AZ

“Qarabağ” uğursuz seriyaya son qoydu

“Qarabağ” Çempionlar Liqasında ardıcıl 2 məğlubiyyətin əvəzini “Zirə”dən çıxa bildi. Ağdamlılar həm psixoloji durumunu düzəltdi, həm də Premyer Liqada çempionluğa əsas iddiaçı olacağını növbəti dəfə göstərdi.

Avrokubok matçları arasında “Turan Tovuz”a ev məğlubiyyətini də nəzərə alsaq, 3 oyuna qol vurmadan 6 top buraxan “atlılar”a rahat qələbədə rəqibin yorğun olması da kömək oldu. “Zirə” də Konfrans Liqasında “Omoniya” ilə çətin oyun keçirmiş, üstəlik, “Qarabağ”dan bir gün az dincəlmişdi. Rəqibin daha zəngin heyətinin qarşısında bir neçə futbolçunun zədə üzündən kənarda qalması qüvvələr nisbəti arasındakı fərqi daha da böyütmüşdü.

Nəticə ədalətli oldu. “Qarabağ”ın yeni transferi Emmanuel Addainin qolla debüt etdiyi matçda “Zirə”nin sürprizə gücü çatmadı. Bununla belə, “qartallar” ilk beeşlikdə qaldı və ehtiyatda bir oyunları var.

Ən pis durum “Neftçi”dədir. 5 oyuna qələbə görməyən bakılıların baş məşqçisi Roman Qriqorçuk hər nə qədər doğru yolda olduqlarını desə də, nəticələr məyusedicidir. “Şamaxı” ilə itirilən xallar komandanı autsayderə çevirib. Ukraynalı mütəxəssis qol vurmağın, qələbə qazanmağın yolunu tapmasa, istefa verəcəyi gün uzaqda deyil. Bu baxımdan qarşıdakı 2 turda “Zirə” və “Qarabağ”la oyunlar həlledici olacaq.

Çempionatda yaranan fasilə “Neftçi üçün göydəndüşmədir. Lakin bu,yorğun “Zirə”nin daha çox işinə yarayacaq. Qriqorçuk heyəti istədiyi oyunçularla gücləndirdiyindən, daha bəhanəsi qalmayıb bə tezliklə qələbələri sırlamalıdır.

Yüksək yerlərə iddia edən “Sabah”ın işləri qaydasına düşmüşə oxşayır. Amma əla oyunçu potensialı olan komanda sabit oynaya bilmir. Son turda “Kəpəz” üzərində qələbə qazanıldı, lakin komandanın oyunu ümid vermədi. Şənbə gününədək qola həsrət olan gəncəlilərin bakılılara 2 top vurması ciddi siqnaldır. Düzdür, qonaqlar geridönüş etməyi bacardı, bununla belə, matça baş məşqçisiz çıxan qərblilər elə durumdadır ki, göz açmamalıydılar. Bu oyunu “Sabah” qazanmadı, sadəcə, nominal meydan sahiblərinin sonadək dayanmağa gücü çatmadı. Heəytlər arasındakı keyfiyyət fərqi, futbolçuların fərdi ustalığı yekunnəticəni müəyyənləşdirdi.

Fasiləyə gedərkən bütün komandaların xal itirmiş olması gərgin mübarizənin göstəricisidir. Top buraxmayan, deməli, həm də məğlubiyyət görməyən tək komanda olan “Turan Tovuz” mövsümün əsas sürprizidir. Elə “Neftçi”nin 5 tura qələbə qazanmaması da gözlənlməzlikdir. “Kəpəz” isə ilk xal ümidi ilə baş məşqçisini dəyişdi. Lakin Adil Şükürovun qurduğu komandanı Azər Bağırov çətin ki, qısa müddətdə toparlaya bilsin.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
futbolinfo.az

2Mənbələr