AZ

 “Şeir daşıyıram ürəyimdən yazılmamış varaqlara...”

Düz 80 il öncənin bu günü-sentyabr ayının 5-də Zəngəzurda Maralzəmi kəndində sadə bir ailədə bir oğul övladı dünyaya gəldi. Adını Hidayət qoydular. Ömrü boyunca doğru yoldan, haqq yoldan sapmasın, insanları da məhz bu yola dəvət etsin deyə... Onda heç kim bilmirdi həmin körpə Hidayət böyüyəcək, öz doğma el-obasını tərk etməli olacaq, həyatını öncə İrəvanda, sonra Bakıda davam etdirəcək. Hələ ömrünün müxtəlif zamanlarına müxtəlif şəhərlərin adı da yazılacaq. Alnına isə şairlik taleyi... Ömrü şəhər-şəhər, kənd-kənd keçən adam üç məmləkətin adını isə həm taleyində, həm də şeirlərində birləşdirəcək, yaddaşının saxlanc yerində möhkəm-möhkəm qoruyacaq. Elə başqaları da onun adını bu üç məmləkətlə bütünləşdirəcəklər:

“Zəngəzurda doğuldum,

İrəvanda yaşadım,

Bakıda öləcəyəm”.

İllər öncə qatıldığım tədbirlərin birində məşhur ədəbiyyatşünas alimlərdən biri heç zaman unutmayacağım bir fikir səsləndirdi. O dedi ki, əslində, dövlət məmuru, xüsusən də dövlət təmsilçisinin ədəbiyyatçı olması daha yaxşı haldır. Çünki ədəbiyyatçılar daha həssas olurlar, insanların psixologiyasını daha yaxşı dəyərləndirə bilirlər. Elə ilk eşidəndən bu fikirlə razılaşdım. Çünki illər boyunca buna bənzər nümunələrin çox şahidi olmuşuq. Həm məmur kimi, həm də ədəbiyyatçı kimi xalqına, dövlətinə şərəflə xidmət edən şəxsiyyətlərimizi tanımışıq. Onlardan biri də bu gün 80 illik yubileyini qeyd edən dəyərli söz adamı, ictimai xadim Hidayət Orucovdur.

Uzun illər müxtəlif vəzifələrdə çalışan, həmişə bir yazıçı, ədəbiyyatşünas və eyni zamanda diplomat kimi Azərbaycanı dünyanın dörd bir yanında ən yüksək şəkildə təmsil edən Hidayət müəllimin yaradıcılığı öz zənginliyi və mövzu əhatəliliyi ilə fərqlənir.

Onun yaradıcılığına və bioqrafiyasına qısa nəzər salmaq kifayət edir ki, bütün həyatını Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və 1990-cı illərdən sonra isə Qarabağla bağlı həqiqətlərin təbliğinə həsr etdiyinin şahidi olaq.

Əlbəttə, onun bioqrafiyası kimsəyə sirr deyil. Günümüzün şərtləri ilə internet resurslarında da asanlıqla tapmaq olar. Amma biz bu yazıda da onun keçdiyi ömür yolunu fəxrlə əks etdirməyi lazım bilirik. Çünki bu, 1944-cü ilin 5 sentyabrında Maralzəmidə Hidayət adı verilən o körpənin hidayət yoludur...

Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycan Meğri rayonunun Maralzəmi kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirən Hidayət bir müddət kənddə müəllim, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi işləyib, 1968-ci ilin iyul ayında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunub, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına uğurla başçılıq edib.

Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranıb, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görüb, “Ədəbi Ermənistan” məcmuəsi nəşr olunub.

Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilib, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulub. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilib. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.

1984-cü ildə Bakıya köçərək “Gənclik” nəşriyyatının baş redaktor müavini (mart 1984 - mart 1986), sonra baş redaktoru (1986-1992-ci illər) vəzifələrində işləyib. Bu illərdə “Gənclik” nəşriyyatında böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən, Azərbaycan klassik ədəbi irsi, folkloru, tarixi keçmişi sistemli şəkildə nəşr edilib yayılıb. “Gənclik” nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik “Dünya Uşaq Ədəbiyyatı Kitabxanası”nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisədir. Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik “Azərbaycan folkloru”, 25 cildlik “Macəra və fantastika”, 17 cildlik “SSRİ Xalqları Ədəbiyyatı” kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanılıb.

Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə, eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımlarına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Onun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunub.

Pyesləri uzun illərdir ki, Azərbaycanda və xaricdə böyük teatrların səhnələrində uğurla oynanılır.

