb. Ərazi yenidən qurulacaq və müasir standartlara cavab verən binalar tikiləcək. Qeyd edilən ərazinin sakinləri iddia edir ki, onların xəbəri olmadan evləri sökülür. 

Sakinlər bildirir ki, bəzi vətəndaşlarla artıq müqavilələr bağlanıb. Digər mənzillərin sahibləri də ərazini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır: “Evlərə gələn suyu kəsiblər. Evlərə yaxın yerdə xəndək qazıblar, kəsilən su həmin xəndəyə yığılır. Nəticədə həmin su evlərin altına gedir, insanlar bu cür zülmlərdən bezib. Tam kompensasiya məbləği verilməsin deyə başımıza min bir oyun açırlar”.

“Yaşı çox olan həyət evləri var ki, həm istismar müddətini bitirib, həm də şəhərin ümumi xarici estetik görünüşünə xələl gətirir” 

Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, istismar müddətini bitirmiş binaların, mənzillərin sökülməsi zamanı tikinti şirkətləri ilə vətəndaşlar arasında yaşanan narazılıqlar daşınmaz əmlak bazarının ən aktual problemlərindəndir: “Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-cı ildən Bakıda istismar müddətini bitirmiş binaların sökülməsi, yeni binalarla əvəzlənməsi prosesinə başlanıldı. Həmin ildən bəri Bakıda çox sayda bina sökülüb və yeniləri tikilərək vətəndaşlara təhvil verilib. Bakıda qəzalı vəziyyətdə təkcə çoxmənzilli yaşayış binası deyil, fərdi həyət evləri də var. Yaşı çox olan həyət evləri var ki, həm istismar müddətini bitirib, həm də şəhərin ümumi xarici estetik görünüşünə xələl gətirir. Bunların sökülüb əvəzinə hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulur. Bakıda elə ərazilər var ki, sakinlərinin bir hissəsi köçüb, amma bir neçə sakin köçməyib deyə söküntü işi aparıla bilmir. Belə olan halda tikinti şirkəti həmin köçən sakinlərə məcburi kirayə pulu ödəyir. Digər tərəfdən, şirkət onlar qarşısında öhdəlik götürür ki, müəyyən müddətə bina tikilib sizə təhvil veriləcək. Amma digər sakinlərin köçməməsi tikinti şirkətinin götürdüyü öhdəliyi pozur. Bir də görürsən, aradan 4-5 il keçir amma sakinlər evlərinə köçə bilmirlər. İstismar müddətini bitirmiş binaların və həyət evlərinin sökülməsi prosesinin sürətlə getməsi üçün dövlət qurumları addım atmalıdır. Tikinti şirkətlərində bu söküntüyə maraq olmasa, həmin binanı sökən olmayacaq və bu qəzalı binalar daha da qəzalı vəziyyətə düşəcək, təhlükə mənbəyinə çevriləcək. 

 Alatava 1 adlanan yaşayış sahəsində sakinlər iddia edir ki, onların xəbəri olmadan yaşadıqları ev sökülür. İnsanın evi sökülür, ancaq  bundan necə xəbəri olmur? Evi tərk etmək üçün sakinləri təhrik edici nəsə edilirsə, yaşayış yerinə ziyan vurulursa onlar bununla bağlı məhkəməyə müraciət edə bilər”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
baki-xeber.com

1Mənbələr