AZ

Azərbaycana 1996-cı ildən bəri Paralimpiya çempionluğu qazandıranlar - SİYAHI

Paralimpiya Oyunları fiziki və əqli, o cümlədən hərəkət, amputasiya, görmə məhdüdiyyəti və beyin iflici olan idmançıların iştirak etdiyi müxtəlif idman növləri üzrə beynəlxalq yarışdır. Azərbaycan Paralimpiya Oyunlarına ilk dəfə 1996-cı ildə qatılıb.

Azərbaycan idmançılarının bu il Parisdə keçirlən XVII Yay Paralimpiya Oyunlarında uğurlu çıxışları davam edir. Hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq. Azərbaycan builki yarışda 7 növ üzrə 19 idmançı ilə təmsil olunur.

İndiyədək Azərbaycana Paralimpiya çempionluğunu kimlər qazandırıb?

Modern.az yarışların xronologiyasını təqdim edir:

Azərbaycan Milli Paralimpiya Komandası ilk dəfə 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən X Yay Paralimpiya Oyunlarında işritak edib. X Yay Paralimpiya Oyunlarında 2 idman növündə 2 idmançı ilə təmsil olunan Azərbaycan həmin turniri medalsız başa vurmuşdu.

2000-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunan XI Yay Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komandası 7 idmançı ilə 3 idman növündə təmsil olunub. Azərbaycan Milli Paralimpiya Komandası Sidneydəki yarışları 1 gümüş medalla başa vurub. Komandanın heyətində atıcı Yelena Taranova gümüş medala sahib olmuşdu.

2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XII Yay Paralimpiya oyunlarında Azərbaycan komandası 9 idmançı ilə 4 idman növündə təmsil olunub. Paralimpiyaçılarımız həmin yarışın yekununda 4 medal (2 qızıl, 1 gümüş və 1 bürünc) qazanmışdı. Komandamızın heyətində yüngül atlet Oleq Panyutin (qızıl), cüdoçu İlham Zəkiyev (qızıl), yüngül atlet Zeynəddin Bilalov (gümüş) və atıcı Yelena Taranova (bürünc) medala sahib olmuşdu.

2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XIII Yay Paralimpiya Oyunlarında Azərbaycan 18 idmançı ilə 4 idman növündə təmsil edib. Komandamız yarışları 10 medalla (2 qızıl, 3 gümüş və 5 bürünc) başa vurub. Afina Paralimpiadasında cüdoçular İlham Zəkiyev (qızıl), Tofiq Məmmədov (gümüş), Kərim Sərdarov (gümüş) və Ramin İbrahimov (bürünc), yüngül atletlər Oloxan Musayev (qızıl), Zeynəddin Bilalov (gümüş), Vladimir Zayets (bürünc), Oleq Panyutin (bürünc), Rza Osmanov (bürünc) və Vüqar Mehdiyev (bürünc) medal qazanıb.

2012-ci ildə Londonda keçirilən XIV Yay Paralimpiya Oyunlarında Azərbaycanın 21 idmançısı 6 növdə yarışıb. Nəticədə komandamızın aktivinə 12 medal (4 qızıl, 5 gümüş və 3 bürünc) yazılıb. Cüdoçular Ramin İbrahimov (qızıl), Afaq Sultanova (qızıl) və İlham Zəkiyev (bürünc), üzgüçü Natali Pronina (bir qızıl və dörd gümüş), yüngül atletlər Oleq Panyutin (qızıl), Vladimir Zayets (gümüş) və Hüseyn Həsənov (bürünc), həmçinin Elçin Muradov, Rza Osmanov, Oleq Panyutin və Vladimir Zayetsdən ibarət qrup (bürünc) medalçılar sırasına yazılıb.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında 22 idmançımız 6 idman növündə yarışıb. Azərbaycan komandası yarışları 11 medalla (1 qızıl, 8 gümüş və 2 bürünc) başa vurub. Cüdoçular Ramil Qasımov (qızıl), Bayram Mustafayev (gümüş) və Rövşən Səfərov (bürünc), yüngül atletlər Yelena Çebanu (2 gümüş və 1 bürünc), Kamil Əliyev (gümüş) və İradə Əliyeva (gümüş), həmçinin üzgüçülər Roman Saleh (2 gümüş) və Dmitri Saleh (gümüş) qardaşları medala sahib olub.

2020-ci ildə Yaponiyanın Tokio şəhərində təşkil olunan XVI Yay Paralimpiya Oyunlarında 36 idmançı ilə 6 idman növündə təmsil olunan Azərbaycan milli komandası rekord nəticə əldə edib: 19 medal (14 qızıl, 4 gümüş və 4 bürünc).
Cüdoçular Şahanə Hacıyeva (qızıl), Vüqar Şirinli (qızıl), Sevda Vəliyeva (qızıl), Xanım Hüseynova (qızıl), Hüseyn Rəhimli (qızıl), Dursədəf Kərimova (qızıl), Namiq Abaslı (bürünc) və İlham Zəkiyev (bürünc), yüngül atletlər Lamiyə Vəliyeva (qızıl və gümüş), Həmid Heydəri (qızıl), Elvin Astanov (qızıl), Orxan Aslanov (qızıl), Səid Nəcəfzadə (bürünc), üzgüçülər Roman Saleh (üç qızıl) və Vəli İsrafilov (qızıl), həmçinin pauerliftinqçi Pərvin Məmmədov (bürünc) adlarını medal qazanan idmançılar siyahısına yazdırıblar..

Azərbaycan hazırda Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 19 idmançı (13 kişi və 5 qadın) ilə təmsil olunur. Hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var. İmaməddin Xəlilov (qızıl), Səid Nəcəfzadə (qızıl) və Lamiyə Vəliyeva (qızıl), Raman Saley (gümüş) və (bürünc), Sabir Zeynalov (bürünc) medala sahib çıxıblar.

Gülarə Quliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
modern.az

2Mənbələr