AZ

“Bakı-Kart”da ciddi problemlər yaranıb- pul silinir, mobil tətbiq isə...

Image

Akif Nəsirli: “Vətəndaşlar “Bakı-Kart” mobil tətbiqindən istifadə edə bilmirlər, buna görə də ciddi narazılıq yaranıb”

Son illər “Bakı-Kart”dan kütləvi şəkildə istifadə edildiyi məlumdur. Əvvəllər bu xidmətlə bağlı hər hansı bir problem yaşanmasa da, təəssüflər olsun ki, son həftələr bunun əksini müşahidə edirik. “Bakı-Kart”la bağlı şikayətlər səngimək bilmir. Belə ki, artıq bir aydan çoxdur "Bakı-Kart”ın mobil tətbiqində problem yaranıb.

Vətəndaşlar şikayət edirlər ki, mobil tətbiq vasitəsilə heç bir xidmətdən istifadə etmək olmur. Belə şikayətlər də var ki, kartlara yüklənən pullar özbaşına silinir. Digər bir tərəfdən də, sərnişinlər deyir ki, “Bakı-Kart” tətbiqi işləməsə də balansdan pul çıxılır, pulun hara getdiyini isə müəyyən etmək olmur. Sosial şəbəkələrdə, cəmiyyətdə bununla bağlı narazılıqlar artır, el dili ilə desək, tətbiqin işləməməsi insanları girinc edib.

“Bakı-Kart" tətbiqi bir aydan çoxdur ki, çöküb. "BirBank" tətbiqindən QR-kod vasitəsilə ödəmə zamanı da nə qədər cəhd etdirsən, aktivləşmir, 2-3 saatdan sonra isə görürsən ki, bütün cəhdlərinin pulu kartdan çıxıb, baxmayaraq ki, istifadə edə bilməmisən” kimi fikirlər də mətbuatda yer alır. 

Narazılıqlarla bağlı “Bakı-Kart”ın mövqeyini öyrənə bilmədik. 

“Karta yüklənən pulun silinməsi də araşdırılmalıdır ki, bu necə baş verir...” 

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, “Bakı-Kart”da yaranan problemlər həll edilimir və bu da vətəndaşları narahat edir. “Bilirsiz ki, bəli, “Bakı-Kart”da problemlər yaranıb və vətəndaşlar ciddi çətinliklər çəkir. Son həftələr vətəndaşlar “Bakı-Kart” mobil tətbiqindən istifadə edə bilmir, buna görə də ciddi narazılıq yaranıb. Təəssüflər olsun ki, “Bakı-Kart” yaranan problemin aradan qaldırılması üçün nəzərəçarpacaq bir iş görmür. Az qala hər gün bu problem gündəmə gətirilir, amma nəticə yoxdur. Karta yüklənən pulun silinməsi də araşdırılmalıdır ki, bu necə baş verir, bəlkə burda xaker müdaxiləsi var. Bu da, təbii, bank sistemi ilə bağlıdır.  

Ümumiyyətlə, “Bakı-Kart”ın həyata keçirdiyi funksiya ki var, o funksiya monopol funksiyadır. “Bakı-Kart” əslində bütün şəhərdaxili nəqliyyatda bu seqment üzrə inhisarçıdır. Yalnız “Paşabank”ın bir mobil ödəmə sistemi var. 

Amma məsələ burasındadır ki, bu tətbiqi yalnız iki bankın həyata keçirməsi yenə görünür vəziyyəti normallaşdıra bilmir. Mən bütün xidmət sahələrinin, o cümlədən də nəqliyyatın ödəniş sisteminin rəqabətlilik mühitində inkişaf etməsinin tərəfdarıyam. Hesab edirəm ki, bu işlə məşğul olan bir neçə banka lisenziya verilsə, “Bakı-Kart”ın fəaliyyəti axsamaz və problem yaratmaz, əhali dərhal digər tətbiqə keçər. Məsələn, mən “Paşabank”ın “M10” tətbiqi üzərindən gediş haqqı ödəyirəm, gediş haqqının mobil tətbiq imkanlarından istifadə edirəm, onun heç bir problemi yoxdur. Amma “Bakı-Kart”ın tətbiqi problemlidir. Yəqin ki, əhalinin əksəriyyəti “Paşabank”ın “M10” tətbiqindəki ödəniş sistemindən xəbərsizdir. Bu cür ödəniş sistemləri bütün banklarda olmalıdır. Hərə öz seçdiyi bankın tətbiqindən istifadə edib gediş haqqını ödəmək imkanına malik olmalıdır”.

A.Nəsirli hesab edir ki, bu sahədə həm rəqabət mühiti formalaşmalı, həm də şaxələnmə olmalıdır. “Yəni bir sistem işləməyəndə, bir bankın tətbiqi işləməyəndə vətəndaş digər bankın tətbiqindən istitifadə etsin. Belə operativ şəkildə dəyişmək üçün bu sahədə rəqabət mühiti formalaşmalıdır”-deyə A.Nəsirli vurğuladı. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
baki-xeber.com

1Mənbələr