AZ

Anxel Di Mariya birgə çalışdığı ən pis məşqçinin adını açıqladı

“Benfika”nın yarımmüdafiəçisi Anxel Di Mariya futbolçu karyerası ərzində çalışdığı ən pis və ən yaxşı məşqçilərin adlarını açıqlayıb.

Arena.az “The Sun” dərgisinə istinadən məlumat verir ki, argentinalı futbolçu “Mançester Yunayted”in keçmiş baş məşqçisi, niderlandlı mütəxəssis Lui van Qalı karyerasının ən pis çalışdırıcısı adlandırıb:

“Ən pisi Van Qaldır. Mən sizi buna heç bir şübhə etmədən əmin edə bilərəm. Sadəcə soruşmamışdan əvvəl biləsiniz. Əgər hər hansı bir şübhəniz varsa, onu indi sizin üçün aydınlaşdıraram”, deyə Di Mariya eyhamla vurğulayıb.

Qeyd edək ki, Argentina millisinin sabiq üzvü 2014/15 mövsümündə “Mançester Yunayted”in heyətində Van Qalın rəhbərliyi altında çıxış edib. Həmin mövsüm o, karyerasının ən zəif dönəmlərindən birini keçirib (27 oyuna 3 qol).

Ən yaxşı çalışdırıcıları arasında Di Mariya argentinalı mütəxəssislər – Argentina yığmasının sabiq baş məşqçisi, mərhum Alexandro Sabelya, eləcə də hazırkı məşqçi Lionel Skalonini fərqləndirib:

“Üçüncünün adını çəkmək çətindir. Çoxlu məşqçilərim olub. Mourinyo, Ançelotti. O qədər yaxşı mütəxəssislərin heyətində oynamışam ki, seçmək çətindir”, deyə argentinalı futbolçu bildirib.

Anxel Di Mariya 2023-cü ilin yayından “Benfika”da çıxış edir. O, 2007-2010-cu illər aralığında da Portuqaliya klubunun uğurları üçün çalışıb. Argentinalı bu komandada 175 oyuna çıxıb, 32 qol vurub, 43 assist edib.

Təcrübəli futbolçu karyerası ərzində PSJ (295 oyun, 93 qol, 119 assist), “Real” (190 oyun, 36 qol, 85 assist), “Yuventus” (40 oyun, 8 qol, 7 assist), “Rosario Sentral” (39 oyun, 6 qol, 2 assist) və “Mançester Yunayted” (32 oyun, 4 qol, 12 assist) kimi klublarda da forma geyinib.

Di Mariya Qətərdə dünya çempionu olduğu Argentina yığmasının heyətində 145 oyun keçirib. O, bu oyunlarda 31 qola imza atıb, 32 məhsuldar ötürmə edib. Təcrübəli oyunçu bu il milli karyerasını sonlandırdığını açıqlayıb. Di Mariya milli komanda ilə həm də 2 dəfə Amerika Kubokunun qalibi olub, 1 dəfə Olimpiya çempionu, 1 dəfə də “Finalissimo”nun qalibi adını qazanb.

“Transfermarkt” internet-portalı 36 yaşlı futbolçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
arena.az

1Mənbələr