AZ

İranın qisas cavabı NİYƏ GECİKDİ? – Tehran Təl-Əvivə gücünü göstərmək üçün…

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən bir aydan çox keçməsinə baxmayaraq, başda Əli Xamenei olmaqla İran siyasi-hərbi rəhbərliyinin İsraildən ağır intiqam alınacağı barədə hadisədən dərhal sonra verdiyi bəyanatlar söz olaraq qalıb.

“Azad İran”ın yaydığı məlumata görə, Haniyənin öldürülməsindən sonrakı ongünlükdə müxtəlif ölkələrin rəsmi şəxslərinin, ayrı-ayrı ekspertlərin, media qurumlarının İran və müttəfiqlərinin gah 72, gah 48, gah da 24 saat ərzində İsrailə hücum edəcəyi barədə həyəcanlı proqnozları təsdiqini tapmayıb.

İranın İsrailə vəd olunan cavabının indiyə qədər təxirə düşməsi ölkə mediasında müzakirə obyektinə çevrilib və bu yubanmanın səbəbləri barədə müxtəlif fikirlər irəli sürülüb.

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, İranın İsrailə qarşı birbaşa müharibə etməsi gözlənilən deyildi.

Onun sözlərinə görə, Tehran rəsmiləri öz bəyanatları ilə Təl-Əvivə təzyiq göstərmək istəyiblər: “İranın onsuz da İsrailə qarşı birbaşa müharibədən yayınması göz önündə idi, o, sadəcə müqavimət oxu vasitəsilə Təl-Əvivə təzyiq kampaniyasını davam etdirmək istəyirdi. Ancaq İranın İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsrailə qarşı söz verdiyi qisas cavabını gecikdirməsi prosesin arxasındakı hesablaşmaları analiz etmək zərurəti yaradır. Bu hesablaşmada İran-Rusiya danışıqlarından tutmuş, Vaşinqton-Tehran əlaqələrindəki razılaşmalara qədər diapazon yer alır”.

Siyasi şərhçi deyib ki, Rusiya İran-İsrail mümkün hərbi qarşıdurmasının Cənubi Qafqaz arenasını silkələməsindən, ABŞ isə Yaxın Şərq regionunda iplərin əlindən çıxacağından ehtiyat edib: “Buna görə də, İran həm Rusiyanın, həm də ABŞ-nin fərqli məntiqlərlə də olsa, üzərinə gəlməyindən ehtiyat edib İsrailə qarşı genişmiqyaslı hərbi reaksiyadan yayındı. Maraqlısı budur ki, İsmayıl Haniyənin ölümündən sonra İran Qəzzada atəşkəsə nail olmaq üçün diplomatik səylər göstərdi. Yəqin buna görədir ki, Tehran Haniyənin ölümünü Yaxın Şərqdəki siyasətinin güzəşt elementi yarada biləcəyinə ümid edir”.

A.Kərimovun qənaətincə, hazırda İran cavab tədbirləri planını diqqətdə saxlamaqla çəkindirmə gücünü göstərmək səylərini davam etdirir: “İran indi İsrailin daha da zəiflədiyi bir zamanda rəqibinə qarşı zərbə endirilə biləcək cəbhələri silahlandırır. Burada Livandakı “Hizbullah” cəbhəsi baş rollardan birini ifa edir. İsrailin kəşfiyyat qurumları isə hər hansı qəfil hücumların qarşısını almaq üçün “Hizbullah” və SEPAH daxilindəki hərəkətləri və kommunikasiyaları izləyir”.

Ayşən RƏHİM

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
50
medianews.az

10Mənbələr