AZ

MSK seçkidən sonra ilk iclas keçirdi: “Şikayətlər araşdırılacaq”

Yayımlandı: 4 Sentyabr 2024 17:25 Məzahir Pənahov: “Kimsə deməsin ki, MSK-da məsələlər gizli aparılır” Mərkəzi Seçki Komisisyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 1-də keçirilən növbədənkənar seçkilərlə bağlı şikayətlərin və sosial şəbəkələrdə yayılan video-görüntülərin araşdırılacağını deyib. Bu barədə sentyabrın 4-də Məzahir Pənahov Komissiyanın seçkidən sonra ilk iclasında danışıb. O bildirib ki, müraciətlər aidiyyəti yerdə araşdırıldıqdan sonra MSK-da baxılacaq: “Namizədlər müraciətlərini birinci dairə seçki komissiyalarına göndərməlidirlər”. MSK sədrinin fikrincə, Azərbaycan cəmiyyəti onların işini qiymətləndirəcək: “Sosial şəbəkədə olan görüntülər də araşdırılacaq və nəticəyə gələcəyik”. Pənahov beynəlxalq təşkilatlardan da narazılığını ifadə edib: “Əfsuslar olsun ki, çox vaxt beynəlxalq qurumlar, müraciət edənlər sona qədər iştirak etməkdən qaçırlar. Bu qədər kamera qarşısında danışırıq, araşdırırıq. Sabah bu sözümüzü dəyişmək olmaz. Çoxu deməsin ki, MSK-da məsələlər gizlin aparılır”. MSK sədri məntəqə komissiyalarının fəaliyyətindən ümumilikdə razı olduğunu vurğulayıb: “Bizə irad bildirirlər ki, seçkilər sakit keçib. Namizədə çox görüş yeri təyin etməyimizə az qala irad bildirilir. Halbuki hər namizəd 10 dəfə seçiciləri ilə görüş keçirib. Hansı məntəqədə pozuntu olubsa, biz onları araşdıracağıq. Mətbuat nümayəndələrində də hansısa pozuntu faktı varsa, bizə təqdim etsin”. “Milyonlarla insanın iştirak etdiyi tədbirdə hansısa pozuntu baş verə bilər. Ancaq MSK hər zaman eyni prinsiplə işləyib. Bizim haqqımızda nə deyilir, nə yazılır qəti bizim üçün əhəmiyyəti yoxdur. Bizə lazımdır ki, Azərbaycan vətəndaşları görsün ki, qəbul etdiyimiz qərarlar əsaslandırılmış qərarlardır. Hansısa məntəqədə pozuntu halı ilə bağlı bizə müraciət daxil olmayıbsa, biz onunla bağlı qərar qəbul edə bilmərik. Biz işimizi yüksək səviyyədə görəcəyik”, – deyə komissiya sədri fikrini yekunlaşdırıb. Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü də müşahidə edib. Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib. Bundan öncə də Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidəyə dəvət etməmişdi. Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir. Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib. Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar. Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
xural.com

1Mənbələr