AZ

Zatulin öz dövlətinə qarşı...

O, növbəti dəfə separatçılara “dəstək” nümayiş etdirib

Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri mövcuddur və bu, regional və beynəlxalq əməkdaşlıq nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir. Lakin erməni diasporunun və lobbisinin direktivləri əsasında fəaliyyət göstərən şəxslər bu münasibətlərə xələl gətirməyə çalışırlar. Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin də belələri sırasında yer alır. Onun son açıqlamaları, eləcə də əvvəllər yol verdiyi qanunazidd hərəkətlər bu şəxsin konkret olaraq erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərdiyini nümayiş etdirir.

Kostyanın arzusu...

Rusiya Dövlət Dumasında komitə sədrinin müavini olan Zatulin növbəti dəfə sentyabrın 3-də Qarabağdakı keçmiş separatçı rejimin yaradılmasının “ildönümü” ilə bağlı təbriki ilə “gündəmə” gəlib.  O, məktubunda Bakıda məhkəməsini gözləyən Qarabağ separatçılarının təəssübkeşi rolunda da çıxış edib. Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digər terrorçu-separatçılara dəstək nümayiş etdirib. “Allahdan arzu edirəm ki, onların başına bir iş gəlməsin və tez bir zamanda ailələrinə, Ermənistana qayıtsınlar”, - deyə o, bildirib. Zatulin hətta Azərbaycan torpaqlarında guya erməni tarixi mədəni abidələrinin məhv edildiyini uydurub, amma bu barədə heç bir fakt ortaya qoya bilməyib. Əksinə, bir faktı deyə bilərik ki, tarixi memarlıq abidəsi olan Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb. Məhz torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycanın ərazisindən çıxarıblar. Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar və kitabələr də işğal dövründə sökülərək talan edilib.

Ermənipərəst rus deputata xatırlatma

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları “erməni ənənəvi incəsənət nümunələri” kimi təqdim olunub. Halbuki Qarabağdakı kilsələr alban kilsələridir. Zatulin heç olmasa, savadı varsa, Kəlbəcər rayonu ərazisində əhalinin siyahıya alınmasına baxsın. Onda görəcək ki, Kəlbəcər ərazisində bir erməni də yaşamayıb və ermənilərlə heç bir əlaqəsi yoxdur.

Ölkəsində rüşvətxor və riyakar biri kimi tanınan Zatulinin bu “təbriki” sözsüz ki, gündəmdə qalmağa yönəlib. Ermənistanda belə persona non-qrata elan edilən bu şəxs erməni lobbisindən və diasporundan aldığı tapşırıqlara uyğun hərəkət edir. Əgər Zatulinin Ermənistana girişi qadağan edilibsə, o hansı məntiqlə erməni təəssübkeşliyi edir? Burada məqsəd aydındır: Rusiyada yaşayan milyonçu ermənilərdən pul qoparmaqda davam etmək.

Ümumiyyətlə, Zatulin əvvəllər də separatçılara dəstək nümayiş etdirib. O, hətta 2010-cu il mayın 23-də Qarabağ separatçıları tərəfindən keçirilən “parlament seçkilərində” “müşahidəçi” kimi iştirak edib. Bu səbəbdən də, Zatulin  Azərbaycan Xarici İşlər Nazirliyinin “persona non-qrata” siyahısına düşüb. Zatulinin Bakıda həbsxanada barəsində çıxarılacaq hökmü gözləyən Ruben Vardanyana dəstək verməsinə gəlincə, onları sıx dostluq birləşdirir. Zatulin uzun illər məhz Vardanyandan aldığı tapşırıq və əmrlərə uyğun fəaliyyət göstərib. Bu mövqeni də neçə illərdir həyata keçirir. Həm 2020-ci il İkinci Qarabağ müharibəsi, həm də Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra bu prosesi müşahidə edirik.

