AZ

“Səsvermə günü qanun pozuntuları baş verdi, amma...” - Partiya sədri

Sentyabrın 1-də yeddinci çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirildi. Seçici fəallığının aşağı olduğu seçkilərin rəsmi nəticələri artıq açıqlanıb. Bəzi dairələr üzrə seçkilərin saxtalaşdırılması iddiası ilə çıxış edən namizədlər var ki, onların şikayətinə Mərkəzi Seçki Komissiyasında (MSK) baxılacaq və müvafiq qərar veriləcək.Ümumi seçkilərlə bağlı dəyərləndirməyə gəlincə, fikirlər haçalanır. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərin sakit, demokratik şəraitdə keçirildiyini, seçkilərə qatılan müxalif partiyaların əksəriyyəti isə qeyri-demokratik, saxtakarlıqların olduğu seçki keçirildiyini iddia edir.Seçkilərdə altı namizədlə iştirak edən müxalif Böyük Azərbaycan Partiyası (BAP) bir mandat qazanıb. MSK-nın elan etdiyi rəsmi nəticəyə əsasən, təşkilatın sədri Elşad Musayev 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən deputat seçilib. BAP seçkilərdə qanun pozuntularının olduğu fikri ilə razılaşsa da, bu halların ümumilikdə seçkilərə ciddi kölgə saldığı iddiasını bölüşmür.Mandat qazanan Elşad Musayev AYNA-nın parlament seçkilərinin nəticələri və deputatlığı dövründə hansı işlər görəcəyi ilə bağlı suallarını cavablandırıb. Deyib ki, əsas məqsəd bu seçkiləri dinc şəkildə, təxribatlar olmadan keçirmək idi:- Nə imzatoplama kampaniyasında, nə də təşviqat dövründə namizədlərə problemlər yaradıldı. Bu dövrlə bağlı heç bir şikayətə rast gəlinmədi. Heç bir müxalifət partiyası namizədliyin irəli sürülməsindən səsvermə gününədək şikayət etmədi. Şikayət ediləsi əsas da yox idi. Bəli, səsvermə günü müəyyən qanun pozuntuları oldu, qarşıdurmalar yaşandı. Söhbət mənim namizəd olduğum dairədən getmir. Ayrı-ayrı dairələrdə namizədlərlə, onların vəkilləri, səlahiyyətli nümayəndələri ilə digər namizədlər arasında müəyyən insidentlər yaşandı. Məntəqələrdə seçki qanunun tələblərinin pozulması halları da yaşandı. Amma bunlar da təbiidir, ola bilən hallardır. Ümumilikdə isə seçkilər sakit, rahat şəkildə baş tutmuş sayılır.- Amma bəzi seçki məntəqələrində kobud qanun pozuntusu hallarını müşahidə edirik, videogörüntülər var...- Dedim axı, belə pozuntular oldu. Həmin pozuntular yaşanan dairələrin namizədləri əllərindəki əsaslarla, sənədlərlə MSK-ya müraciət edəcəklər, müvafiq qərar veriləcək. Həmin namizədlərə iddialarında, mübarizələrində uğur arzulayıram. Məncə, belə hallar yaşanmamalıdır. İstər dairələrin səlahiyyətliləri, istər namizədlər qanunu pozmamağa çalışmalıdırlar. İndi bu hallar yaşanıb, ondan şikayət etmək prosedurları var və onlardan keçmək lazımdır.- Seçkilərdə seçici fəallığı da az idi. Rəsmi məlumata görə, 37 faiz seçici fəallığı olub. Bu hal nə ilə bağlıdır?- Birincisi, insanlarımızda seçkilərə inam azdır. Bundan əvvəlki seçkilərdə yaşanan problemlər, namizədlərin deputat olduğu zaman təşviqat zamanı verdiyi vədlərə uyğun addımlar atmaması insanlarda seçkiyə inamı azaldıb. Vətəndaşlarımız düşünürlər ki, seçkilər onların həyatında heç nəyi dəyişmir. Hesab edirəm ki, bu inamı birinci dövlət, sonra partiyalar, ictimai-siyasi xadimlər yaratmalıdırlar. Namizəd deputat seçildikdən sonra elə nümunələr ortaya qoymalıdır ki, insanlar vədinə əməl edəcək insana gəlib məntəqədə sevə-sevə səs verə bilsinlər. Seçici fəallığının aşağı olmasının daha bir səbəbi isə hesab edirəm ki, fəsillə bağlı idi. Yaydır, insanlarımızın çoxu istirahətdədir. Bir növ təbliğat dövrü effektiv dövr deyildi. Bu da seçici fəallığına mənfi təsirini göstərmiş oldu. - Serçkilərdə partiya olaraq iştirak etdiniz, bir mandat qazandınız. Bunu uğur saymaq olarmı?