AZ

Ulan-Bator hansı hesaba Putinə qucaq açdı?

Image

Sədrəddin Soltan: "Monqolustan Rusiyaya geniş çeşiddə heyvandarlıq məhsulları ixrac edir, Sibirdə monqollar geniş bazarlar açıb"

Rusiya prezidenti Vladimir Putin Monqolustana səfər edib. Bu, onun 2023-cü ildən bəri Roma Əsasnaməsini imzalayan və Rusiya liderinin Ukraynaya hücum zamanı hərbi cinayətlərdə şübhəli bilinərək həbs olunmasına order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanıyan ölkəyə ilk səfəridir.

Putinin təyyarəsi bazar ertəsi axşam saatlarında Monqolustanın paytaxtı Ulan-Batora eniş edib. Orada onu fəxri qarovul dəstəsi qarşılayıb və qırmızı xalça üzərindən keçib.

Çərşənbə axşamı səhər Putin Monqolustan Prezidenti Uxnaqiyn Xurelsux ilə rəsmi görüş mərasimi üçün Ulan-Batorun mərkəzinə gəlib. Bundan sonra onlar Dövlət Sarayında dar tərkibdə danışıqlar aparıblar.

Monqolustan "Freedom House"un azad və demokratik hesab etdiyi ölkələrdəndir, BCM-nin Roma statutunu qəbul edib. Amma bununla belə, Vladimir Putin bu ölkəyə həbs oluna biləcəyindən çəkinmədən səfər edir, hətta Ulan-Batorda gecələyir. Bəs Monqolstanın maraqları nədən ibarətdir ki, beynəlxalq təpkileri, sanksiyaları gözardı edərək, Roma statutunun 8-ci maddəsinə dair öhdəliklərinə məhəl qoymadan Rusiya prezidentinin sərbəst və təhlükəsiz səfərini təşkil edir?

Bu sualı siyasi şərhçi Sədrəddin Soltanla müzakirə etdik: "Putin üçüncü dövlət başçısıdır ki, haqqında BCMi axtarış-həbs qərarı seçib. Bundan əvvəl Sudanın keçmiş prezidenti Bəşir və Liviyanın keçmiş prezidenti Qəddafi haqqında həbs qərarı çıxarılıb. Putinin CAR-a və Ermənistana səfəri məhz bu səbəbdən təxirə salındı. Fikrimcə, bu məsələ ölkənin yalnız Roma statutunu qəbul etməsi ilə deyil, həm də hakimiyyətin siyasi iradəsindən asılıdır. Yəni Rusiya CAR və Ermənistan hakimiyyətinə güvənmədiyinə, onların bu səlahiyyətlərindən istifadə və ya buna cəhd edəcəklərindən sübhələndiklərinə görə Putinin həmin ölkələrə səfəri təxirə salındı. Amma Monqolstanı Rusiyanı özünə yaxın ölkə hesab edir və əmindir ki, orada prezidenti bu kimi təhlükə gözləmir. BCM rəsmiləri Monqolustanın bu addımıni pisləsə də rəsmi, Ulan-Batoru cəza gözlədiyi barədə bir söz deməyiblər. Bu bir daha onu göstərir ki, dövlət maraqları və qanunları bütün beynəlxalq qanunlardan üstündür. Monqolustan öz maraqlarını daha üstün tutdu və ona tətbiq ediləcək cəzaları gozaltına alaraq, Putinin ölkəsinə rəsmi səfərinin reallaşmasına imkan yaratdı".

Monqolustanın bu səfəri reallaşdırmaqda marağına gəldikdə, siyasi şərhçi bildirdi ki, Rusiya rəsmi Ulan-Bator üçün böyük bir bazardır: "Monqolustan Rusiyaya geniş çeşiddə heyvandarlıq məhsulları ixrac edir, Sibirdə monqollar geniş bazarlar açıb. Yeri gəlmişkən, Monqolustan Rusiyaya qarşı tətbiq edilən sanksiyalara da qoşulmayıb.

Digər tərəfdən, Rusiya genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirir. Qarşıdan gələn qıs aylarında rəsmi Moskvaya əsgərləri geyindirməyə külli miqdarda isti geyim lazımdır. Bunu isə Monqolustan ixrac edə bilər. Monqolustan bu fürsətdən istifadə edib, öz iqtisadi maraqlarına doğrü irəliləyir. Amma rəsmi Ulan-Bator Putini həbs etsə nə qazanacaq? Əlbəttə, yalnız quru təşəkkür qazana bilər. Monqolustan hakimiyyəti o quru təşəkkürləri deyil, iqtisadi dividendləri seçdi.

Bununla yanaşı, Monqolustanın keçmiş SSRİ ilə ciddi əlaqələri olub, onu 16-cı respublika hesab edirdilər. Monqolustan gəncləri SSRİ-də vaxtilə təhsil alıb. Bu səbəbdən Monqolustanda rus mədəniyyəti yayğindır. SSRİ vaxtılə Monqolstanın Yaponiya qoşunlarından təmizlənməsində - məşhur Xalxinqol döyüşündə ona dəstək olub. Yəni bu ölkələr arasında həm tarixi bağlılıq ənənələri var, həm də müasir mərhələdə maraqları üst-üstə düşür. Ona görə də dost ölkə kimi Putin Roma statutuna məhəl qoymadan Monqolustana səfər edir, hələ orada gecələyir də..."

Dəniz NƏSİRLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
baki-xeber.com

1Mənbələr