AZ

Jordan Veretu “Qarabağ”ın rəqibi ilə müqavilə bağladı

Fransanın “Olimpik” (Marsel) klubunun mərkəz yarımmüdafiəçisi Jordan Veretu bundan sonra Lion “Olimpik”inin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Lion klubunun rəsmi saytına istinadən xəbər verir.

Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i fransalı oyunçunu 4 milyon avro müqabilində heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Jordan Veretu “Nant”ın yetirməsidir. Fransalı futbolçu karyerası ərzində “Aston Villa”, “Sent Etyen”, “Fiorentina”, “Roma” kimi klubların da şərəfini qoruyub. O, 2022-ci ildən formasını geyindiyi Marsel “Olimpik”ində 94 oyuna çıxıb, 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Veretu Fransa yığmasında da 6 oyun keçirib.

Marsel “Olimpik”i digər mərkəz yarımmüdafiəçisi Azeddin Unaini də “Panatinaikos”a icarəyə verib. 24 yaşlı mərakeşli futbolçu bu mövsümün sonunadək Yunanıstan klubunda icarədə olacaq və gələn yay yenidən Marsel təmsilçisinə qayıdacaq.

Fransada “Strasburq”, “Avranş” və “Anje”nin də formasını geyinmiş Azedin Unai “Olimpik”ə 2023-cü ilin yanvarında 8 milyon avro qarşılığında keçmişdi. O, Marsel klubunda 44 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb. Unahi Mərakeş yığmasında 30 oyun keçirib, 5 qol və 4 assist müəllifi olub.

Marsel “Olimpik”i gedənlərin əvəzində İngiltərənin “Norviç Siti” klubunun vingeri Conatan Rounu heyətinə qatıb. Fransa klubu 21 yaşlı ingiltərəli futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə heyətinə qatıb.

“Norviç Siti”nin yetirməsi olan Conatan Rou bu klubun əsas komandasında 56 oyuna çıxıb, 13 qol vurub, 5 assist edib. O, İngiltərənin U-21 yığmasında 2 oyuna 1 qol vurub.

“Liverpul” onları icarəyə verdi

Rounu Marsel “Olimpik”inə icarəyə verən “Norviç Siti” də “Liverpul”un vingeri Kayde Qordonu icarəyə götürüb. 19 yaşlı ingiltərəli futbolçu da bu mövsümün sonunadək icarədə çıxış edəcək.

“Derbi Kaunti”nin yetirməsi olan Kayde Qordon 2021-ci ildən “Liverpul”da çıxış edir. Gənc vinger “qırmızılar”ın əsas komandasında 7 oyuna çıxıb, 1 qol vurub. O, İngiltərənin U-15, U-16, U-18 yığmalarında oynayıb, bu ildən isə U-20-yə dəvət alır.

“Liverpul” Qordonla yanaşı, daha üç oyunçusunu icarəyə verib. Belə ki, 18 yaşlı şotland vinger Ben Doak “Midlsbro”ya keçib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi Nataniel Fillips bu mövsümün sonunadək “Derbi Kaunti”də çıxış edəcək. 19 yaşlı dayaq yarımmüdafiəçisi Stefan Bayçetiç də Avstriya “Zalsburq”una icarəyə verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
arena.az

1Mənbələr