Rusiyadakı səfirimizdən Dövlət Dumasının sədrinə müraciət

Digər məqam ondan ibarətdir ki, Zatulin sıradan biri deyil, Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavinidir. Bu addımı ilə onun hədəfi şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında ikitərəfli strateji münasibətlərə kölgə salmaq cəhdidir. Yeri gəlmişkən,  Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Konstantin Zatulinin qondarma “DQR-in müstəqillik günü” əlaqədar videomüraciəti ilə bağlı Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb. Polad Bülbüloğlunun məktubunda Dövlət Duması sədrinin diqqətinə Zatulinin “növbəti çirkin hərəkəti” çatdırılır. Diplomatımız yazıb: “Zatulin özünün təxribat xarakterli müraciətində guya “Rusiyadakı qayğıkeş insanlar” adından çıxış edərək separatçılara dəstək verir və bununla da artıq başa çatmış münaqişəni canlandırmaq üçün xəyali ümidlərlə erməni cəmiyyətində revanşist qüvvələri yenidən təhrik edir. Üstəlik, o, çıxışında separatçı rejimin keçmiş rəhbərlərini və əlləri günahsız azərbaycanlıların qanına bulaşmış digər terrorçuları nəzərdə tutur”.

Məktubda vurğulanır ki, Ermənistanda “persona non-qrata” elan olunan Zatulin Rusiya cəmiyyətində ekspansionist baxışları və hekayələri təbliğ etməkdə davam edir, Rusiyada yaşayan erməni millətindən olan himayədarlarının siyasi sifarişlərini yerinə yetirir, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətləri ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. Səfir xatırladıb ki, ötən ay prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı tərəflər əməkdaşlığın yüksək səviyyəsini bir daha təsdiqləyib, Rusiyanın dövlət başçısı da uzunmüddətli sülhün, təhlükəsizliyin bərqərar olmasına və Cənubi Qafqaz regionunda sabitliyə töhfə verməyə hazır olduğunu bəyan edib.

Polad Bülbüloğlu qeyd edib: “Bu müsbət fonda ölkəsinin rəsmi mövqeyinə qarşı çıxan “Vahid Rusiya” partiyası üzvünün destruktiv hərəkətləri göstərir ki, o, nəinki bununla razı deyil, həm də dövlət başçısının fikrinə hörmət etmir”. Diplomat Dövlət Dumasının sədrinə müraciət edərək, ondan bu məsələyə prinsipial yanaşmağı və gələcəkdə Zatulinin bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görməyi xahiş edib.

Zatulin “vəfa borcu”nu ödəyir?

Rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasət, dövlətlərarası münasibətlərdə sərgilədiyi balanslı mövqe bəzi qüvvələri isterik vəziyyətə salıb. Əslində, bu şəxs ilk olaraq öz ölkəsinin siyasətinə qarşı çıxır. Lakin onun kimilərin məqsədi nə olursa olsun, istər Rusiyanın dövlət başçısı və hökumət təmsilçiləri, istər Rusiya cəmiyyətində nüfuz sahibi olan ziyalılar və ictimaiyyət nümayəndələri Azərbaycan dövləti ilə əlaqələrin Moskva üçün nə qədər əhəmiyyətli olduğunun fərqindədir. Dəfələrlə bəyan edilib ki, Rusiya bu münasibətlərin daha da inkişafına səy göstərir. İndi hansısa bir siyasi təxribatçının, erməni diasporunun maddi dəstəyi ilə fəaliyyət göstərən qeyri-ciddi “siyasətçi”nin bu münasibətləri hədəf alması heç bir nəticə verməyəcək.

Beləliklə, ermənipərəst Zatulinin təxribatları heç bir nəticə verməyəcək. İndiyə qədər belə cəhdləri çox olsa da, buna nail ola bilməyib. Bakı və Moskvanın indiki müttəfiqliyi fonunda Zatulinin təxribat cəhdləri sabun köpüyündən başqa bir şey deyil. Çünki Qarabağda separatizm bir daha baş qaldıra bilməyəcək şəkildə məhv edilib, Azərbaycan öz suverenliyini təmin edib. 2 sentyabr tarixi də İrəvana qaçmış və Ermənistan hakimiyyəti tərəfindən də küncə atılmış bir ovuc separatçıdan, bir də onlarla eyni mahiyyətə sahib olan Zatulin kimilərdən başqa heç kimə maraqlı deyil. Hətta ermənilərin özləri üçün də bu məsələ bitib. Görünür, Ermənistandan qovulan Zatulin separatizmi dəstəkləməklə indiyə qədər istifadə etdiyi “gəlir mənbəyini” itirmək istəmir. Sözügedən “təbrik” isə onu maliyyələşdirən ermənilərə yalnız “vəfa borcu” sayıla bilər. 

Nardar BAYRAMLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
yeniazerbaycan.com

1Mənbələr