AZ

Yuxu yozmalarına inanmalıyıqmı? Yuxular həqiqət ola bilərmi? - Psixoloq AYDINLIQ GƏTİRDİ

“Hər inancın formalaşmasında mütləq nəyinsə təsiri var. Biz isə hər şeyi inkar edərək sadəcə toplumun ağıl səviyyəsini və ya psixoloji sabitliyini poza bilərik. Buna görə də "yuxu yozmalarına inanmaq axmaqlıqdır, belə edən insanlar cahildir" kimi yanaşmaları doğru hesab etmirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Əfsanə Rüstəmova deyib. 

 

“Gəlin, qısa bir tarixçə vərəqləyək. Ümumiyyətlə, yuxuya inanmaqla bağlı bizim arxivimizdə, yaddaşımızda, məlumat bazamızda nələr var? Biz cəmiyyət olaraq Şərq cəmiyyətində, inanc olaraq isə İslam inancında olan bir toplumuq. Bu inancın nümayəndələrinin böyük əksəriyyəti vəhyin və ya hər hansı doğru məlumatın, nə iləsə bağlı informasiyanın inanclı insanlara, ümumən ürəyi təmiz, saf, yaxşı təbiətli insanlara yuxuda gəldiyini bilirlər. Bunu istər dini mənbələrdən, istərsə də ədəbiyyatlardan, hekayələrdən və s. öyrənmişik. Bütün bunların fonunda biz də onların kökündən, soyundan gəlirik deyə, niyə də bizə məlumatlar yuxu vasitəsilə ötürülməsin ki? Ehtimal ki, yuxuya inanmaq və yuxu yozumu barədə təsəvvür də bu məntiqlə formalaşıb. Buna "etnik kök" deyirlər. Bizim etnik köklərimizdə, dədə-babalarımızda və onların dədə-babalarında bu inancın davam etməsini təmin edən hansısa güclü inanc, dəlil var. Belə olan halda, əlbəttə ki, insanlar yuxunun həyatlarına təsir edəcək qədər həqiqəti əks etdirdiyini düşünə bilərlər”, - psixoloq bildirib. 

 

O vurğulayıb ki, bir mövzuda danışanda bunu hamı eyni səviyyədə və eyni cür anlamır: “Bundan yola çıxaraq başa düşməliyik ki, insanlar yuxu görmək, yuxuda gördüklərini yozmaq, bunun onların həyatına təsiri hamının edə biləcəyi bir yanaşma deyil. Əslində, hamının bunu etməsi təhlükəli sayıla bilər. Buna görə də yuxu mövzusunda kifayət qədər diqqətli olmaq lazımdır. İstənilən halda, həyatımıza təsir edən yuxular gördüyümüzdə, bunları “bizə təsir edən yuxular” adlandırıblar. Bu inancı davam etdirməyimiz təhlükəli deyil, lakin önəmli bir nüansı vurğulamaq istəyirəm ki, dediklərimin hamısı normal psixologiyası, sabit və rasional, məntiqi, dünyagörüşü, həyati müşahidəsi yerində olan insanlar üçündür. Psixologiyası yerində olmayan, şübhə, narahatlıq və digər psixoloji simptomların daşıyıcısı olan insanların gördükləri yuxunu qeyri-rasional təhlil etmələri özlərinin də, yaxın çevrələrindəkilərin də həyatını təhlükəyə atacaq qədər zərərlidir. Yuxu görüb-görməməsindən asılı olmayaraq sağlam adamın etdiyi təhlil sağlıqlıdır, rasionaldır. Sağlam olmayan adamın hətta əlində faktı belə olsa, həmin fakta yüklədiyi məna psixi vəziyyəti ilə əlaqədar doğru olmaya bilər deyə bu, ciddiyə alınmamalıdır. Əslində, bunu sırf sağlam psixologiyaya bağlamaq lazımdır. Bir sözlə, insanların psixologiyası yerindədirsə, hər şeyə doğru məna yükləyir. Əks halda, hətta gözləri ilə gördükləri dəlilləri belə yanlış mənalandıra bilirlər”. 

 

Aytəkin Qardaşova 

Tarix: 5 Sentyabr 2024, 12:51   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
pravda.az

1Mənbələr