AZ

Fernando Santos: “Millidə qələbə qazanmaq istəyi görürəm”

Azərbayan millisinin baş məşqçisi Fernando Santos UEFA Millətlər Liqasında İsveç yığmasına qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Yığmamızın baş məşqçisi Fernando Santos bu gün matçdan öncə keçirilən mətbuat konfransında bunları dilə gətirib:

“Bu gün ikinci məşqimiz olacaq, artıq biri olub. Məşqdən öncəki iclaslarda millinin zəif nöqtələrini müzakirə etmişik. Oyunçuların texniki olaraq bəzi narazılıqları var, bu barədə müzakirəmiz oldu. Futbolçular özləri də başa düşür ki, çətinliklərimiz olacaq. Amma qələbə qazanmaq üçün istək görürəm.

Qayğılı deyiləm, mənim kefim yaxşıdır. Sadəcə, sabah oyunumuz var və ona hazırlaşırıq. İsveç millisi güclü və ciddi komandadır. Onların yeni baş məşqçisi var. Rəqibin son dörd oyununu izləmişik. Nəyə görə son 4? Ondan əvvəlki oyunlar bizə maraqlı deyil. Çünki başqa məşqçi idi. İsveç millisinin güclü və zəif nöqtələri var. Biz onların zəif nöqtələrinə fokuslanmışıq. Bu gün iclasda futbolçularla birlikdə rəqibin bəzi oyunlarını izləmişik. Oyunçularımıza başa salmışıq ki, İsveçin hansı boşluqları var, hücumları necə qarşılayaq və əks-hücuma necə çıxaq.

Futbolçularımızın fiziki durumlarından razıyam. Klubdan gəldikləri fiziki formaları yaxşıdır. Heç bir problem görmürəm. Oyun zamanı futbolçuların bir-birilərinə uyğunlaşması lazımdır. Komanda olaraq sabahkı matça konsentrasiya olmuşuq. Səbrli olun, hər şeyi görəcəksiniz”.

“İsveçə yenə qalib gəlmək istəyirik” – Emin Mahmudov

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov da mətbuat konfransında iştirak edib və fikirlərini paylaşıb:

“Sabah bizi çox yaxşı komandaya qarşı oyun gözləyir. Yaxşı oyun göstərməyə çalışacağıq. Rəqibin yaxşı futbolçularının olduğunu bilirik. Amma bizim də məqsədimiz var. Qalib gəlmək istəyirik.

İsveçə qarşı son matç karyeramın ən yaxşı oyunlarından biri oldu. Sabah da komandaya kömək edəcəyəm. Allah qoysa, yaxşı oynayarıq. Maksimum diqqətli olmalıyıq. Bizi çox yaxşı rəqib və çox güclü oyunçular gözləyir. Çalışacağıq ki, mübarizə göstərərək, öz futbolumuzu oynayaq. Çox kompakt, topla oynamağa çalışacağıq. Alınacaq ya yox, bunu zaman göstərəcək.

Yeni baş məşqçimiz var. Onun rəhbərliyi altında normal bir məşq keçirdik. Yavaş-yavaş onun oyun fəlsəfəsini həyata keçiririk.

Heç vaxt klubdakı problemləri milliyə gərtirməmişəm. Çalışmışam ki, hərəsinə ayrı-ayrı yanaşım. Milliyə gələndə heç nə düşünmürəm. Problemlər çox olur. Amma kənarda qoyub, millini düşünürəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
arena.az

10Mənbələr