AZ

Əflatun Amaşovla Bəxtiyar Sadıqov nəyi bölə bilmirlər? – Replika

Azərbaycan Kommunist Partiyasının orqanı kimi 1919-cu ildə nəşrə başlayan “Kommunist” qəzetinin bazasında yaranmış “Xalq qəzeti” keçən həftə 105 illiyi münasibətilə xüsusi yazılar dərc edib. Amma yazıların “barıtı”nı o qədər çox eləyib ki, əlahəzrət faktı da fakt qarşısında qoyub. Nədənsə özünü Xalq Cümhuriyyəti parlamentinin orqanı olan “Azərbaycan” qəzetinin varisi statusunda göstərməyə çalışıb.

“Azərbaycan” qəzetinin əbədi baş redaktoru Bəxtiyar Sadıqov isə qəzetin bu “cəhdi”nə özünün 2 səhifəlik şanlı məqaləsi ilə etiraz edib. “Xalq qəzeti”ni yıxıb-sürüyən məqaləsində o, həmkarını tarixi saxtalaşdırmaqda ittiham edib. Üstəlik, “Xalq qəzeti” ilə yanaşı, “Respublika” qəzetini də dövlətin yox, iqtidarın orqanı adlandıraraq imiclərini yerlə-yeksan edib.

Bəs əslində dava nəyin davasıdır? Bu dava tarixi varislik və həqiqət naminədirmi? Cavab çox sadədir: bu, status davası, mənsəb qırğınıdır!

Sirr deyil ki, Əflatun Amaşov “Xalq qəzeti”nə qondarma tarix yapışdıraraq onun prestijini qaldırır, Bəxtiyar Sadıqov isə “rəsmi dövlət qəzeti” kimi “çörəkli” statusunu bölüşmək istəmir.

İndi biz Bəxtiyar Sadıqovun yerində Üzeyir Hacıbəyovu, Əflatun Amaşovun yerində isə Ruhulla Axundovu təsəvvür edə bilərikmi? Əlbəttə, yox! Çünki Üzeyir bəylə Ruhulla müəllim mübarizələrində səmimi idilər, apardıqları dava da siyasi-ideoloji məzmun daşıyırdı. Bəs bunlar nəyi bölüşə bilmir? İndi tarixdə mürgüləyib qalmaq zamanı deyil, müasir rəqəmsal media mühitində oxunaqlı qəzet davası aparmaq, daha sanballı və perspektivli olmaq haqqında düşünmək lazımdır. Amma gəlin görək, keçmişin adamları ilə müasir qəzet buraxmaq nə qədər mümkündür? Bax, bu da ayrı bir düşündürücü sualdır!

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
konkret.az

3Mənbələr