- 1995-ci ildən bu yana parlamentə keçirilən bütün seçkilərdə iştirak etmişəm. Rəsmi olaraq, beş dəfə seçkiləri ikinciliklə bitirmişəm. Həmin vaxt seçkilər necə keçirilib, bu tarixlərə qayıtmaq istəmirəm.Yeddinci çağırış Milli Məclis seçkilərinə BAP olaraq qatıldıq. İlkin olaraq seçkilərdə 25 namizədlə iştirak qərarı verdik. Daha sonra vəziyyəti dəyərləndirdik, partiyanın vəziyyəti, ölkədəki real vəziyyət hesablandı və belə qərara gəldik ki, qüvvələri parçalamayaq. Sonda 8 namizədlə iştirak qərarı verdik. Namizədlik verilərkən iki namizədimizin sənədlərində müəyyən qüsurlar oldu və qeydiyyata alınmadı. Altı namizədlə partiya olaraq seçkilərdə iştirak etdik. Amma kampaniya dövründə qəti qərara gəldik ki, bir dairə üzərində daha çox fokslanmaq lazımdır. Hansı dairədə mandat almaq şansı daha çox idisə, o dairəyə gücümüzü səfərbər etdik. BAP uzun illərdir fəaliyyət göstərsə də, parlamentdə heç vaxt təmsil olunmayıb. Çalışdıq, qalib gəldik və BAP artıq parlament partiyasıdır. Seçicilərimizə, bizə dəstək verənlərə təşəkkür edirəm. Açıq deyim ki, bu seçkilərdə ən yaxşı seçki kampaniyasını biz apardıq. İnsanların seçkilərə cəlb olunması, bizə səs verməsi üçün gecə-gündüz çalışdıq, məhəllə-məhəllə gəzdik. Bunun nəticəsində də qələbə təmin olundu.- Milli Məclisdə fəaliyyətiniz necə olacaq?- Bundan əvvəl həmin dairənin deputatı Madər Musayev olub. Allah ona rəhmət etsin. Mən seçicilərimizə də dedim, keçmiş keçmişdə qaldı. Gələcəyə baxmaq lazımdır. Hədəfimiz var və o hədəfimizə doğru əmin addımlarla irəliləyəcəyik. Seçildiyim dairənin problemləri çoxdur, görüləsi işlər həddən artıqdır. Mən deputatın, millət vəkilinin necə olması nümunəsini ortaya qoymağa çalışacam. Hesab edirəm ki, buna potensialımız çatır. Seçicilərlə görüşlərdə verdiyim vədlərin hamısına əməl etməyə çalışacağıma söz vermişəm və sözümün arxasında dayanacam.Seçicilərlə danışarkən nə iş görə biləcəyimizi, nə istədiyimizi seçicilərə açıq şəkildə dedik. Problemləri açıq dedik və onun həlli yollarını da söylədik, mandatın verdiyi imkanlar çərçivəsində həllini tapacağını bildirdik. Sözümüzün də arxasındayıq. Biz açıq şəkildə dedik ki, dava etməyə, radikallıq göstərməyə gəlməmişik, əməkdaşlıqdan, birgə fəaliyyətdən yanayıq. İcra strukturu ilə, bələdiyyə ilə, polislə, digər dövlət qurumları ilə birgə dairəmizin problemlərinin əməkdaşlıq yolu ilə həllində maraqlıyıq. Biz sübut etmək istəyirik ki, deputat necə olmalıdır. Biz istəyirik ki, Binəqədidə o qədər yaxşı işlər görək ki, növbəti seçkilərdə ayrı-ayrı bölgələrdən müraciət edilsin ki, BAP o bölgələrdən namizəd versin.- Dairədə hansı problemlər daha çoxdur?- Problemlər çoxdur və onların həlli yolları da mümkündür. Məsələn, Biləcəridə 284 saylı məktəbin həyətində toyuq, mal saxlayırlar, heyvan kəsirlər. Bunu aradan qaldırmaq çətin olmamalıdır. Yaxud 100 min əhalinin yaşadığı Biləcəridə məktəb çatışmazlığı var. Bəlli olur ki, məktəb binası tikmək üçün ərazi var, amma kimlərsə zəbt edib. Məsələn, bir nəfər tanınmış şəxs var, on hektar yeri var. Mən özüm ondan xahiş edəcəm ki, 2 hektarını ver, məktəb tikilsin. Verməsə, o məsələ ictimailəşəcək. Yaxud da, Biləcəridə bir dənə də futbol stadionu yoxdur. Bundan əlavə, elə ərazilər var ki, oradan marşrutlar işləmir. Bir sözlə, seçicilərimizdən bir çox təkliflər, şikayətlər var ki, onları ümumiləşdirəcəyik, həll etmək üçün addımımızı atacağıq.Deputat seçildiyim dairənin ərazisində mütləq deputat ofisi fəaliyyət göstərəcək. Müvafiq qurumlarla danışacağıq, uyğun ofis verilməsi üçün müraciət edəcəyik. Olmasa, bir yer icarəyə götürüləcək və həmişə seçicilərin üzünə açıq olacaq. Biz hesab edirik ki, seçicilərimizin içində olmalıyıq. Mənim qrafikim olacaq, müəyyənləşəcək ki, ayda məsələn, iki dəfə, üç dəfə ofisdə qəbul olacaq. Qalan müddətdə isə həmin ofisdə təyin etdiyim şəxs seçicilərin şikayətlərini, təkliflərini dinləyəcək, mənə yönləndirəcək. Eyni zamanda, Milli Məclisdə də deputatların qəbul günləri olur. Yəni bu formada təmaslar olacaq, problıemlərin həllinə çalışacağıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
dia-az.info

1Mənbələr