AZ

Söz demək haqqını itirənlərin heyrəti

“Sülh müqaviləsinin imzalanması münaqişəni həll etmək üçündür.Məqsəd regionda sülhün və sabitliyin, gələcəkdə isə Azərbaycanla qonşuluq münasibətlərinin tənzimlənməsidir”.

Bu cür nikbin açıqlama ilə Ermənistan parlamentinin komitə sədri Sərkis Xan­danyan çıxış edib. O, ilk baxışda praq­matik təsir bağışlayan bu fikirləri parla­mentdə düzənlədiyi mətbuat konfransında erməni jurnalistin “Qarabağ məsələsi”nin sülh müqaviləsinə salınıb-salınmayacağı barədə təxribatçı sualı cavablandırarkən deyib. Xandanyan rəsmi İrəvanın “Qara­bağ məsələsi”nə münasibətini konkret bu cür formulə edib: “Nə iddiamız var, nə də deyəcək sözümüz”. 

Komitə sədri media vasitəsilə erməni ictimaiyyətinin nəzərinə onu da çatdırıb ki, Ermənistanın heç bir qonşusuna qarşı ərazi iddiası yoxdur: “Sülh müqaviləsinin mətnində ərazi bütövlüyünün qarşılıqlı ta­nınması prinsipi təsbit olunub”.

Ardınca baş nazir Nikol Paşinyanın Qarabağ ermənilərinin geri qayıtması­nı real hesab etmədiyi barədə bəyanatına toxunan Xandanyan bunları bildirib: “Mən də hesab edirəm ki, bu şərtlər daxilində Qarabağ ermənilərinin geri qayıtmaları real deyil. Düşünmürəm ki, bu məsələni indiki məqamda, həm də ictimaiyyətlə mü­zakirə edə bilərik”.

* * *

Mətbuat konfransında yaddaqalan epi­zodlardan biri də Sərkis Xandanyanın jur­nalistin Ermənistan hakimiyyətinin ləğv edilmiş separatçı rejimi “33-cü ildönümü” ilə bağlı niyə “təbrik” etməməsi barədə avantürist sualına verdiyi qısa cavabı olub: “Bu məsələ ilə bağlı deyiləcək bir söz ol­saydı, deyilərdi”.

Razılaşın ki, olduqca dəqiq və mən­tiqi cavabdır. Doğrudan da, istər Qarabağ, istərsə də onun sərhədimizin o tayında separatçı rejimlə bağlı məsələlər özünün hüquqi həllini tapıb və buradan sözün qurtardığı məqam başlayır. Bəli, gec-tez, konkret əməl əsassız sözün meydanını bağlayır. İndi hayların Azərbaycanla sül­hə gələrək qarşıdakı daha ağır aqibətdən qurtarmaq üçün ciddi düşünməli olduqları mərhələdir. 

“Avropa İttifaqının ərazimizdəki mülki missiyası məsələsi Ermənistan və Aİ ara­sında müzakirə mövzusudur. Amma sülh müqaviləsi imzalandıqdan sonra mülki monitorinqin aparılmasına ehtiyac qalma­ya bilər”. Xandanyan bu fikirləri rəsmi Bakının iki ölkə arasında sərhədlərinin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamənin imzala­masının Aİ-nin Ermənistandakı mülki mü­şahidə missiyasının fəaliyyətinin dayandı­rılması üçün əsas olması barədə bəyanatına münasibət bildirərkən söyləyib. 

“Aİ müşahidəçiləri Ermənistan ərazi­sində yerləşdirilib və onlar sərhədin Ermə­nistan tərəfinə nəzarət edirlər. Buna görə Ermənistan və Aİ müşahidəçilərin fəaliy­yətinin nə vaxta qədər və hansı heyətlə da­vam etməsinə qərar verməlidirlər” – deyən Xandanyan növbəti praqmatik açıqlaması ilə erməni jurnalistləri təəccübləndirib. O deyib ki, Ermənistanla Azərbaycan arasın­da sülh müqaviləsi imzalanandan, sərhəd­lərin delimitasiyası prosesi başa çatandan və bölgəyə möhkəm sülh gələndən sonra bəlkə də Aİ-nin mülki monitorinq missiya­sına ehtiyac qalmayacaq.

* * *

Nəhayət, sülh sazişinin hansı plat­formada və kimin himayəsi ilə imzalana biləcəyi məsələsinə toxunan Ermənistan parlamentinin komitə sədri bu sualın açıq qaldığını nəzərə çatdırıb: “Ola bilər ki, sa­ziş ikitərəfli formatda imzalansın, ola bil­sin ki, üçüncü tərəfdaş ölkədə imzalansın. Bizim üçün bu variantların heç biri istisna edilmir. Sazişin imzalanması bizim üçün prioritetdir, dəyər verdiyimiz prinsipdir”.

Telekameralara az-az tuş gələn Sərkis Xandanyanın maraqlı açıqlamaları Ermə­nistan mediasında müzakirələrə səbəb olan əsas mövzulardandır. Onun rəsmi İrəvanın Qarabağla bağlı “idialarının və sözlərinin” qurtardığını bildirməsi isə sosial şəbəkə­də hirsli reaksiyalara səbəb olub. Bu, o deməkdir ki, erməni cəmiyyəti reallığın gətirdiyi və deputatlarının dilindən səs­lənən həqiqəti hələ də həzm etməkdə çə­tinlik çəkir. Amma alternativ yoxdur. Söz haqqını itirənlərin aqibəti belə olur... 

İ.HƏSƏNQALA
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
xalqqazeti.az

1Mənbələr