1 avqust 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olub, 1993-2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləyib. 2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri vəzifəsində çalışıb.

25 iyul 2006-cı ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. 31 may 2012-ci ildə həmin vəzifədən azad edilib.

Ona 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2019-cu ilin iyul ayında Hidayət Orucov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

6 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bəli, Hidayət Orucov işlədiyi bütün vəzifələrlə, siyasi müstəvidəki dolğun fəaliyyəti ilə ictimaiyyətin hörmətini, sevgisini qazanıb. Ancaq bütün hallarda Hidayət Orucov hər şeydən öncə yazıçıdır, qələm adamıdır!

Məncə, onun siyasi fəaliyyəti də zaman-zaman məhz yazıçılığı ilə hesablaşıb. Bəlkə də onun bu cür sevilməsinə, bir dövlət təmsilçisi kimi sayılıb-seçilməsinə səbəb olan əsas amillərdən biri də budur. Zamanında özü də etiraf edib axı:

Peşəm?

Qara fəhləyəm

qardaş,

qara fəhlə.

Usta fəhlələr sırasına

keçməmişəm hələ.

Gözlərim - arzu yurdu,

Ürəyim - qabar-qabar,

Baxışımda, qəlbimdə

Yuxusuz gecə “növbələrinin”

Yorğunluğu, acısı var.

...Nə taxta-şalban

daşıyıram,

nə kömür,

(Elə olsaydı, nə qəm!)

Bu, başqa cür fəhləlikdir,

bu, başqa bir ömür!

Şeir daşıyıram

ürəyimdən

yazılmamış varaqlara...

Onun ürəyindən varaqlara daşıdığı şeirlərin, duyğuların bəhrəsi kitablara çevrilib zaman-zaman oxucularla görüşdü, o ağ varaqlardan saysız-hesabsız insanların ürəyinə yol tapdı. Bir-birinin ardınca çap olunan “Məni səsləyəndə”, “Məhəbbət qocalmır”, “Bir az gözləyin məni”, “Dənizi harayladım”, “Ömrümün çəhlimləri”, “Eviniz analı olsun”, “Zirvə cığırı”, “İrəvanda xal qalmadı”- dramaturgiya, nəsr, publisistika, “Qatardan məktub”, “Hərdən xatırla məni”, “Sabaha çox var”, “Mən belə yaşayıram”, “Doxsanıncı il”, “Həsrət”, “Hərdən xatırla məni” - seçilmiş şeirlər, “Sözün vaxtı”- publisistika, “Ömrümün çəhlimləri” - şeirlər və poemalar, “Burdan min atlı keçdi”, “Seçilmiş əsərləri”, “Özüm yazmaq istərdim” - tərcümələr, “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” - monoqrafiya, “Seçilmiş əsərlər”, 7-cilddə, bu cildlərə əlavə tərcümələrdən ibarət 2 cilddə - “Özüm yazmaq istərdim” və “Tom dayının daxması” və s. kitabları yazıçı qəlbindən oxucu qəlbinə uzanan cığırlardır. Burada təkcə bir yazıçının, qəhrəmanın duyğuları deyil, böyük bir türk ulusunun, Azərbaycan millətinin düşüncələri, hissləri, əsrlərə uzanan tarixi əks olunur. Bu tarix Hidayət Orucovun timsalında dünyanı qarış-qarış dolaşır, getdiyi hər yerdə “biz türkük!” nidalarını qürurla səsləndirir.

Lakin bütün dünyanı dolaşan Hidayət Orucov bu böyük dünyanı cəmisi bir kəndə- Maralzəmiyə sığdırmağı bacarıb. Onun 80 illik ömrünün, həyat və fəaliyyətinin xülasəsini cəmi bir neçə ad ifadə edir: Zəngəzur, Meğri, Maralzəmi, Qərbi Azərbaycan, Qarabağ, ?ətən, torpaq, xalq və borc...

Borc?!

Ötən il onunla müsahibəmdə özü bunu ən yaxşı şəkildə ifadə etmişdi: “Mən kəndimizdən çıxanda qəlbimdə dəli ümid vardı. Fikirləşirdim ki, İrəvanda 1948-ci ilə qədərki Azərbaycan kultunu, mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dirçəldəcək, inkişaf etdirəcəyəm. Özümü xalqım qarşısında, yurdum qarşısında borclu hesab edirdim. Bunun üçün də bütün ömrüm boyunca çalışdım. Amma hər zaman özümü kəndimizə, Vətənimizə borclu hesab etmişəm”.

