AZ

Elektron qolbaq taxılan şirkət direktoru ilə bağlı QƏRAR

Ali Məhkəmədə işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmada təqsirləndirilən Mirhadı Abbasovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

 

İttihama görə, Mirhadı Abbasov İmişli bölgəsində qeydə alınmış şirkətlərdən birinin direktoru vəzifəsində işləyərkən Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində yerləşən “Hacıqasımlı” qum yatağında qum materiallarının çıxarılması və istehsalı fəaliyyətini həyata keçirib. O, MMC-yə ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən 4895 kvadratmetr sahəsində orta istismar dərinliyi 1,6 metr olmaqla 7832 kubmetr həcmində qanunsuz qum çıxarılması və istehsalı fəaliyyətini həyata keçirib. Belə ki, Mirhadı Abbasov 07 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək olan müddət ərzində 109 648,0 manat qum istehsal edib, istismar sahəsində korlanmış torpaq sahələrinin bərpası (dağ-texniki rekultivasiya) sahəsində üzərinə düşən vəzifələrini yerinə yetirməyərək təbiətə ağır nəticələrə səbəb olan zərər vurub.
 

Daha sonra Mirhadı Abbasov cinayət məsuliyyətinə cəlb edilib.

 

Saatlı Rayon Məhkəməsinin hökmü ilə Mirhadı Abbasov 1 il 5 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması və 1 il 6 ay müddətinə qum-çınqıl istehsal edən qurumlarda rəhbər vəzifələr tutmaq hüququndan məhrumetmə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsinin əsasən, apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilib, Saatlı Rayon Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci (əzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi xaric edilib. Mirhadı Abbasov Cinayət Məcəlləsinin 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və həmin Məcəllənin 46.2-ci maddəsinə tətbiq olunaraq ona 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü ildən 21 aprel 2023-cü ilədək həbsdə və ev dustaqlığında olduğu müddət çıxılaraq, ona qəti olaraq 3 il 5 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 5 Sentyabr 2024, 09:07   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
pravda.az

1Mənbələr