AZ

“Hər şey yaxçı olacaq, qərdeşlər...”

ANS-in Çingiz Mustafayev adına Radiosunu mən 1993-cü ildə yaradanda bu nəinki Azərbaycanda, bütün Qafqaz və Orta Asiyada ilk FM radiostansiya idi. Mənim ən böyük problemim yeni format, müasir radio üçün sovet propoqandasına bənzəməyən yayım stansiyası yaratmaq idi. Bunun üçün ilk növbədə kadrlar lazım idi... texniki və aparıcı heyət. O vaxtlar bizim Çarli ATL adında rok qrupumuz var idi və sözsüz ki, mənim ilk səs rejissorlarım və mühəndis dəstəyim Gündüz Bakılı başda olmaqla, Stas Kalaşnikov, Pavel Bulak, Elçin Əliyev və digərləri oldu.

Radionun avadanlığını sazlayandan sonra növbəti problem aparıcılar idi.

Sözsüz ki ilk aparıcı özüm oldum, lakin gün ərzində 20 saat veriliş aparmaq bir aydan sonra mənim səhətimi ciddi şəkildə sarsıtdı. Doğrudan da Allah bir qapını bağlayanda digərini açır... və bu açılan qapıya Elçin Turabov daxil oldu. "Hər şey yaxçı olacaq, qərdeşlər" elə qapıdan gülə-gülə səsləndirdiyi ifadəsindən sonra anladım ki, Azərbaycan dili ilə Elçinin münasibətləri hələ tam formalaşmayıb, amma buna baxmayaraq işləməyə başladıq. Möcüzəli fakt ondan ibarət idi ki, 50 qram araq içəndən sonra Elçinin elə bil ki, dili açılırdı. İlk dəfə belə eksperiment mənim üzərimdə aparılmışdı, lakin effekt gözlənilənin tam əksini vermişdi. Amma Elçinin dilini “yaşıl ilan” açırdı və o, bülbül kimi 5-6 saat veriliş apara bilirdi!

Yüksək musiqi zövqünə sahib, xeyirxah, istehzalı, işgüzar, zarafatçıl, həyatı sevən və böyük- uşaq yerini bilən - bütün bu epitetlər Elçin Turabov, Azərbaycanın FM radiosunun pionerinə aiddir. Yalnız Elçin Turabov radiodan tamamilə başı çıxmayaraq bu avantüraya gedib, işin öhdəsindən gələ bilərdi. Bütün işləri həyata keçirməyə onun tükənməz zarafat hissi yardımçı olurdu. Onda Elçin mənə ciddi şəkildə kömək etdi - gün ərzində 5-6 saat mənə azad vaxt verməklə ANS ÇM radiosuna yeni əməkdaşlar seçib, onlara treyninq keçməyə macal tapdım.

Bundan sonra TV verilişləri, DJ-lik və bir sıra digər ilklərə imza atan, hər yoldan keçənə əl tutan Turabov yalnız özünə diqqət yetirmirdi, öz səhətinə. Dostluğumuz boyu mən onu bir dəfə də olsun həkimin yanına yollaya bilmədim. Turabovun qabaq dişlərinin ömür boyu çürük olmasına baxmayaraq, onları mualicə etdirmirdi. Heç kimdən və heç nədən qorxmayan Elçin diş həkimindən çox qorxurdu! Ümumiyyətlə həkimlərə nifrət edən bu insan sonacan həkimlərə inanmadı...

Turabov rəhmətə getdi və onun "Hər şey yaxçı olacaq, qərdeşlər" ifadəsinin rəngi və ahəngi dəyişdi.

Allah sənə rəhmət eləsin və çox xahiş edirəm sənə kömək etsin ki, mütləq Cənnətə düşəsən. Sənin özünə bu işi tapşırsaq, sən hamını qabağa buraxıb özün kənarda qalacaqsan. Amma xahiş edirəm, bu dəfə mənə qulaq as, get Cənnətə ki, oralar daha da sevilən olsun!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
modern.az

2Mənbələr