“Hələ xəbərin yox, a bəxti qara, Vətəndən böyükdür Vətənin yükü”- deyən şair az qala bir ömürdür bu yükü həm çiyinlərində, həm də qələmində “gəzdirir”. Zəngəzur Hidayət müəllimin alın yazısı, tale qisməti, ana sözüdür. Bütün poeziyasından qızıl xətlə keçən bu adı şair zaman-zaman ilahiləşdirə də bilir:

Ozan mahnısında dillənir hünər, -Sazı da, sözü də zəngəzurludur,

Tale bəxşişidir, vallah, deyərlər:

Allahın özü də zəngəzurludur.

Harada olmasından, dünyanın hansı səmtinə getməsindən asılı olmayaraq, orada Zəngəzurdan bir nişanə görür, tapır, ya da tapmaq istəyir. Qəlbində, ruhunda daşıdığı Zəngəzuru, Maralzəmini özü ilə diyar-diyar dolaşdırır, yurd-yurd gəzdirir. 2011-ci ildə yazdığı “Ceviz ağacı” essesində bunun bir daha şahidi oluruq:

“Fikirləşirdim: görəsən, Zəngəzurun ceviz ağacları qocamandır, yoxsa Gülhanə Parkının? Həmişə mənə elə gəlib ki, Maralzəmidə, arxa bağçamızdakı ceviz ağacı qocamandır Gülhanə Parkındakından. İçimdə Nazimin şeirinin digər misraları səslənir:

Budak-budak, şehram-şehram

ihtiyar bir ceviz...

Parkda ixtiyar, qocaman ceviz ağacı olar? Özü də dənizlərin qovşağındakı parkda?! Parkda ceviz ağacı deyəndə mənim təsəvvürümə həmişə gənc, heç olmasa, qocalmamış ceviz ağacı gələ bilər. Maralzəmidəki ata-baba evimin arxa baxçasındakı ceviz ağacı qocamandır. Ancaq dibindən axan kənd arxı onu bir az da ixtiyarlaşdırıb, qocaldıbdır. Arxın suyu Maralzəmi dağlarının sərin, saf bulaqlarından olsa da”. 

Şairlik taledir, ya seçim? Görəsən, hansısa şairə seçim verilsəydi, o, yenə də şair olardımı? Lap elə Hidayət müəllim özü ilk dəfə nə zaman, hansı ehtiyacdan, hansı duyğularla sarılıb qələmə, fərqinə varıb şairlik ömrünün? Bunu biz bilmərik. Soruşsaq, bəlkə özü də cavab verməkdə tərəddüd edər. Amma bir şey aydındır ki, şairi şair edən elə bu dünyanın özüdür, onun gərdişidir. Yəni bəlkə də şairi dünya özü seçir?! Şair Hidayət də bu dünyanın seçdiklərindəndirmi?! Deyəsən, özü də bunun fərqindədir. Yoxsa deməzdi ki:

Qaranlıq şübhələr, bəyaz yalanlar

Könüldən biryolluq üzülən deyil.

Bu gün yalan olur dünən gördüyün-

Heyrətdən düz yolda büdrədim, azdım.

...Dünya, sirli dünya, haçansa, bir gün

Düzələn olsaydı, şeir yazmazdım.

Şair özü də yaxşı bilir ki, bu dünya düzələn deyil, belə gəlib, belə də gedəcək. Ən azından insanlığı, bəşəriyyəti şairsiz, şeirsiz, sözsüz qoymamaq üçün. Amma şair də insandır axı. Onun da yorulduğu, usandığı, bezdiyi olur. Yenə də qələm çatır imdada:

Görürəm ki, öz halımı soruşmağa,

Öz dərdimi bilməyə də macalım yox,

Öz xoşumla, öz arzumla

ölməyə də macalım yox.

Bu misraları oxuyarkən bir fikir keçdi beynimdən: “Nə yaxşı ki, o macal yoxdur!” Siz baxmayın, şairin hərdən bu cür bədbinliyə qapıldığına. Əslində isə o, hərdən düzəlməyəcəyini düşündüyü “dünyada ədalətli insanlar ədalətsizlərdən, haqlılar haqsızlardan çoxdur”- deyərək yenə də ümidindən, inamından qalmır. Məhz bu inamın işığında dəyərli ədibimizi 80 illik yubileyi münasibəti ilə “Yeni Azərbaycan” qəzetinin kollektivi adından təbrik edir, ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Şahanə MÜŞFİQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
yeniazerbaycan.com

1Mənbələr