AZ

Qəzzada atəşkəs mesajları...

Vaşinqton münaqişə tərəfləri ilə 18 bəndlik planı razılaşdırıb

Qəzza zolağında atəşkəs bərqərar olur. Artıq ABŞ-ın 18 bənddən ibarət yeni atəşkəs planı faktiki olaraq tərəflərlə 90 faiz razılaşdırılıb. Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi anklavda atəşkəs danışıqları ilə bağlı jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə bildirib. “Sövdələşmədə, ümumilikdə, 18 bənd var. Onlardan 14-ü tamamlanıb və deməliyəm ki, sövdələşmə üzrə əvvəlki təkliflərlə eynidir. Bir bənddə sırf texniki düzəliş var. Geri qalan üç paraqraf isə iyulun 2-də HƏMAS-ın bəyanatında deyildiyi kimi, hələ də müzakirə edilməli olan əsir və girovların mübadiləsi ilə bağlıdır. Beləliklə, faktiki olaraq, bu müqavilənin 90%-i artıq razılaşdırılıb. Razılaşdırılan bəndlər, həmçinin HƏMAS-ın öz təklifində irəli sürdüyü humanitar yardımlar üçün şərtləri də nəzərdə tutur”, - deyə ABŞ rəsmisi bildirib.

ABŞ administrasiyasının rəsmisi, həmçinin onu da qeyd edib ki, saziş üç əsas komponentdən ibarətdir. Bunlardan birincisi, humanitardır və Qəzza sakinlərinə şamil olunur. İkincisi, əsirlərin dəyişdirilməsi, yəni girovların fələstinli məhbuslarla dəyişdirilməsini, üçüncü hissə isə atəşkəs razılaşmalarının necə olacağını əhatə edir.

HƏMAS xəbərdarlıq etdi...

Vurğulandığı kimi, ABŞ-ın atəşkəs planı hər iki tərəflə razlaşdırılıb - Fələstindəki HƏMAS hərəkatı israillilərə ünvanlanan videomüraciət yayıb. Həmin videoda “Qərar sizindir... Hücumlar dayansa, əsirlər sağ-salamat qayıdacaqlar” - deyilir.

Bəyanatda, həmçinin Qəzza zolağına qarşı hücumların davam etməsi halında israilli məhbusların diri qayıtmayacaqları vurğulanıb. “Netanyahunun hakimiyyətdə qaldığı hər gün yeni bir tabut mənasına gələ bilər. Hücum davam edərsə, onların taleyi naməlum qalacaq”.

Bu amil razılaşmanın tam şəkildə həyata keçməsi üçün bütün tərəflərin üzərinə düşən və ya götürdüyü öhdəliyi yerinə yetirməsi anlamını ortaya qoyur...

ABŞ-ın Yaxın və Orta Şərqdəki mövcudluğu...

Bu fakt bir daha onu göstərir ki, ABŞ-ın bölgədəki “təmsilçiliyi” davam edir. Qəzza problemi başlamamışdan öncə, konkret ötən ilin yayında ABŞ Yaxın və Orta Şərqdən tam çəkiləcəyini bildirirdisə, bu gün həmin məsələlər artıq ikinci plana keçirilir. Tam əksinə, Vaşinqton Yaxın və Orta Şərqdə mövcudluğunu  daha da “dərinləşdirmək niyyətindən danışır. Belə ki, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Qəzza zolağında atəşkəs danışıqları ilə bağlı jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə ölkəsinin lazım gələcəyi təqdirdə Yaxın Şərqdə hərbi mövcudluğunu azaltmağa və ya artırmağa hazır olduğunu açıqlayıb. “Atəşkəs və girovların azad edilməsi istiqamətində işləyərkən, çəkindirmə məqsədilə hərbi mövcudluğu qoruyuruq. Bu mövcudluq regiondakı hadisələrə və digər şərtlərə görə zamanla azalacaq və ya artacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət gərginləşəndən bəri ABŞ münaqişənin genişlənməsinin qarşısını almağa çalışır.

Göründüyü kimi, Vaşinqton strateji regionlardan sayılan Yaxın və Orta Şərqi nəzarətdən çıxarmaq fikrindən uzaqdır. Yəqin ki, yekun qərar bu ilin noyabrında baş tutacaq prezident seçkiləri zamanı bəlli olacaq.

SADİQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
yeniazerbaycan.com

1Mənbələr