AZ

“Kəpəz” iki oyunçu ilə güclənir: Bağırov xilas üçün düzgün seçilmiş məşqçidirmi?

“Kəpəz” 2 transferi reallaşdırmaq üzrədir. Mövsümə uğursuz başlayan, ardıcıl 5 məğlubiyyət alan gəncəlilər vəziyyətdən çıxmaq üçün heyəti gücləndirməyə qərar verib.

Futbolinfo.az xəbər verir ki, Adil Şükürovun qurduğu heyətdən razı qalmayan yeni baş məşqçi Azər Bağırov rəhbərlikdən bir neçə oyunçunun keçidinə şərait yaradılmasını istəyib. Ona “yaşıl işıq” yandırılıb. Məşqçi də “Araz-Naxçıvan”dan tanıdığı, “hansısa səbəblərdən” heç kimin heyətinə qatmaq istəmədiyi və futbolsuz qalan Turan Manafovu Gəncə klubuna çağırıb. Tərəflər arasında razılıq əldə edilib və tezliklə keçid açıqlanacaq.

Digər futbolçu isə Bolqarıstandan gələcək. Bu ölkədə legioner həyatı yaşayan Cəlal Hüseynov gözlənilmədən “Kəpəz”də oynamaq qərarı verib.

Ötən yay “Zirə”dən “Arda”ya keçən 21 yaşlı müdafiəçinin qəfil qərarının səbəbi bilinmir. Bəlli olan odur ki, klub daxilində problem yaşayan həmyerlimiz rəhbərlikdən icarəyə verilməsini tələb edib və onun arzusu yerinə yetirilib. Bolqar klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi olan Cəlal artıq “Kəpəz”lə razılığa gəlib və cari mövsümü qərblilərin düşərgəsində keçirəcək.

“Kəpəz”in güclənmək arzusu başadüşüləndir. Lakin klub rəhbərliyinin bunu hansı pulla reallaşdırdığı çox maraqlıdır. Əlavə sponsoru olmayan, yalnız dövlət yardımı ilə kifayətlənən gəncəlilər zatən ötən mövsüm cari ilin büdcəsindən 800 min manat xərcləyib. Rəhbərlik indi həmin borcun yerini doldurmalıdır, üstəlik, Şükürovun qurduğu heyət qalan pula uyğun seçilib. Belədə yeni transferlərin necə reallaşacağı maraqlıdır.

Belə bir riskin Bağırova görə edilməsi də maraqlıdır. Ötən mövsüm yüksək büdcəli “Araz-Naxçıvan”ı az qala I Liqaya düşürməkdə olan Azər bəyə güvənib əlavə xərcə düşməyə dəyərmi? Dünənədək özünü təklif etdiyi “Turan Tovuz” və “Şamaxı”dan rədd cavabı alıb I Liqada iş axtaran bu məşqçi “Kəpəz”in xilası üçün doğru seçilmiş adamdırmı?

Zaman hər şey göstərəcək. O dəqiqdir ki, “Kəpəz” daha bir məşqçi istefasından sonra özünə gələ bilməyəcək. Ümid edək ki, milli komandaların oyunlarına görə yaranan fasilə “Kəpəz”ə faydalı olacaq və Bağırovun istəyi ilə edilən transferlər komandanın qurtuluşunda rol oynayacaq.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
futbolinfo.az

10Mənbələr