AZ

"Makron Azərbaycandan aldığı tərs şapalaqdan hələ də özünə gələ bilməyib" - AÇIQLAMA

Fransa Azərbaycanı demək olar ki, 1 nömrəli rəqibi kimi görür. Elə buna görə də o, Azərbaycana qarşı ittihamlarından əl çəkmir. Bu dəfə də Fransa XİN vətəndaşlarının ölkəmizdə saxlanıldığını və hədəf alındığını iddia edərək vətəndaşlarına Azərbaycana səyahət etməməyi tövsiyə edibBuna cavab olaraq Azərbaycan XİN sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyib. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi Fransanı qıcıqlandırır. Onun sözlərinə görə, Fransa Azərbaycana qarşı son illər, xüsusilə Ermənistan-Azərbaycan arasındakı 44 günlük müharibədən sonra ciddi olaraq Ermənistanı birmənalı dəstəkləyir:

"Bütün beynəlxalq tədbirlərdə Azərbaycana qarşı böhtanlar atır. Hətta bir neçə dəfə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etdirmək istədi, ancaq buna müvəffəq olmadı. Fransanın 28 il ATƏT in Minsk qrupunun həmsədri kimi fəaliyyəti də göz qabağındadır. Əksinə, Azərbaycanın başının altına yastıq qoymaq istəyir ki, Azərbaycan bu işğalla barışsın, həmin torpaqlarda ermənilər qalsın. Buna görə də təbii ki, Azərbaycanla münasibətlər gərgindir. Baxmayaraq ki, biz həmişə Fransaya normal münasibət bəsləmişik, hətta biz Luvr muzeyinin təmirinə də dəstək göstərmişik. Ancaq Fransa isə birmənalı olaraq həmişə özünü Ermənistanın yanında görüb və Ermənistanın əsassız ittihamlarına bəraət verib. Ona görə də Azərbaycan da öz siyasətində dəyişikliklər edib. Azərbaycan Qoşulmama Hərəkatına başçılıq etdiyi dövrdə Fransanın neokolonizm siyasətini tənqid etdi və onun tabeliyində, koloniyasında olan bir çox ölkə artıq istiqlaliyyət mübarizəsi aparır və bu mübarizədə də Azərbaycan onlara kömək edir. Onların yerli aktivləri, siyasətçiləri Azərbaycanda müxtəlif tədbirlərdə iştirak edirlər. Azərbaycan da keçirdiyi tədbirlərlə, beynəlxalq mərkəzlərə, Birləşmiş Millətlər Təşkilatına, həmin koloniya sistemində qalan xalqların azadlığı ilə bağlı bəyanatlar verir".

Elşad Həsənov bildirdi ki, Fransanın özündən çıxmasına müəyyən səbəblər var:

"Fransa Azərbaycana qarşı belə qəzəblənir. Əsas da keçən il Fransanın Azərbaycanda iki kəşfiyyat əməkdaşı həbs olundu. Onların diplomatik immunitet olduğuna görə persona non-qrata elan olundu. Deməli, agent Bakıda həbs olundu və Fransanın Xarici Kəşfiyyat İdarəsinin agentura şəbəkəsi ifşa olundu. Nəinki Azərbaycanda, eyni zamanda Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının yüksək səriştəli iş aparması nəticəsində Fransanın Gürcüstanda, Moldovada, Ukraynada Afrika ölkələrində agentura şəbəkəsi ifşa olundu. Bu Fransaya çox böyük ağır zərbə oldu. Həmin bu zərbədən sonra Fransanın xarici işlər xarici kəşfiyyat idarəsinin rəisi istefa verməyə məcbur oldu. Ardınca bu hadisəyə görə Fransanın Baş naziri də istefa verdi. Amma əslində elə bu işin əsas səbəbkarı olan Fransa Prezidenti Emmanuel Makron istefa verməli idi". 

Politoloq qeyd etdi ki, Fransada hakimiyyət dəyişməyənə qədər Azərbaycanla münasibət normallaşmayacaq.

"Ondan sonra ard-arda Fransa həmişə Azərbaycana qarşı düşmən mövqe tutur və Azərbaycanı aşağılamağa çalışır. Əksinə, o, adekvat cavab alır və o cavablar da daha ağır olar. Baxmayaraq ki, dünya masştabında Fransa böyük ölkədir, nüvə ölkəsidir, ancaq bu gün Fransanın siyasi çəkisi Azərbaycanın siyasi çəkisindən qat-qat zəifdir, azdır və dünya liderləri içərisində Azərbaycan liderinə çox böyük hörmət var. Azərbaycan Prezidentinin böyük nüfuzu var, ancaq Fransanın prezidenti isə Fransanın da, öz adını da aşağı edib, yəni bunun apardığı siyasətin nəticəsində, eləcə də həmin Fransanın prezidentinin apardığı siyasət nəticəsində ölkədə ciddi çatışmazlıqlar var. Ölkə əhalisi ondan narazıdır, elə Avropa ittifaqında keçirilən deputat seçkilərində onun partiyası uduzdu və ona görə də təkrar ölkə daxilində parlament seçkiləri keçirdi. Bu parlament seçkilərində də böyük səs çoxluğu toplaya bilmədi. Əksinə, müxalifətdən olan partiyalar səs çoxluğundan parlamentə seçildilər. İndi isə deməli, həmin çoxlu səs toplamış müxalifət partiyalarının nümayəndəsini baş nazir qoymaq istəmir, buna sabotajlıq edir. Ona görə də bu gün Fransada artıq Makronun vəzifədən impiçment elan edilməsi üçün 80 deputat qol çəkib və bu hərəkat getdikcə genişlənir. Yəni nə qədər ki, Makron və onun hakimiyyəti bu gün Fransada hakimiyyətdədir, həm Fransanın, həm fransızların vəziyyəti ağırdır və eyni zaman Azərbaycanla da münasibətləri düzələn deyil. Çünki o, aldığı tərs şapalaqdan hələ də özünə gələ bilməyib və ona görə də o imkanı çatanda Azərbaycana sataşır, Azərbaycanı çox təhlükəli ölkələr hesab edir. Ona görə onlar, Xarici İşlər Nazirliyi səslənir ki, Azərbaycana səfər etməyin, Azərbaycanda təhlükəlidir və s. Bütün bunların səbəbi yuxarıda göstərdikləri məsələlər durur", - deyə E.Həsənov yekunlaşdırdı.

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
redaktor.az

1Mənbələr