AZ

Bakıda keçirilən Hindistan sərgisindən REPORTAJ

Hindistanın milli geyimləri, təbii ipəkdən şərfləri, zinət əşyaları, qab-qacağı, təbii daşları, xalçaları, ümumiyyətlə milli mədəniyyət nümunələri göz oxşayır. Artıq illərdir ki, paytaxtımızda Hindistan sərgisi keçirilir.

 

Ənənəvi hal alan sərgiyə baş çəkmək üçün üz tutduq Amay Ticarət Mərkəzinə. İçəri ayaq basandan hind musiqiləri qulağımızda səsləndi.

 

 

Sərgidə Hindistanın əl işi olan çantalar, ayaqqabılar, dəri kəmərlər və bir çox əşyalar satışa çıxarılıb. Hindistandan gələn qonaqların sərgidə satışa çıxardıqları zinət əşyaları, əl işləmələri, qadın, kişi və uşaq geyimləri sərgiyə gələnlərin zövqünü oxşayır.

 

Satıcı Aytən Abdullayeva ilə söhbətləşərək sərgiyə olan marağı soruşduq: “Azərbaycanlıların Hindistan mədəniyyətinə, incəsənət nümunələrinə, musiqisinə çox böyük marağı var. Qadınların əksəriyyəti isə əllərinə hind xınası çəkdirmək üçün sərgiyə baş çəkirlər”.

 

 

Sonra satıcı Ahmad bizə qiymətlər barədə ətraflı məlumat verdi: “Boyunbağılar, xalxallar, saçdan asılan bəzək əşyası, üzük və sırğalar – bir sözlə hər cür gözəllik əşyaları 1 manatdan 100 manata qədər məbləğdə satılır. Təbii daşlar 50-60 manata təklif olunur”.

 

 

Burada təbii şampunlar, sabun və krem çeşidləri, qadınların diqqətini çəkən təbii kosmetika vasitələri, üzə, dəriyə qulluq üçün təbii bitkilərdən hazırlanmış yağlar da sərgilənir. Tərkibində demək olar ki, heç bir kimyəvi qatqısı olmayan bu məhsulların qiyməti 5 -15 manat arasında dəyişir. Sərgidə Dehli bölgəsindən gətirilmiş çox çeşiddə qadın çantaları 35-40 manata təklif edilir, təmiz dəridən, üstü isə su keçirməyən təbii parçadan hazırlanan ayaqqabıları 25-30 manata almaq mümkündür.

 

Sərgidə ən çox diqqət çəkən Hindistanın milli geyimləridir. Rəngarəng parçalardan hazırlanan geyimlər və digər məhsulların qiymətləri də kifayət qədər münasibdir.

 

Sərginin keçirilməsində məqsəd Bakı sakinlərini Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməklə yanaşı, iki xalqın mədəni inteqrasiyasına töhvə verməkdir.

 

 

Oynaq hind musiqisinin sehrindən zövq alaraq sərgiyə olan ziyarətimizi yekunlaşdırdıq.  Qeyd edək ki, sərgi səhər saat 11:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərir.

 

 

 

Ülkər Abdurahmanlı

Fotolar: Anar Bayramlı

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
31
sfera.az

10Mənbələr