AZ

Sağlam qidalanma: nələrə diqqət yetirməliyik? - AÇIQLAMA

Sağlam qidalanma bədənin ehtiyac duyduğu qida maddələrinin düzgün və balanslı şəkildə təmin edilməsini nəzərdə tutan bir həyat tərzidir. Bu, yalnız qida seçimi ilə məhdudlaşmır, həm də qidaların keyfiyyəti, istehlak miqdarı, yemək vaxtları və qida təhlükəsizliyi kimi məsələləri əhatə edir.

Ümumilikdə, sağlam qidalanma bədən sağlamlığını qorumaq, enerji səviyyəsini yüksəltmək, xroniki xəstəliklərdən qorunmaq və uzun müddətli sağlamlıq üçün əsaslı bir addım olaraq qəbul edilir.

Bakıvaxtı.az dietoloq Könül Məmmədova ilə sağlam qidalanmanın əsas prinsiplərinə daha geniş şəkildə nəzər salıb.

Dietoloq ilk növbədə balanslı qidalanmanın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, balanslı qidalanma, müxtəlif qida qruplarından bədənin ehtiyacına uyğun miqdarda qida qəbul etməyi əhatə edir:

"Qeyd etdiyim qida qruplarına karbohidratlar, zülallar, yağlar, vitaminlər, minerallar və su aiddir. Bu, hər bir qida qrupunun bədəndə fərqli funksiyaları olduğunu və bədənin düzgün işləməsi üçün onların hər birinə ehtiyac olduğunu göstərir. Karbohidratlar bədən üçün əsas enerji mənbəyidir. Lakin sadə karbohidratlar, yəni ağ şəkər, ağ un məhsulları əvəzinə, tam taxıllar və lifli qidalar seçilməlidir. Tam taxıllar bədəndə enerjinin sabit olmasına kömək edir və qanda şəkər səviyyəsini nəzarətdə saxlayır. Zülallar bədən toxumalarının inkişafı və bərpası üçün vacibdir. Bir qisim qidalarda - məsələn, ət, balıq, yumurta, süd məhsullarında olan zülallar tam zülallardır və bütün vacib amin turşularını təmin edir, bitki mənşəli zülallar isə daha az doymuş yağlar ehtiva edir və ürək-damar sisteminin sağlamlığı üçün faydalıdır. Yağlar bədəndə enerji mənbəyi olmaqla yanaşı, hüceyrə strukturlarının və bəzi vitaminlərin mövcudluğu üçün zəruridir. Doymamış yağlar daha çox qəbul edilməli, doymuş və trans yağlardan uzaq durulmalıdır".

O, meyvə və tərəvəzlərin zəruriliyi, həmçinin, suyun gündəlik qəbulu ilə bağlı da məlumat verib:

"Meyvə və tərəvəzlər antioksidantlar, vitaminlər, minerallar və liflə zəngindir. Onlar bədəni xəstəliklərə qarşı qoruyur, həzm sisteminin düzgün işləməsini təmin edir və ümumi sağlamlığı dəstəkləyir. Gündə ən azı 5 porsiya meyvə və tərəvəz qəbul etmək tövsiyə olunur ki, bu da xroniki xəstəliklərin qarşısının alınmasına və bədənə lazım olan qida maddələrinin təmin edilməsinə kömək edir. Su isə bədəndəki bütün həyati funksiyalar üçün zəruridir. Su qəbulunun yetərsiz olması dehidrasiya, yorğunluq, baş ağrıları və böyrək problemlərinə səbəb ola bilər. Gün ərzində orta hesabla 2-2.5 litr su içmək məsləhətdir. Su, eyni zamanda bədəndən toksinlərin atılmasına, dəri sağlamlığının qorunmasına və metabolizmanın düzgün işləməsinə kömək edir".

Könül Məməmədova: Yeməklərin vaxtının nizamlanması xüsusilə vacibdir

Müsahibimiz diqqətə çatdırıb ki, qidaların düzgün hazırlanması, saxlanması və nizamlı yemək vaxtının təyin edilməsi önəm kəsb edir:

"Yemək vaxtlarının nizamlı olması, bədənin enerji səviyyəsini sabit saxlamaq və metabolizmanın düzgün işləməsi üçün vacibdir. Səhər yeməyi günün ən vacib yeməyi hesab olunur və gün ərzində nizamlı aralıqlarla qida qəbul etmək məsləhət görülür. Yeməklər arasında çox uzun fasilələr saxlamaq bədənin enerjisinin düşməsinə və maddələr mübadiləsinin yavaşlamasına səbəb ola bilər. Qidaların düzgün hazırlanması və saxlanması qida təhlükəsizliyi baxımından çox vacibdir”.

Qidaların çiy halda istehlakından çəkinmək, onları yaxşıca yumaq, düzgün bişirmək və saxlanma şərtlərinə diqqət yetirmək lazımdır. Məsələn, çiy ət məhsulları və çiy yumurtalar salmonella kimi təhlükəli bakteriyalar ehtiva edə bilər və düzgün bişirilmədikdə zəhərlənmələrə səbəb ola bilər.

Hər bir insanın bədən tərkibi, metabolizması və sağlamlıq vəziyyəti fərqlidir. Bu səbəbdən, qida rasionu fərdi ehtiyaclara uyğun olaraq tərtib edilməlidir

“Məsələn, diabet xəstələri üçün aşağı karbohidratlı qidalar tövsiyə olunur, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün isə doymuş yağlardan uzaq durmaq vacibdir. Buna görə də, qidalanma planı fərdi xüsusiyyətlər nəzərə alınaraq tərtib edilməlidir".

Əli Hüseynov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
9
bakivaxti.az

10Mənbələr