AZ

Bəhruz Səmədovun şikayəti təmin olunmayıb

Yayımlandı: 5 Sentyabr 2024 18:59 “Yaşasın sülh! Yaşasın xalqların qardaşlığı! İttihamların hamısı yalandı…” Xarici mediada Azərbaycandakı idarəçiliklə bağlı tənqidi məqalələrin müəllifi olan politoloq, Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov tutulandan sonra evlərindəki axtarış və götürülən əşyalarla bağlı vəkili məhkəməyə şikayət vermişdi. Şikayətə sentyabrın 5-də Səbail Rayon Məhkəməsində baxılıb. Bəhruz Səmədov da, vəkili də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən aparılan axtarışın qanunsuz olduğunu bildirib. Onlar axtarış zamanı götürülən əşyaların (kompüter, diplomlar, sənədlər) qaytarılmasını istəyiblər. Axtarışın qanunsuz hesab edilməsi barədə şikayət təmin olunmayıb. Vəkil bu qərardan apelyasiya məhkəməsinə şikayət edəcək. Bəhruz Səmədov Səbail Rayon Məhkəməsinə gətirilərkən jurnalistlərə təqsirsiz olduğunu deyib. “Yaşasın sülh! Yaşasın xalqların qardaşlığı! İttihamların hamısı yalandı…”, – Bəhruz Səmədovun sözləridir. Bəhruz Səmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurmaq üçün saxta ittihamla cəzalandırılır. Bəhruz Səmədov avqustun 21-də günorta saat 16.00 radələrində saxlanılıb. Nənəsi Zibeydə Osmanova bildirib ki, saat 16.00-17.00 arası yaşadıqları evə 6-7 nəfər mülki geyimli şəxs gəlib. Onlar özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları kimi təqdim ediblər. Deyiblər ki, evdə axtarış aparmalıdılar. Nənəsi deyir ki, Bəhruz Səmədov evdən təxminən yarım saat əvvəl çıxmışdı. O, dostu ilə görüşməyə getdiyini demişdi: “Gələnlər dedilər ki, guya narkotik məsələsi var, bununla əlaqədar axtarış aparacaqlar. Amma Bəhruzu gətirməmişdilər. Əlbəttə ki, evdən narkotik tapmadılar. Bizim evdə narkotik ola bilməz. Amma Bəhruzun kompüterlərini, telefon, Bəhruza aid nə sənəd varsa, apardılar”. Nənəsinin bildirdiyinə görə, götürülən sənədlər arasında Bəhruz Səmədovun pasportu, Azərbaycanda və xaricdə təhsil aldığı universitetlərin diplomları və s. materiallar olub. Zibeydə Osmanova nəvəsinin elmi araşdırmalarla məşğul olduğunu, istər narkotik, dövlətə xəyanət, istərsə də başqa cinayət xarakterli işlərdən uzaq olduğunu deyir. Bəhruz Səmədov Çexiyada Karlov Universitetində doktoranturada oxuyurdu. O, təxminən bir ay əvvəl tətilə gəlmişdi və bugünlərdə geri qayıtmalı idi. Bəhruz Səmədov Azərbaycanda müharibə əleyhinə olan gənc fəallardan biridir. Bəhruz Səmədovun işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır, özü də bu qurumun istintaq təcridxanasında saxlanılır. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
xural.com

1Mənbələr