AZ

Xuan Mata Avstraliya klubunda

Futbol üzrə İspaniya millisinin heyətində Avropa və dünya çempionu olmuş Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək.

Arena.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Vestern Sidney Uonderers” klubunda çıxış edəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik (2025-ci ilin 30 iyununadək) müqaviləyə imza atıblar.

Mata son olaraq Yaponiyanın “Vissel Kobe” klubunda forma geyinib. O, bu ilin fevral ayında sözügedən klubu tərk edəndən işsiz idi. Yarımmüdafiəçi “Vissel Kobe”nin heyətində cəmi 1 oyuna çıxıb. O, bu komanda ilə birgə Yaponiya çempionluğu qazanıb.

Xuan Mata “Real”ın yetirməsidir. Yarımmüdafiəçi “qaymaqlılar”ın əvəzedici komandasında oynasa da, əsas komandaya düşə bilməyib. 2007-ci ildə “Valensiya”ya keçmiş Mata “yarasalar”ın heyətində uğurlu çıxışı ilə yadda qalıb və DÇ-2010-da İspaniya yığması ilə qazandığı çempionluq Matanın karyerasının tərəqqisinə səbəb olub. Mata 2011-ci ildə “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib və hər iki İngiltərə klubunun heyətində uğurla çıxış edib.

Maraqlıdır ki, Mata heyətində yer aldığı bütün komandalarla titullar qazana bilib. İspan yarımmüdafiəçi ilk tituluna “Valensiya” ilə 2007/2008 İspaniya Kubokunu qazanmaqla sahib olub və vurduğu 4 qolla həmin turnirin ən sərrast futbolçusu olub. Ardınca “Çelsi” ilə 2012 İngiltərə Kubokunu, 2011/2012 UEFA Çempionlar Liqasını, 2012/2013 Avropa Liqasını, “Mançester Yunayted”lə 2016 İngiltərə Kubokunu, 2017 İngiltərə Liqa Kubokunu, 2017 İngiltərə Super Kubokunu, 2016/2017 Avropa Liqasını qazanmış Mata, Türkiyədə də “Qalatasaray”la Super Liqanın (2022/2023 ) qalibi olub.

Matanın yığma komandada da uğurlu karyerası olub. Xuan 2009-cu ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 41 oyun keçirib. O, bu oyunlarda 11 qol vurub, 8 məhsuldar ötürmə verib və iki mötəbər turnirdə – DÇ-2010-da və AÇ-2012-də qələbə sevinci yaşayıb. Həmçinin Matanın muzeyində İspaniyanın U-19 və U-21 yığmaları ilə qazandığı Avropa çempionatının kubokları var.

“Transfermarkt” internet-portalı 36 yaşlı Xuan Matanı 800 min avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
38
arena.az

10Mənbələr