AZ

Kevin De Bröyne: “Çox səs-küy və xəbər vardı”

“Mançester Siti”nin lideri Kevin De Bröyne Səudiyyə Ərəbistanı klublarının onunla maraqlanmasına dair xəbərlərə münasibətini bildirib.

Arena.az belçikalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mən heç kimlə əlaqə saxlamamışam. Çox səs-küy və xəbər vardı. Sakit yay gözlədiyimi demişdim, belə də oldu. Məzuniyyətdə idim, qayıdandan sonra məşqlərə başladım. Olan budur, daha deməyə sözüm yoxdur”, deyə De Bröyne məlumat verib.

Xatırladaq ki, artıq geridə qalmış yay transfer pəncərəsi zamanı Səudiyyə Ərəbistanı çempionatı klublarının Kevinlə maraqlanmasına dair çoxlu xəbərlər dolaşırdı. Onun cəlbedci təkliflər qarşılığında “Mançester Siti”dən ayrılacağı bildirilirdi.

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə De Bröyne bir müddət zədə səbəbindən oynamasa da, “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı oyunçu ötən mövsüm “Mançester Siti”nin heyətində 26 oyuna çıxıb. Kevin bu oyunlarda 6 qol vurub, 18 məhsuldar ötürmə verib.

Yenicə başlamış cari mövsümdə isə o, “Mançester Siti” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.

De Bröyne “şəhərlilər”in heyətində ümumilikdə 384 oyun keçirib, 102 qol və 170 məhsuldar ötürmə müəllifi olub.

Kevin 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 105 oyun keçirib, 28 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
arena.az

2Mənbələr