AZ

Mats Hummels “Roma”da - Rəsmi

Bu yay Dortmund “Borussiya”sından azad agent kimi ayrılmış alman mərkəz müdafiəçisi Mats Hummels bundan sonra “Roma”da çıxış edəcək.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

35 yaşlı futbolçu yeni klubu ilə 1 illik (2025-ci ilin 30 iyununadək) müqavilə bağlayıb. O, “canavarlar”ın heyətində 15 nömrəli formanı geyinəcək.

Mats Hummels Almaniya nəhəngi “Bayern”in yetirməsidir. Alman müdafiəçi 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də 3 il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə, Hummels yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib. Hummelsin Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyun sonuna qədər qüvvədə idi.

Hummels artıq geridə qalmış 2023/2024 mövsümündə “Borussiya”nın heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ümumilikdə, Hummels Dortmund klubunun heyətində 508 oyuna 38 qol, 23 məhsuldar ötürmə ilə fərqlənib.

Mats Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyun keçirib, 5 qol vurb, 7 məhsuldar ötürmə verib. Mats DÇ-2014-ün qalibidir.

Müdafiəçi uzun müddətdən sonra yenidən “bundestim”ə çağırılıb, yığmanın yeni baş məşqçisi Yulian Nagelsman veteran müdafiəçiyə etimad göstərib. Amma son anda alman mütəxəssis Hummelsi ölkəsinin ev sahibliyi edəcək AÇ-2024-də iştirak edəcək bundestimin heyətinə daxil etməyib.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

“Borussiya”da daha 2 ayrılıq

Yeri gəlmişkən, Dortmund “Borussiya”sının dayaq yarımmüdafiəçisi Abdulaye Kamara da İngiltərənin “Portsmut” klubuna keçib. Fransa vətəndaşlığı da olan qvineyalı 19 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

PSJ-nin yetirməsi olan Abdulaye Kamara “Borussiya”ya 2021-ci ildə cəlb olunmuşdu. O, Dortmund klubunda əsas komandaya yüksələ bilməyib.

“Borussiya” hücumçusu Sebastyen Halleri də İspaniyanın “Leqanes” klubuna icarəyə verib. 30 yaşlı forvard bu mövsümün sonunadək La Liqa klubunda çıxış edəcək.

Peşəkar karyerasına “Oser”də başlamış Haller, “Utrext”, “Ayntraxt”, “Vest Hem”, “Ayaks” kimi klublarda çıxış edib. 2022-ci ildən “Borussiya”da forma geyinən hücumçu bu komandada 41 oyuna çıxıb, 12 qol vurub, 6 assistlə yadda qalıb.

Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Haller 2020-ci ildən Kot-d’İvuar millisində forma geyinir. O, bu komandanın heyətində 26 oyuna 10 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Leqanes” Fransanın “Trua” klubunun mərkəz müdafiəçisi Cekson Porosonu da icarəyə götürüb. 24 yaşlı ekvadorlu futbolçu da bu mövsümün sonunadək La Liqa klubunun uğurları üçün çalışacaq.

Cekson Poroso “Manta”, “Boavişta” kimi klubların formasını geyinib. 2022-ci ildən “Trua”da olan müdafiəçi meydan çıxdığı 23 oyunda 2 qol vurub, 1 assist edib. Fransa klubu onu “Leqanes”dən öncə “Olimpiakos” və “Kasımpaşa” kimi komandalara da icarəyə verib. Poroso Ekvador yığmasında da 8 oyun keçirib.

“Leqanes” öz mərkəz müdafiəçisi Arits Arambarri ilə də yollarını ayırıb. 26 yaşlı ispan futbolçu azad agent kimi “Eybar”a keçib. O, yeni klubu ilə 3 illik anlaşıb. “Real Sosyedad”ın yetirməsi olan Arambarri “Leqanes”də 28 oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
arena.az

1Mənbələr