AZ

İrəvanda tarixi köklərimizi təsdiqləyən əsaslı sübutlar TƏHLİL

2020-ci ilin 27 sentyabr tarixindən etibarən Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə başa çatdı. Cənab Prezident çıxışlarını birində "44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu", - deyərək bildirib: "Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi".

İşğaldan azad olunmuş qədim tarixi torpaqlarımızda Ermənistanın hərbi birləşmələri yaşayış yerlərini, insan məskənlərini, eləcə də milli mədəniyyət, dini abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən 30 ilə yaxın işğalda qalan ərazilərimizdə 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalmışdı. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı idi. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam mədəniyyətinə aid olan bütün abidələr dağıdılıb. Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim edilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz iyrənc simalarını göstəriblər.

ŞƏHƏRİN TARİXİ MƏHƏLLƏSİ - TƏPƏBAŞI

Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışaraq əqli mülkiyyətimizin terrorçusuna çevriliblər. Azərbaycanın işğal altında olan ərazilərini xarabalığa çevirən ermənlər vəhşilik missiyalarını həyata keçiriblər. Ermənistan ərazisində məhv edilən Azərbaycan abidələri - Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığınının bariz nümunəsidir. 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdların tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi.

Bu gün İrəvan şəhərində olan Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi də acınacaqlıdır. Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi məqsədi ilə təcavüzkar siyasət məqsədyönlü şəkildə davam etdirilir.

İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi həyata keçirilir. Artıq Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub. Təpəbaşı məhəlləsi qədim İrəvanda azərbaycanlıların yaşadığına və onlara aid olduğuna dair əsaslı sübutdur. Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilməsindən sonra ərazilərdə olan bütün tarixi-mədəni, dini abidələrimiz məhv edilib, süni erməniləşdirmə siyasəti aparılıb. Qeyd edək ki, Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, hazırkı İrəvan şəhərinin də tarixi nüvəsini təşkil edir. Ermənilər tərəfindən aparılan, 100 ildən çox davam edən və sistemli xarakter daşıyan söküntü proseslərinə baxmayaraq, onun son qalıqları günümüzə qədər gəlib çıxıb. Tarixi abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadığı bu məhəllənin müasir zamanda müqəddəratı ilə bağlı ciddi narahatlıq var.Əlbəttə ki, belə bir abidənin Təpəbaşının məhv edilməsinin qarşısının alınmasına dünya ictimaiyyətinin göz yumması yolverilməzdir.

İRƏVANIN ƏSL MÜSƏLMAN ŞƏHƏRİ KİMİ TƏSVİRİ

Qərbi Azərbaycan ölkəmizin qədim bölgələrdən biridir. Burada mövcud olan qəbirsanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisidir. Böyük bir irsin nümunələri bu yerlərdədir. 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bir dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edil¬mişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı əsl müsəlman şəhəri kimi təsvir etmişlər. İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. XIX əsrin sonları, XX əsri əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məs¬cidlər bir-birinin ardınca dağıdılmışdır. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilər. 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələrini bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər.

XX əsrin 30-40-cı illərində İrəvan şəhərinin mərkəzindəki azərbaycanlı məhəllələri möv¬cudluğunu qoruyub saxlayırdı. Tarixən İrəvan şəhəri Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünmüş, şəhərin yaranmasından 20-ci əsrin əvvəllərinə qədər hər bir ərazidə azərbaycanlılar yaşamışdır. 19-20-ci əsrlərdə azərbaycanlılar şiddətli etnik təmizləmə ilə üzləşmiş, SSRİ-in dağılması ilə isə onların indiki Ermənistan ərazisindəki mövcudluğunun son qalıntıları da məhv edilmişdir. Bura İrəvan qalası, Xan sarayı kimi minlərlə tarix və mədəniyyət abidəsinin, çoxsaylı məscid və hamamların dağıdılması daxildir. Hətta İrəvanda salamat qalmış iki məscid - Hacı İmamverdi məscidi və Göy məscidinin tarixi saxtalaşdırılıb və xarabalığa çevrilənə qədər baxımsız qalıb. Bütün bu cəhdlərə baxmayaraq, Ermənistan və Azərbaycan arxivlərində Təpəbaşının azərbaycanlı köklərini təsdiqləyən əsaslı sübutlar var.

2006-cı ildə təsdiq edilmiş İrəvanın şəhər planına Azərbaycan mədəniyyətinə aid edilən, qəsdən fars mənşəlli kimi təqdim edilən memarlıq nümunələri olan altı ərazi daxil edilib. 2006-cı ilə qədər bu ərazilər 29 hektar ərazini əhatə edirdi, lakin bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalır. Cəmi 18 il ərzində 13 hektar tarixi əhəmiyyətə malik Azərbaycan memarlığı dağıdılıb, müasir infrastruktura yer açılıb.

BEYNƏLXALQ QANUNLARA VƏ KONVENSİYALARA ZİDD ƏMƏLLƏR

İşğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. Erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv edilməsi barbarlığın, vandallığın nümunəsidir.

Ermənilərin bu əməli "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası və "Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir. Tarixi ədaləti bərpa edən Azərbaycan 30 ilə yaxın işğalda qalan ərazilərin erməni təcavüzkarlarından azad etdikdən sonra abadlıq-quruculuq işlərinə başlayıb. Cənab Prezident çıxışlarını birində "Gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik", - deyə bildirmişdir. Azərbaycan işğaldan azad olunan bütün ərazilərimizdə olan tarixi, dini abidələrimizi məscidləri tikərək, yenidən bərpa edir. Artıq bir neçə abidlərin təmir və bərpası işləri davam etdirilir.

Təbii ki, Azərbaycanın əsrlərə söykənən tarixi faktları kifayət qədərdir ki, hər bir ərazimizin coğrafi-tarixi mənbələrini əsaslandırmağa dəlillərimiz var. Ermənistan tarixi həqiqətləri qəbul etməlidir, əks təqdirdə "DƏMİR YUMRUQ" onlara həqiqət yolunu bir daha göstərəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
sesqazeti.az

10Mənbələr